Payız və qış fəsillərində orqanizmin immuniteti aşağı olduğu bir zamanda insan tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir. Bəs immunitet nədir və onu necə gücləndirmək olar?
İmmunitet-orqanizmin sahib olduğu bioloji müdafiədir ki, o orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur. İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb etmişdir. Əvvəllər elmin zəif inkişaf etdiyi dövrlərdə insanlar bir sıra epidemiyaların səbəblərini fərqli başa düşür, belə ki, yalnız fövqəltəbii qüvvələrlə əlaqələndirirdilər. İmmunitetin mexanizmi haqqında ilk geniş yayılmış nəzəriyyə fransız tədqiqatçısı Paster tərəfindən verilmişdir. Onun “tükənmə nəzəriyyəsi” bu sahədə qiymətləndirilirdi. Zaman keçdikcə bu nəzəriyyə özünü doğrultmadı. Lakin buna baxmayaraq Lui Paster immunologiyanın formalaşmasında xüsusi rol oynamışdır.
İmmunologiyanın bir elm kimi formalaşmasında rus alimi Meçnikovun da xüsusi xidmətləri olmuşdur belə ki, tədqiqatçı faqositoz haqqında nəzəriyyəni ilk dəfə irəli sürmüşdür. Bu prosesdə iştirak edən hüceyrələri faqositlər adlandırmışdır. Meçnikov tərəfindən immunitetin faqositar nəzəriyyəsi yaradıldı. Bundan başqa immmunologiyanın formalaşmsında Paul Erklix və Robert Koxun da xidmətləri olmuşdur. İmmunitet zəifləyibsə, immun sistemi hüceyrələrinin orqanizmi qorumaq qabiliyyəti aşağı düşübsə, bu insanı bütün xəstəliklər qarşısında aciz və çarəsiz edir.
Bir sözlə, yüksək immunitet sağlamlığımızın fundamentidir və bu fundament yoxdursa, səhhətimiz yerlə-yeksan olar, həyatımız sonuna doğru yaxınlaşar. Bir daha xatırladaq ki, immun sistem insan orqanizmində iki vacib prosesə cavabdehdir: Birincisi, orqanizmi müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur. İkincisi isə öz işini başa vuran və ya zədələnən, həmçinin qocalmış hüceyrələri əvəzetmə işi ilə də məşğul olur. İmmunitetin bu işlə məşğul olan milyardlarla hüceyrəsi (makrofaqlar, faqositlər. limfositlər), immunoqlobulin zülalı və s. vardır. İmmun çatışmazlığına çox şey səbəb ola bilər, onların arasında qeyri-düzgün qidalanma, stress, mənfi emosiyalar, az hərəkətlilik, təmiz havada az olmaq, yuxusuzluq və s. önəmli yer tutur. İnsan xəstələndikdə də immunitet zəifləyir, məsələn, qrip virusları orqanizmin immun reaksiyasını tormozlayır. Havanın müxtəlif kansorogenlərlə (kimyəvi maddələr, radiasiya və s.) zəhərlənməsi də immun reaksiyaya mənfi təsir göstərir. Dünyadakı bütün xəstəliklərin 80%-i immun sisteminin işinin pozulması ilə bağlıdır. Bəs, immun çatışmazlığını necə aradan qaldırmaq və immuniteti necə gücləndirmək olar? Hazırda xəstəliklərin profilaktikası kimi immun dərmanların qəbulu da az qala “dəbə” düşüb. İmmunoloqlar belə dərman preparatlarının təsir gücünü iki növə ayırır ki, onların həm müsbət, həm də əlavə təsirləri vardır.
Həkimlərin bir çoxu immuniteti gücləndirmək üçün onun işini stimullaşdırmağı tövsiyə edirlər. İmmunostimulyatorlar - adından da göründüyü kimi immun hüceyrələrinin çoxalmasını stimullaşdırırlar. Qrip olarkən ağır infeksiya xəstəliklərində, həmçinin taqəti tükənən və tez-tez xəstələnən insanlar üçün bu stimullaşdırıcı preparatlar əvəzedilməzdir, onların zəifləmiş immun sistemini gücləndirmək üçün ehtiyacı vardır. Lakin bu xüsusiyyət immun hüceyrələrinin artımı autoimmun xəstəliklərində revmatoid artrit, şəkərli diabetdə insulin aslılığı, diffuziyalı toksik zobda, autoimmun tireoiditdə, sklerozda və hətta broxial astmanın müxtəlif formalarında fəsadlara səbəb ola bilər. Bu xəstəliklərdə immun sistemi doğma toxumaları yad sayır və onları məhv etməyə başlayır. Ümumiyyətlə, stimullaşdırma və immuniteti nəzarətsiz qaldırma orqanizm üçün çox təhlükəlidir. Məsələn, təsəvvür edin ki, çox yorulmuş ata minmisiniz, o, nəinki dördnala çapmaq istəyir, hətta ayaqlarını yerdən qaldırmağa belə taqəti yoxdur. Siz isə onu qamçılayırsınız və yeriməyə məcbur edirsiniz. Hazırda bir çox adamlar yalnız immun çatışmazlığından yox, həm də onun güclü qalxmamasından şikayətlənirlər. Bu isə o deməkdir ki, immun hüceyrələri yalnız “yadlar”la (virus, bakteriya, mikrob) deyil, orqanizmin doğma hüceyrələri ilə də savaşırlar. Yəni immunitet yüksək olduqda doğmanın “özgə” sayılması, yəni autoimmun prosesi baş verir və bu immunodefisitdən heç də az təhlükəli olmayan xəstəliklərə səbəb olur. Beləliklə, aşağı düşən və ya yuxarı qalxan immunitet tənzimlənməyən immunitetdir. İmmunitetin normal işləməsi üçün yeganə düzgün qərar onun işinin tam tənzimlənməsidir. Yəni, əsas balansı qorumasıdır.
İmmunomodulyatorlar seçim etməklə, immun sisteminin işini tənzimləyir və dəyişirlər. Yəni əgər immunitet zəifləyibsə, immunomodulyatorlar onu gücləndirir, immun hüceyrələrin yüksək fəallığında isə (autoimmun xəstəliklər və şişlərdə) onların hərəkətini sıxışdırır, təzyiq altında saxlayırlar. Normal immun status zamanı modulyatorlar praktiki olaraq immun sisteminə heç bir təsir göstərmirlər. Aydındır ki, immunoterapiyada immun sisteminin müalicəsində üstünlük məhz immunomodulyatorlara verilir. Özü də bir çox bitkilər eyni zamanda immun reaksiyalarını stimullaşdırıcı və zəiflədici maddələrə malikdirlər. Ən məşhur bitki immunomodulyatorları - jenşen, eleuterokokk, exinaseya, aloe (əzvay), kalanxoe, çaqa göbələyi, bal, propolis (vərəmum) və sarımsaq hesab edilir. Bu məhsullar allergiyanın müxtəlif formalarından əziyyət çəkən insanlar üçün məsləhət görülmürlər. Bundan başqa, bronxial astması olanlar propolis və sarımsağı ehtiyatla yeməlidirlər. Uzunmüddətli və nəzarətsiz immunostimulyator qəbulu nəticəsində orqanizm interfronların hazırlanmasını dayandırır. İnterfron orqanizm üçün əsas “qoruyucu” maddədir. İmmun sistem olmasa, bakteriya və viruslarla mübarizə aparıla bilməz.
Payız və qış aylarında xəstəliklərə qarşı mübarizə aparmaq üçün həm bitki və həm də kimyəvi dərmanlara daha çox ehtiyac duyulur. İnsan qanı əsasında yaradılmış immunpreparatlar yüksək səviyyədə interferon hazırlanmasına hesablanmışdır. İnterferon zülalı həm virusların çoxalmasının qarşısını alır, həm də immunostimulyator rolunu oynayırlar. İmmun dərmanlarının qeyri-düzgün qəbulu fəsadlar verə bilər. Digər tərəfdən isə təbii vasitələr nə qədər yumşaq təsir göstərsələr də unutmaq olmaz ki, onlar da dərmandırlar. Başa düşmək lazımdır ki, immun sisteminin profilaktikası üçün onun “qamçılanmağa” ehtiyacı yoxdur. Ona kömək etmək, gerçəkdən də zəifləyibsə, stimullaşdırmaq lazımdır. Qalan vaxtlardasa sağlam həyat tərzi və vitamin qəbul etmək yetərlidir.
Aşağıdakı reseptlə immuniteti gücləndirmək mümkündür:
Bu reseptin vətəni Almaniyadır və onu “qızıl resept” adlandırmışlar. Cövhər üç güclü inqrediyentlərdən: zəncəfil, sarımsaq və limondan ibarətdir. Bitkilərin hər biri özlüyündə çox faydalıdır, amma onlar birləşəndə daha böyük möcüzələr yarada bilir. Sarımsaq güclü fitonsid olub, antiseptik və antibakterial xüsusiyyətləri ilə tanınır. Tərkibində çoxlu mikroelementlər: natrium, kalium, kalsium, sink, fosfor və mis vardır. Bundan başqa, sarımsaq C, B6 vitaminləri və manqanla da zəngindir. Zəncəfil təbii antioksidant mənbəyi kimi tanınır. Həmçinin o, həzm problemlərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Zəncəfil heyrətamiz xüsusiyyətlərə malik olan bitki hesab edilir. Belə ki, tərkibinə daxil olan maddələr yoğun bağırsaq xərçənginin profilaktika və müalicəsi üçün effektiv vasitədir. Nəhayət, limon C vitaminin mənbəyi (anbarı) hesab olunur. Limon orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir, immun reaksiyaları, mübadilə proseslərini, sürətləndirir və eyni zamanda tarazlaşdırır. Limon, zəncəfil və sarımsaq qarışığı arteriyal təzyiqlə (hipertoniya) mübarizədə gözəl və səmərəli vasitədir.
Bu məcunun hazırlanması üçün 4 ədəd limon, 4 diş sarımsaq, sürtgəcdən keçirilməli və üzərinə 2 xörək qaşığı zəncəfil və 2 stəkan su əlavə etmək lazımdır. Limon və zəncəfil ehtiyatla yuyulur. Limon qabığı ilə birlikdə doğranılır. Sonra sarımsaq və zəncəfil təmizlənir və birlikdə blenderdən keçirilir. Qarışıq qazana tökülür və üzərinə 1,2 litr adi bulaq suyu əlavə edilir. Qarışıq qaynayana qədər daim qarışdırılır. Qaynayana yaxın məhlul şüşə bankaya süzülür və soyuducuda saxlanılır. Hazırlanmış məhlul səhər yeməyinə 2 saat qalmış acqarına 1 stəkan içilir. Müalicə kursu üç həftə ərzində davam etdirilməlidir. Zövq üçün içkiyə bal da əlavə etmək olar. Sonra bir həftə fasilə verməklə müalicəyə yenidən başlamaq mümkündür. Bu cövhər qan təzyiqini tənzimləməyə, sabitləşdirməyə, ümumi vəziyyəti yaxşılaşdırmağa, immuniteti möhkəmləndirməyə və qısa müddətdə damarları təmizləməyə kömək edəcək.
Ramiz ƏLƏKBƏROV, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun İnnovasiya və elmi-istehsalat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent