Yaponiyada fəaliyyət göstərən dünya şöhrətli azərbaycanlı alim, yeni nəsil displey ekranlar sahəsində tanınmış mühəndis, professor Xəlil Kələntər bütün dünyada geniş istifadə olunan texnologiyalardan olan fotoaparatlar, kameralar, elektron şüa qurğuları, mikrosxemlər, plazma monitorları, maye kristal monitorların hazırlanmasında böyük xidmətləri ilə seçilən alimlərimizdəndir.
Professor Xəlil Kələntər dünya elminə verdiyi böyük töhfələri, əldə etdiyi elmi nailiyyətləri nəzərə alınaraq bu günlərdə 27 mart - “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.
Alim hazırda Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Yamaqata Universiteti ilə birgə icra etdiyi layihələrdə yaxından iştirak edir.
Çoxsaylı patent və ixtiraların müəllifi olan, LCD monitorun əsas yaradıcılarından biri hesab edilən professor Xəlil Kələntərlə müsahibəni təqdim edirik:
- Xəlil bəy, bildiyimiz kimi, əldə etdiyiniz yüksək elmi nəticələrinizlə dünya elmi ictimaiyyəti arasında böyük nüfuz qazanmısınız. Elmi və praktiki nailiyyətləriniz beynəlxalq elm aləmində yüksək qiymətləndirilir. Bu uğurlarınızın arxasında hansı məqamlar dayanır?
- Əldə etdiyim elmi uğurlar arasında ekran texnologiyalarının – LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradılması əsas yerdə dayanır. Tədqiqatlarımın genişləndirilməsində 1981-ci ildə Yaponiyaya gələrək burada on il Naqoya Universitetində çalışmağımın böyük rolu olub. Doktorluq dərəcəsini Naqoya və Tohoku universitetlərində almışam.
Ekran texnologiyalarının hazırlanması istiqamətində apardığım tədqiqatları genişləndirmək üçün Yaponiyada bir şirkətdə fəaliyyətə başladım. Bir həftə ərzində yeni texnologiyanı işləyib hazırlamağım şirkət rəhbərliyinin böyük marağına səbəb oldu.
1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışıram. “Fujitsu” şirkəti ilə əməkdaşlıq çərçivəsində işləyib hazırladığım nəzəriyyə 1996-cı il oktyabr 13-də qəbul edildi. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratmışam. Bununla yanaşı, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıyam.
- Hörmətli Xəlil bəy, əldə etdiyiniz elmi nailiyyətlərin əsas istiqamətləri hansılardır? Bu barədə məlumat verməyinizi istərdik.
- Məlum olduğu kimi, müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) sürətlə inkişaf etməkdədir. Bu gün İKT-nin gündən-günə inkişaf etməsi yeni texnoloji nailiyyətlərin əldə edilməsinə səbəb olan əsas amillərdəndir. Biz də texnologiyaların inkişafına öz töhfəmizi vermək üçün bütün potensialımızı səfərbər etmişik.
Qeyd edim ki, “SONY” şirkəti istehsal etdikləri texnologiyaların daha da təkmilləşdirilməsi və keyfiyyətli elektronika brendi üçün tədqiqatların aparılması məqsədilə mənə müraciət etmişdir. Tədqiqatlarımın nəticəsi olaraq bu brendin, eləcə də “VAIO” notbuklarının konsepsiyasını hazırlamışam.
Hazırda elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində üç kitabın, dünyanın müxtəlif yerlərində yayılmış 150-dan artıq elmi məqalənin müəllifiyəm. Həmçinin, yapon həmkarlarımla birlikdə altı kitabımız da nəşr edilib. Elektronika, yeni nəsil displey ekranlar sahəsində mütəxəssis kimi əsərlərim dünyanın bir çox dillərində, o cümlədən ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. Müəllifi olduğum bir sıra metodik vəsaitlər Yaponiyanın müxtəlif universitetlərində tədris vəsaiti kimi istifadə olunur. Həmçinin fəaliyyət göstərdiyim istiqamət üzrə mənə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.
- Məlum olduğu kimi, müəllifi olduğunuz “Backlight unit” və “Backlight optics” texnologiyaları bütün dünya ölkələrində geniş istifadə olunmaqdadır. Bir qədər də bu texnologiyanın imkanlarından bəhs edərdiniz.
- Bir çox portativ qurğularda LED-ekranlar işıqla təchiz edilmir, bu səbəbdən onlar xarici işıq mənbələrindən işıqlandırma tələb edir. Müasir ekranların əksəriyyəti isə inteqrasiya edilmiş işığı özündə ehtiva edir. LED işıqları (maye kristal displeyin arxa fon işıqları) televizor, kompüter və mobil telefonların əsas hissələrindən biridir. Arxa fon texnologiyalarından (“Backlight unit” və “Backlight optics”) hazırda smartfonlar, mobil telefon və kompüterlərdə, həmçinin avtomobillərdə geniş istifadə olunur. Bu texnologiyalar kiçik ekranlarda, həmçinin kompüter monitorlarında və LED televizorlarda aşağı işıqlanma dərəcəsi şəraitində oxunmanın yaxşılaşdırılması üçün tətbiq olunur.
Xüsusilə qeyd etmək istərdim ki, iPhone-ların ilk seriyasının hazırlanmasında, iPod nano versiyalarında təkmilləşdirdiyim bu texnologiyalardan istifadə olunub və onların hər birinin patenti alınıb.
- Sizin fikrinizcə, Azərbaycan elmini dünya elmi səviyyəsinə qaldırmaq, onun yüksək inkişafına nail olmaq üçün hansı işlər görülməlidir?
- Azərbaycanda elmin inkişafına nail olmaq üçün ilk növbədə, elmi tədqiqatların prioritetləri müasir dünya elminin inkişaf səviyyəsi və tələbləri əsasında müəyyənləşdirilməlidir. Bu məqsədlə fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının gücləndirilməsi vacib məsələlərdəndir.
Məlum olduğu kimi, İKT daxil olmaqla, müasir texnologiyaların işlənib hazırlanması qlobal səviyyədə inkişafın əsas şərtlərindən biri hesab olunur. Bu gün elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanmaqla müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi Azərbaycan dövlətinin də qarşısında duran prioritet vəzifələrdən birinə çevrilib. Son 15 ildə bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımların atıldığının şahidi oluruq.
Vurğulamaq istərdim ki, Azərbaycanda yerli texnologiyaların işlənib hazırlanması və bu texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bu sahənin inkişafına təkan vermək olar. Düşünürəm ki, AMEA bu işlərdə yaxından iştirak edən, elmimizin dünya səviyyəsində tanınmasına dəstək verən ən ali qurumlardandır.
- Azərbaycana səfəriniz çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatları ilə nəzərdə tutulan əməkdaşlıq əlaqələri əsasən hansı istiqamətləri əhatə edir?
- Bəli, Azərbaycana səfərimizin əsas məqsədlərindən biri AMEA-da texnologiya profilli müvafiq elmi müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu məqsədlə AMEA Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyaları İnstitutu və digər elmi qurumlarda görüşlər keçirilmiş, geniş fikir mübadiləsi aparılmış və qarşılıqlı əməkdaşlığın perspektivləri müəyyənləşdirilmişdir.
Əməkdaşlıq əlaqələrinin əsas istiqamətlərini apardığım tədqiqatların nəticələrinin, əldə etdiyim təcrübənin Azərbaycanla bölüşdürülməsi təşkil edir.
- AMEA-nın aprelin 27-də keçirilən Ümumi Yığıncağında “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmisiniz. Bununla bağlı təəssüratlarınızı bölüşməyinizi istərdik.
- Azərbaycan elminin dünya səviyyəsində tanıdılması istiqamətində bütün imkanlarımızı səfərbər etmək qarşımıza qoyduğumuz ən mühüm vəzifələrdən biridir. Əsas məqsədimiz Azərbaycan elminin inkişafı naminə bu istiqamətdə yorulmadan çalışmaqdır. Təbii ki, bu yolda bizə göstərilən hər bir diqqət doğru yolda olduğumuza işarə verir və elmin dünya səviyyəsində tanıdılması istiqamətində yorulmadan, inamla, etimadla çalışmağımıza bir stimul yaradır.
Belə bir ali mükafata, AMEA-nın Fəxri fərmanına layiq görülməyim mənim üçün olduqca əlamətdar hadisədir, böyük qürur və xoşbəxtlikdir. Elmi fəaliyyətimə göstərilən bu diqqətə və dəyərə görə AMEA rəhbərliyinə, xüsusən AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Haşımova, vitse-prezidentlər İsa Həbibbəyliyə və Rasim Əliquliyevə dərin minnətdarlığımı bildirirəm.
- Ölkəmizdə yetişən gənc tədqiqatçılara tövsiyələrinizi də bilmək maraqlı olardı.
- Əlbəttə, hər bir sahədə olduğu kimi, elm sahəsində də çətinliklərə rast gəlmək mümkündür. Lakin bu çətinliklər gəncləri ruhdan salmamalı, çətin və şərəfli yolda uğur qazanmaq üçün əllərində olan bütün vasitələrdən istifadə etməli, problemlərdən çəkinməyərək xüsusilə fundamental və tətbiqi elm sahələrində özlərini təsdiq etməyə maraq göstərməlidirlər.
Bunlarla yanaşı, gənclərə tövsiyəm odur ki, beyinlərinin məhsulu olan ideyaların qeydlərini ardıcıl və davamlı şəkildə aparsınlar. Ən kiçik ideyalardan belə böyük fikirlər yarana bilər.
Yaxın gələcəkdə fəaliyyət göstərdiyim istiqamət üzrə Azərbaycanda kadr hazırlığında yaxından iştirak etmək niyyətindəyəm. Bu məqsədlə müvafiq institutlarda yaradılmış beynəlxalq laboratoriyalarda birgə fəaliyyət barədə razılıq artıq əldə edilib. Düşünürəm ki, bu fəaliyyət hər iki tərəf üçün faydalı olacaqdır.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.