Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.07.2022 09:23
  • A-
  • A
  • A+

Arxeoloq alimlər Türkan kəndi yaxınlığında yerləşən abidələrə baxış keçiriblər

Arxeoloq alimlər Türkan kəndi yaxınlığında yerləşən abidələrə baxış keçiriblər

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov, t.ü.f.d., dosent İdris Əliyev, t.ü.f.d. Akif Quliyev və sözügedən müəssisənin elmi əməkdaşları Abşeron rayonunun Türkan kəndi yaxınlığında yerləşən Tunc dövrü yaşayış məskəninin, daş araba yollarının və Orta Tunc dövrü kurqanlarının yerləşdiyi ərazidə olublar.

Bakı-Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İ.Əliyev bildirib ki, Orta Tunc dövrünə aid üç kurqanın orijinal quruluşuna baxmayaraq, onlar zamanında qarət olunublar. Lakin bu kurqanların hər üçünün ətrafı daş dairə (kromlexlə) əhatə olunduğundan, çox unikaldır.

Tunc dövrü yaşayış yerinin qalıqları olduğu kimi qalır. İ.Əliyev burada bir müddət apardığı arxeoloji qazıntıların nəticələri haqqında məlumat verib. Lakin abidədə arxeoloji qazıntı işləri tam başa çatdırılmayıb.

Daş yolların taleyinə gəldikdə isə institutun baş direktoru qeyd edib ki, mühafizəsi təmin olunmadığı üçün, burada aparılan təsərrüfat fəaliyyəti ilə əlaqədar bəzi ərazilər dağıdılıb. Son zamanlar geniş miqyaslı torpaq işlərinin aparılması da abidələrin taleyini sual altında qoyub. Onların təcili mühafizəsinə ehtiyac yaranıb.

İnstitut rəhbərliyi qərara gəlib ki, bu ilin payızında Tunc dövrü yaşayış yerində arxeoloji qazıntı işləri davam etdirilsin. Bu, həm də ətrafda olan abidələrin qorunması üçün stimul ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: