Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərbaycan Milli Elmlər Akademiyası simalarda”  kitabı  görkəmli alimlərin ailə üzvlərinə hədiyyə olunub
17.08.2021 18:30
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı görkəmli alimlərin ailə üzvlərinə hədiyyə olunub

Görkəmli alimlərimizin ailə üzvləri AMEA prezidentinə minnətdarlıqlarını bildiriblər                                                                                  

Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyət göstərdiyi 75 il ərzində böyük və uğurlu yol keçib, ölkəmizin intellektual potensialının möhkəmlənməsinə dəyərli töhfələr verib. Bu dövr ərzində AMEA respublikada fundamental və tətbiqi elmin mərkəzinə çevrilərək ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, eləcə də elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb.

Azərbaycanın elm tarixində şərəfli bir missiyanı həyata keçirən bu elm məbədi ölkəmizdə saysız-hesabsız alim və ziyalıların yetişdirilməsi, onların dünya arenasında tanıdılması, eləcə də azərbaycançılıq və müstəqillik ideyasının möhkəmləndirilməsinə əvəzsiz töhfələr verib. AMEA fəaliyyət göstərdiyi illər ərzində ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş fərman və sərəncamların, dövlət proqramlarının icrasında fəal iştirak edib.

Xəbər verdiyimiz kimi, AMEA-nın 75 illik yubileyi ilə əlaqədar qurumun fəaliyyətinin geniş işıqlandırılması, bu mötəbər elm ocağının yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olan, elmi məktəblər yaratmış görkəmli alimlərin tanıdılması, eyni zamanda, elmin təbliği və cəmiyyətdə elmə marağın artırılması məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 7 iyul 2020-ci il tarixində sərəncam imzalayıb. AMEA-nın üzvlərinə həsr olunan “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı məhz bu sənədə əsasən nəşr olunub.

Kitabda AMEA-nın həqiqi və müxbir üzvləri, eləcə də fəxri və xarici üzvlər haqqında məlumatlar toplanıb. Nəşrdə 75 il ərzində öz əməyi ilə Azərbaycan elminin inkişafına əvəzsiz töhfələr vermiş, elmi məktəblər yaratmış, respublikamızın ümumi inkişafında fəal rol oynamış görkəmli alimlər haqqında ətaflı məlumatlar yer alıb.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq məktubu ilə “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı bu nəşrdə həyat və fəaliyyəti haqqında məlumatlar əks olunmuş AMEA-nın dünyasını dəyişmiş həqiqi və müxbir üzvlərinin ailələrinə hədiyyə edilib.

Azərbaycan elminə mühüm töhfələr vermiş, elmi məktəb yaratmış, dünyasını dəyişmiş alimlərimizin ailə üzvləri AMEA rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Müraciətlərdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə böyük mənəvi dəyəri olan “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabının ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə dərin minnətdarlıq ifadə olunub. Qeyd olunub ki, bu nəşr görkəmli alimlərimizin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq, Azərbaycan elminin müəyyən dövr və mərhələləri ilə bağlı dolğun məlumatlar əldə etmək və görkəmli alimlərimizin yaratdıqları elmi məktəbləri qoruyub saxlamaqla onların xatirəsini əbədiləşdirmək baxımından gələcək nəsillərə ərməğandır.

Xalqın mənəvi dirçəlişi və elmi tərəqqisində aparıcı qüvvəyə çevrilmiş, millətin oyanışı və mənlik şüurunun formalaşmasında müstəsna rolu olan dəyərli ziyalılarımızın irsinin qorunub saxlanılması, onların yaradıcılığının öyrənilməsi, təbliği və təşviqi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: