Onun burada yüz cür işi vardı, onlarınsa orada ən çətin işləri görməyə min cür imkanı. Ancaq bura ağız açırdılar, köməyi ondan umurdular. 1970-ci illərin sonları idi. Dünyanın dörd bucağında silahlı qarşıdurmalar da vardı, qarışıqlıqlar da, terrorlar da törədilirdi, təbiətin iradəsi və insanın əli ilə fəlakətlər də baş verirdi. Dünya hərzamankı narahatlığıyla dövranını sürürdüsə də, o illərdə Yer kürəsinin əsəblərinin ən tarım çəkildiyi nöqtə İran idi.
Təzəlikcə səltənətinim aləmə meydan oxuyacaq qədər uzun yaşını - 2500 illiyini əksər aparıcı əcnəbi telekanalların da nümayiş etdirdiyi möhtəşəm bayram kimi keçirmiş İran indi dövlətçilik tarixinin ən ağır sınaqlarından biri ilə üzbəüz idi. Ölkə inqilab havasıyla nəfəs alırdı. 1907-ci ildən, Qacarlar əyyamından bəri İranın dövlət bayrağında şir rəsmi vardı. Ancaq indi şir kimi qızan xalq idi. Oçağacan qopmuş inqilabların heç birində rast gəlinməmiş bir hərəkat günü-gündən dalğalarını daha geniş yayır, daha artıq qüvvət toplamağa başlayır, daha şiddətlə coşurdu.
Dünyanın gözü İranda idi. İranda cərəyan edən hadisələrin nə ilə qurtaracağını sadəcə izləməyib, bu gedişata təsir göstərməyə də can atan yaxın-uzaq dövlətlər arasında iki fövqəlgücün yeri və müdaxilə imkanları digərlərinə nisbətən qat-qat çox idi. Zatən Sovet İttifaqı və ABŞ elə əvvəllər də başqalarına nisbətən İrana həm daha yaxın olmuş, həm də maraq dairələrindəki ölkələr arasında xüsusi əhəmiyyət verdikləri bu məmləkətdə bir-biri ilə açıq və gizli şəkildə nüfuz çarpışmalarını müdam davam etdirmişdilər. İndi vəziyyət daha kəskin idi və gələcək nə qədər dumanlı görünsə də, hər halda SSRİ-nin İranla bağlı gözləntiləri ABŞ-la müqayisədə daha ümidverici kimi görünürdü.
Kremlin ixtiyarında İranla bağlı ən son məlumatları əldə edərək təhlillər aparmaq, hadisələrin irəliləyişinin mümkün axarını müəyyənləşdirməkçün yanındaca Xarici İşlər Nazirliyi, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Dövlət Təhlükəsizlik Komitəsi, Baş Kəşfiyyat İdarəsi və daha neçə sanballı, çoxmütəxəssisli qurumlar vardı. Ancaq bütün bunlar ola-ola Bakıya, Heydər Əliyevə tez-tez müraciət edirdilər. Və Moskva o qədər resurslara - ehtiyat və tədarüklərə sahib idisə də, Heydər Əliyev Mərkəzə iki cəhətdən çox gərək idi, hətta xeyli dərəcədə əvəzedilməz idi.
Heydər Əliyev Azərbaycan Respublikasının partiya rəhbəri idi, sovet ölkəsində 15 müttəfiq respublika vardı, RSFSR istisna olmaqla, hərəsinin də öz Mərkəzi Komitəsinin Birinci katibi. İçi Heydər Əliyev qarışıq onların hər birinin bilavasitə yerinə yetirməli olduğu bir silsilə məsuliyyətli işləri vardı. Ancaq bu o vaxt da bilinirdi, indi illərin hündürlüyündən baxarkən də daha aydın dərk edilir ki, həmin respublika rəhbərlərindən heç birində Heydər Əliyevdə olan miqyas, səriştəlilik, universallıq yox idi. Bilavasitə vəzifələrindən əlavə məxsusi peşəkarlıq, hazırlıq və fitri qabiliyyətlər tələb edən o tapşırıqlar ki Heydər Əliyevə yönəlirdi, başqalarına ömründə verilməzdi. O ali dövlət ricalarına əməl edə bilməkçün Tanrının bəxş etdiyi aşkar istedaddan savayı yaşanmış ayrı bir zəngin ömür, keçilmiş başqa bir dərslər dolu yolun olmalı idi.
Elə bircə İran İslam İnqilabı əsnasında Kremlin Heydər Əliyevdən umduğu və onun da parlaq bir tərzdə yerinə yetirdiyi əməliyyat bunun əyani sübutudur. Kiçik bir tarix kəsiyində həmin hadisələrin cərəyan etdiyi müstəvidə o, həm dərin bilikli tarixçi, həm dünya siyasi proseslərinin hər layına bələd mahir politikaçı, həm usta diplomat, həm istənilən həmsöhbəti ələ alaraq öz həqiqətinə inandırmağı bacaran qabil kəşfiyyatçı, həm müdrik ağsaqqal, həm də hamılıqla danışıqsız qəbul edilən güclü lider idi.
...1977-1978-ci illərdə sanki üfüqlər sakit idi, İran taxt-tacı təhlükələrdən aralıydı. İnkişafının göstəricilərinə, sosial-iqtisadi göstəricilərinə görə xeyli irəli getmiş İran Asiya dövlətləri ilə deyil, Yunanıstan, İspaniya, Portuqaliya kimi Avropa ölkələri ilə daha oxşar idi.
1959-cu ildə İran İslam İnqilabı təsəvvürə gəlməyəcək qədər uzaqdaydı və o vaxt "Ettelaat" qəzetində Məhəmməd Rza şahın "Fiqaro" müxbirinə müsahibəsinin tam mətni dərc edilmişdi. Müxbirin "Sizcə, monarxa bu qədər mühüm səlahiyyətlər vermək olarmı" sualını şah belə cavablandırmışdı: "Elə zənn etməyin mən şəxsən mütləqiyyətin tərəfdarıyam. Amma indi ölkəyə mənim hakimiyyətim lazımdır". Asta-asta bu "lazımlılıq" şişib artdı, diş altında olan iştahın isə hakimiyyətə nisbətdə açılması həmişə sağalmaz fəsadlara gətirib çıxarır. Bu qəza İran tacdarının da başına gəldi. Konstitusiyanı da öz hüdudsuz hakimiyyətinə ram edən Məhəmməd Rza şah hər bir vətəndaşı vahimədə saxlamağa hesablanmış SAVAK-a ("Sazman-e Ettelaat və Əmniyyət-e Keşvər" - Ölkə Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı) arxalanaraq gerçəklik hissini itirmişdi və gerçəkləşdirdiyi "Ağ inqilab"la guya elə ən böyük inqilabçının da özünün olması xülyasına düşdü. İranın içərisində isə hətta SAVAK xofu belə tədricən artan siyasi gərginliyin və narazılıqların qarşısını almaqda aciz idi və ölkə xaricindəki vətənsevər mühacirlər də onlara səs verirdilər.
Hələ ki, sular yeraltı axırdı, tüstü vardı, ocaq yoxdu. Hələ görünməz axan çaylardan, korun-korun tüstülənən ocaqlardan biri elə sabahkı öndər Ayətullah Xomeyni idi ki, o da göydən-filandan düşməmişdi - hərçənd Fransadan - sığındığı Parisdən İrana təyyarə ilə endi. O, siyasət meydanına hələ 1963-cü ilin yanvarında gəlmişdi və həmin ilin iyununda Qum radiosundan şahı Əməvi xəlifəsi Yəzidə bənzədərək tənqid atəşinə tutanda artıq Pəhləvilərin süqutunun ilk bünövrə daşlarını qoyurdu.
Fırtına quşuna çevrilən, sabahkı qasırğaların sorağını verən əlamətlərdən əvvəlincisi 1977-ci ilin bitər-bitməzində zühur etdi. İran publisisti Əliəsğər Seyid Cavadinin noyabrın 28-də yazdığı məktub İran boyu elə indiki facebook sürətinə oxşayan itiliklə yayıldı. Seyid Cavadi məktubunu belə başlayırdı: "İş elə gətirdi ki, şərait özü mənə bu yalançı, çürük və qəsbkar rejimin murdar və həyasız sifətini görməyə imkan yaratdı. Mənim Eyzenhauer küçəsindəki balaca evim 1356-cı il aban ayının 25-də (16 noyabr 1977 - R.H.) qırğın törədilmiş yerin yaxınlığındadır. Həmin gün axşam saat 10-da mən qonşu küçədən gələn hay-küy və qışqırıqları eşidib evimdən bayıra yüyürdüm, dəyənəklərlə silahlanmış polislərin digər küçə və döngələrdən qovaraq bizim küçəyə sıxışdırdığı tələbələri - gənc oğlan və qızları gördüm. Bu qaçan cavan oğlan və qız kütləsinin arasında mən qan içində olan, sifəti və başı yarılmış, parçalanmış yaralıları gördüm. Bu faciəli hadisənin tarixçəsi necə olub? Rejimin təbliğat maşını və onun senzura altında olan saxtakar mətbuatının şərhləri necə olub ki, dünən Sənaye İnstitutundakı poeziya axşamında iştirak edən tələbələrin çıxışlarını başıpozuq və qiyamçıların iğtişaşı kimi qələmə verib? Niyə İranın despotik və totalitar rejimi tələbələrin toplantılarından və onların özləri üçün təşkil etdiyi mədəni tədbirlərdən qorxur?" Və bu cür bitirirdi: "Niyə öz hakimiyyətini qoruyub saxlamaq və soyğunçuluğunu davam etdirməkdən ötrü rejim İran xalqını cahil, cır və azadlıq istəyənləri, despotizmə qarşı olanları, etirazçıları ziyankar və islam marksistləri adlandırır?"
Çətini ilk qığılcımın saçması idi. Artıq inqilab ocaqları İranın bu başından o başınacan alışmaqda idi. Həlledici təkan da 1978-ci ilin oktyabrında oldu. Məhəmməd Rza şah çoxdan ölkədən didərgin saldığı Ayətullah Xomeyni bu sərhədlərdən bir qədər də uzaqlara vasil olsun deyə onun İraqdan da - 1964-cü ildən bəri yerləşdiyi Nəcəfdən qovulmasını Səddam Hüseyndən təvəqqe edir, Səddam da da xahişi məmnuniyyətlə yerinə yetirir ki, qoy xata elə bizdən də gen düşsün. Şahın haradan ağlına gələrdi ki, əslində bu didərginsalma ilə Xomeyniyə qanad bağışlayır, öz süqut hökmünə rəvac verir. Xomeyninin Parisin ətəyindəki Nofl-le-Şato şəhərciyində yerləşdiyi mülk çevrilib olur yetişməkdə olan inqilabın baş qərargahı. İraqdan uzun müddətə, güc-bəla ilə İrana ötürdüyü çıxışlarını indi anındaca, telefon vasitəsilə ötürür.
Beləcə, İran İslam İnqilabı hələ yanvardan qızışmağa başlasa da, əsl vüsəti ilə 1978-ci ilin oktyabrında coşur, 1979-cu ilin 16 yanvar gecəsində Məhəmməd Rza Pəhləvinin şah təyyarəsində Tehrandan Misirə qaçışı, 1979-cu il fevralın 1-də Xomeyninin Fransadan İrana qayıdışı və aprelin 1-də İranın islam respublikası elan edilməsiylə məntiqi sonluğuna yetişir, yeni dövlət siyasətinə uyğun islahatlarla təzə məcraya istiqamətlənir.
ABŞ da, SSRİ də inqilabın 2 ili boyunca hərəsi öz umacaqlarına uyğun, qazana biləcəkləri mənfəətə müvafiq olaraq şahlığın gedişinin, dini hakimiyyətin gəlişinin tərəfdarı idilər.
Və elə bu gedişatda da Sovet İttifaqının ali dövlət maraqlarına uyğun olaraq Kremldə Heydər Əliyevin köməklərinə ehtiyac yaranmışdı.
1979-cu il yanvar ayının 3-ü idi, çərşənbə axşamı və Heydər Əliyev Azərbaycan Demokrat Firqəsinin sədri Qulam Yəhya Daneşyanı çağırmışdı görüşə. Qulam Yəhya hesabatdan başlayırdı və xəbər verirdi ki, noyabr ayında Azərbaycan Demokrat Firqəsinin plenumu keçirilib və iştirakçıların hamısı yekdil rəy ifadə edib ki, İrandakı inqilabi hərəkata hər cür mənəvi və maddi dəstək göstərsinlər. Bununçün də kifayət qədər hazır kadrlarımız var. Bildirirdi ki, 1946-cı ildə bu taya keçəndə aramızda yalnız 16 nəfər ali təhsilli vardı. Mühacirət illərində Azərbaycan dövlətinin köməyi və daimi qayğıları nəticəsində hazırda ali və orta ixtisas təhsilli mütəxəssislərimizin sayı 5 min nəfərdən çoxdur. Ancaq naçar qalmışıq, necə fəaliyyət göstərək, İrandakı vəziyyətlə əlaqədar hansı konkret addımları ataq.
Heydər Əliyev onun sözü bitməmiş qarşılıqlı sual verirdi ki, axı siz bu yaxınlarda İran Xalq Partiyası Mərkəzi Komitəsi İcraiyyə Bürosunun iclasını keçirmisiniz, məgər bu suallar orada qaldırılmayıb?
Bu, Heydər Əliyev idi, dəqiq bilirdi o iclas necə keçib, orada kimlər iştirak edib, hansı məsələlərə baxılıb, nə kimi fikir ayrılıqları var. Ancaq Qulam Yəhyanın öz dilindən eşidərək təfərrüatları onunla birbaşa müzakirə etmək istəyirdi. Çünki bu görüşdə başlıca məqsədi elə İran Xalq Partiyası rəhbərliyindəki ziddiyyətləri aradan qaldırmaq səmtində işə başlayaraq mövqeləri arzulanan vahid səmtə yönəltmək idi.
İran Xalq Partiyasının - Hezb-e Tudənin İcraiyyə Komitəsi iclaslarını 1978-ci il sentyabrın 23-dən oktyabrın 15-dək Leypsiqdə keçirmişdi. Həmin müzakirələrdə Mərkəzi Komitə katibləri İskəndəri, Nurəddin Kiyanuri, Həmid Səfəri, Mərkəzi Komitənin şöbə müdirləri Hüseyn Cövdət, Məhəmməd Qüdvə, Ehsan Təbəri, "Peyk-e İran" radiosunun sabiq rəhbəri Fərəculla Mizani və Qulam Yəhya Daneşyan qatılmışdılar. Bütün fikir mübadilələri də iki əsas mövzu ətrafında aparılmışdı: İrandakı vəziyyət və indiki dövrdə partiyanın vəzifələri, bir də İXP-nin XVI plenumunun çağırılması. Narahatlıq doğuran məqam o idi ki, partiya rəhbərliyində ikitirəlik vardı. İrəc İskəndəri ilə Nurəddin Kiyanuri bir-birinə etibar etmir, partiya işinin fəlsəfəsinə əks olaraq sanki hərəsi ayrı bir xətt aparırdı ki, bu da ümumi işə mənfi təsirini göstərirdi. Partiya rəhbərliyindəki ikitirəlik labüd parçalanmaya gətirib çıxarmışdı və Mərkəzi Komitənin İcraiyyə Bürosunda bir-birinə tam əks iki qruplaşma əmələ gəlmişdi. İranda isə vəziyyət elə idi ki, ən müxtəlif siyasi qüvvələrin fəaliyyəti üçün meydan açılırdı, artan xalq təzyiqini toxtatmaqçün şah 1978-ci il avqustun əvvəllərində bəyan etmişdi ki, Milli Məclisə demokratik seçkilər keçiriləcək, xalqa söz, ifadə və toplaşmaq azadlığı veriləcək, o biri yandan da hökumət xaricdə yaşayan iranlıları vətənə çağırmışdı ki, gəlib ölkənin həyatında yaxından iştirak etsinlər. 1978-ci ilin 21 oktyabrında Tehran Universiteti ərazisində baş vermiş, tələbə və fəhlələrin iştirak etdiyi möhtəşəm mitinq də bir sıra demokratik təsisatlar və azadlıqların bərqərar olmasını istədiyi kimi, siyasi məhbusların azad edilməsi, sürgün edilmiş siyasilərin qayıtmasını, mühacirlərin vətənə dönüşünü tələb edirdi. Bütün bunlar Tudə Partiyası üçün də yeni imkanlar açırdı. Leypsiq toplantılarında bu da qət edilmişdi ki, rəhbər heyətdən bir nəfər xaricdə yaşayan iranlıların ölkəyə qayıdışının şəraiti və şərtlərini öyrənməkdən ötrü ölkəyə göndərilsin.
İranda 1970-ci illərin son beş ilində hadisələr elə yeyin irəliləyib və etirazçı kütlələrin də tələb və hədəfləri buna müvafiq olaraq elə sürətlə dəyişib ki, uzunmüddətli proqnozlar vermək və buna uyğun da siyasət qurmaq həddən ziyadə çətin olub. Etirazçıların konstitusiyalı monarxiya üsul-i idarəsinə qane olaraq apardığı mübarizədən ta şaha "Rədd olsun!" deyərək İranda dinin siyasi hakimiyyətə yiyələnməsi, islam respublikasının qurulmasına qədərki yolda mövqe başqalaşma və dəqiqləşmələri elə çox və fərqli olub ki, üstündən onillər ötərkən bu marafonda kimin daha uzaqgörən, kimin daha az bəsirətli olmasını, kimin qüvvələr nisbətini daha dürüst müəyyənləşdirdiyini söyləmək və indi yanılma təki görünən öncəgörümlərdən ötrü kimlərisə qınamaq yaramaz.
Həqiqətən 1970-ci illərin sonlarının İranındakı baş verənlər qasırğa, sel biçimliydi və kükrəmələr səngiməyincə nəyin necə olacağını qabaqcadan qətiyyətlə söyləmək mümkünsüzdü. Tudəçilərin İrandakı etiraz hərəkatının əsas daşıyıcı sütunlarından olan tələbələrlə də sıx əlaqələri vardı. İrəc İskəndəri həmin Leyspiq toplantılarından birində demişdi ki, ondan məsləhət almaq istəyən iranlı tələbə Mustafa Danişlə görüşüb. Məsləhətləşmələri bu məsələ ilə əlaqədar olub ki, ölkədəki vəziyyət ucbatından bir çox iranlılar, o cümlədən, tələbələr uzun müddət xaricdə yaşamağa məhkumdurlar. Bu arzuolunmaz vəziyyətə son qoymaq gərəkdir. Xaricdə yaşayan iranlılar siyasi əqidələrindən asılı olmayaraq ölkəyə qorxu-hürküsüz qayıtmaq imkanına malik olmalıdırlar. İran hökumətinin bu barədə verdiyi bəyanat buna lazımi təminat vermir. İrəc İskəndərinin tələbəyə partiyanın mövqeyi kimi ötürdüyü tezis bu idi ki, gərək Məclis xaricdəki iranlıların ölkəyə maneəsiz qayıdışı, onların demokratik hüquq və azadıqlarına, təhlükəsizliyinə təminat ilə bağlı qanun qəbul etməlidir.
Nurəddin Kiyanuri Almaniyada universitet və Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdi, İran Xalq Partiyasının 1944-cü ildə keçirilən I qurultayında MK üzvü seçilmişdi, 1954-cü ilədək İranda gizli fəaliyyətlə məşğul olmuşdu. Kreml beynəlxalq əlaqələr şöbəsinin müdiri V.Zaqladinin timsalında onu birmənalı dəstəkləyirdi. Bizim Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ənvər Cəbrayılovun iştirakı ilə Qulam Daneşyanı qəbul edərkən V.Zaqladin ona daha çox tapşırığa oxşayan məsləhət vermişdi ki, Nurəddin Kiyanuriyə münasibətini dəyişsin.
Daneşyan püxtə siyasətçi idi. Görürdüsə ki, Sov.İKP MK-nın şöbə müdiri belə məsləhət bilir, yaxşı anlayırdı ki, bu, daha yuxarıların formalaşmış mövqeyidir və bununla razılaşmaq lazımdır. Ancaq özünə zor edə bilmirdi, Kiyanurini volyuntarist və anarxist adlandırmaqda, ona bel bağlamadığını açıq söyləməkdə davam edirdi. Təbii ki, onun hətta V.Zaqladinlə də görüşdən sonra fikrini dəyişmədiyini Ənvər Cəbrayılov yazılı şəkildə həm Sov.İKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinə, həm də Heydər Əliyevə çatdırmışdı və bunu da bildirmişdi ki, İran Xalq Partiyası Mərkəzi Komitəsinin 44 üzvü və üzvlüyə namizədindən 23 nəfəri qəti olaraq İskəndərinin tərəfindədir və sabah Mərkəzi Komitə qarşısında o iki nəfərdən qarşısında hansının tərəfini saxlamaq zəruriyyəti dayansa, İskəndəri ilə olacaqlar.
Məhz Nurəddin Kiyanurini İXP-nin lideri görmək istəyən Kremlin belə bir mürəkkəb vəziyyətdə məsələnin müsbət həllindən ötrü tək ümid yeri Heydər Əliyev idi.
1979-cu il yanvar ayının 3-ü idi, Heydər Əliyev Kiyanurinin əsas opponentlərindən və istəməyənlərindən olan Qulam Daneşyanla qarşı-qarşıyaydı. Sadəcə "söhbət edirdi" deyil, ona görə "qarşı-qarşıya" ki, artıq çoxsaylı bənzər nümunələrin təhlili də göstərir ki, Heydər Əliyev belə görüşlərə heç vaxt sadəcə tələb olunan nəticəni nəyin bahasına olur-olsun əldə etmək kimi bəsit niyyətlə getməyib. Əvvələn hər dəfə çalışıb ki, tərəfdaşını öz həqiqətinə sonacan inandıraraq fikrini dəyişməyə sövq etsin, ikincisi də, bu görüş çərçivəsində yalnız qoyulan vəzifə ilə kifayətlənməsin, gərəkli saydığı digər suallara da arzuladığı cavabların alınmasına nail olsun.
Kiyanuri-İskəndəri dilemmasında isə Heydər Əliyevi sovet dövlətinin ali maraqları baxımından xüsusi əhəmiyyətli məsələni ona həvalə olunmuş çərçivədə həll etməklə bərabər, bu müstəvidə Azərbaycanın da çıxarlarını sərfəli şəkildə qarşılamaqdan ötrü artıq özünün özü üçün müəyyən etdiyi vəzifəyə də əncam çəkmək niyyəti vardı.
Heydər Əliyev təəccüblənirdi ki, 24 gün bir yerdə olmusunuz, müzakirələr aparıbsınız, niyə öz aranızda razılığa gələ bilmirsiniz? Belə görünür ki, 24 günə çox məsələləri həll etmək mümkün idi. Qulam Daneşyan təsdiqləyir ki, haqlısınız, boş vaxt itkisi oldu. Məsələ burasındadır ki, Mərkəzi Komitə rəhbərliyində yaxşı olmayan vəziyyət yaranıb. Mərkəzi Komitə katibləri İskəndəri və Kiyanuri bir-birinə nifrət edirlər (Bu iki şəxs arasında ədavəti dərinləşdirən bir səbəb də bu idi ki, İskəndəri İcraiyyə Bürosunun Leypsiq iclaslarından birində Nurəddin Kiyanurinin arvadı Məryəm Firuzu da Mərkəzi Komitəyə bildirmədən nəşr etdirdiyi "Görkəmli xadimlər" kitabında inqilabi hərəkatın ayrı-ayrı nümayəndələrinin tarixi xidmətlərini qiymətləndirərkən səhvlərə yol verdiyi üçün kəskin tənqidə məruz qoymuşdu).
Heydər Əliyev bir daha belə gərgin durumun onunçün anlaşılmaz olduğunu söyləyir: "Siz 30 ildən çoxdur ki, mühacirətdəsiniz və İranda əlverişli şəraitin yaranmasını gözləyirdiniz. Bu gün belə şəraitin yetişdiyi, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən, ruhanilərin şah rejiminə qarşı qalxdığı vaxtda siz mövqelərinizi müəyyənləşdirə bilmirsiniz. Zahirən belə bir şəraitdə partiya İranla rabitələrini qüvvətləndirməli, öz fəallarını, inanılmış adamlarını ölkəyə göndərməlidir, bu istiqamətdə hansısa işlər görürsünüzmü?
Qulam Daneşyan cavab verir ki, az iş görürük. Mərkəzi Komitə təşkilat şöbəsinin müdiri Kiyanuri yoldaş özünü düz aparmır, heç kəslə hesablaşmır. İcraiyyə Bürosunun son iclasında məsələ qaldırdı ki, adamları silahlandıraq və Xomeyninin tərəfdarları ilə birlikdə şaha qaşı çıxaq.
Heydər Əliyev maraqlanır ki, bəs İskəndəri ilə Kiyanuri arasında narazılığın əsas mahiyyəti nədən ibarətdir?
Qulam Daneşyan bunda Kiyanurini və Mizanini (Fərəculla Mizani İXP MK-nın ictimai əsaslarla şöbə müdiri idi, 1976-cı ilə qədər "Peyk-e İran" radiosunda çalışmışdı) təqsirkar sayır. Deyir ki, hər ikisi çətin adamdır, onlarla heç vəchlə razılığa gəlmək mümkün deyil. Şəxsən mən nə ona, nə obirinə inanıram. Müəyyən edilib ki, Mizani İranı 1954-cü ildə SAVAK əməkdaşlarının tövsiyəsi ilə tərk edib.
Heydər Əliyev görüşəcən Qulam Daneşyanın Kiyanuri haqda hansı mövqedə olduğunu, onun barəsində hansı fikirləri söylədiyini gözəlcə bilir, amma şəxsən öz dilindən eşitməkçün bir də soruşur və Daneşyan da qayıdır ki, onun haqqında mənfi sözümü hələ 1974-cü ildə mən yoldaş Zaqladinə demişəm, indiyədək də rəyim dəyişməyib. O, birləşdirməkdən daha çox parçalayandır. Partiya fəalları onu sevmir.
Heydər Əliyev xəbər alır ki, bəs sizi partiyanın rəhbərliyində yaranan bu vəziyyət narahat etmir? Tutalım, sabah İranda şahı devirdilər, daha mütərəqqi, bəlkə də demokratik hakimiyyət qurdular, belə bir hal yaranarsa, İran Xalq Partiyasının hansı tədbirləri ola bilər? Sizcə, belə vəziyyədə ölkədə partiyaya kimin rəhbərlik etməsi məqsədəuyğun sayılar? Belə ki, bu çox nüfuzlu bir adam olmalıdır, insanlar ona inanmalıdır.
Qulam Daneşyan İskəndərinin adını çəkəndə Heydər Əliyev qayıdır ki, axı o, laqeyd adamdır, hətta bildiyimizə görə, onun heç konkret ideyaları da yoxdur.
Qulam Daneşyan "Partiyanın Mərkəzi Komitəsində yaranan iki qruplaşmadan İskəndəri tərəfdarı olanlar sayca çoxdur", - deyəndə Heydər Əliyev birbaşa sual verir: "Şəxsən siz özünüz hansı qruplaşmadasınız?" Qulam Daneşyan da daha çox İskəndərinin tərəfində olmasını gizlətmir. Heydər Əliyevin "Kiyanuri Mərkəzi Komitənin birinci katibi işləyə bilərmi" sualının cavabında isə Qulam Daneşyanın cavabı qəti idi: "Kiyanurinin partiyada hörmət və nüfuzu yoxdur. O, birinci katib seçilsə, mən istefa verəcəyəm. Əminəm ki, Həmid Səfəri də, Hüseyn Cövdət də, Əmrəli Lahrudi də və bir çox başqaları da belə edəcək". Heydər Əliyev qayıdır ki, Sov.İKP MK-dakı yoldaşlar Kiyanuri haqda müsbət fikirdədirlər, onu əqidəli, sadiq insan kimi səciyyələndirirlər. Qulam Daneşyan razılaşmır: "Kiyanuriyə necə inanmaq olar ki, iki qızı Amerikada yaşayır, arvadı Məryəm Firuz isə İranın ən yüksək vəzifəli şəxsləriylə bağlıdır. Mən sizə açıq deyirəm ki, işdi-şayəd, Kiyanuri birinci katib seçilsə, İXP təşkilatı çökəcək. Bu, böyük səhvdir". Heydər Əliyev söhbətin istiqamətini bir balaca dəyişir. Xatırladır ki, indi əsasən Azərbaycan Demokrat Firqəsinin müdafiə etdiyi İskəndəri vaxtilə bu partiyaya - bizə qarşı olub, indi, deyəsən, düzəlib. Amma istənilən halda yüksək nüfuz yiyəsi deyil. Kiyanurini də bəyənmirsiniz. Bəs başqa kimi təklif edə bilərsiniz? Daneşyan Səfərinin adını çəkir, o dəqiqə də "əmma"nı özü qoyur ki, bu da cavandır, çox da təcrübəli deyil.
...Sabah yenidən görüşmək, başqa namizəd söhbətini davam etdirməkçün ayrılırlar. Əslində Heydər Əliyevin təlqin etməli olduğu namizədi Kiyanuridir. Ancaq bu da onun iş üsullarından idi ki, həmişə qarşı tərəfə öz variantlarını irəli sürmək şansı verirdi. Fürsəti də verirdi, öz fikri başqa olsa da, səbirlə dinləyərək qarşı tərəfdən gələn təklif və təşəbbüslərin də tutarlı cavablarını ləngitmirdi.
Ertəsi gün - yanvarın 4-də Daneşyan elə söhbəti başlayınca İcraiyyə Bürosundakı daha nüfuzlu şəxs kimi Hüseyn Cövdətin adını çəkir ki, savadlıdır, professordur, mətin kommunistdir, İranda yaxşı tanınır. Düzdür, o, fars deyil, azərbaycanlıdır, lakin Heydər Əmioğlu da, Təqi Erani kimi parlaq xadimlər də milliyyətcə azərbaycanlı idilər.
Heydər Əliyevi üstün edən həm də bu cəhət idi ki, o, adamları tanıyırdı. Ən müxtəlif sahələr üzrə! Cövdətin adı çəkilincə də deyir ki, onunla çox görüşlərim olub, o, yaxşı xatirimdədi. Düşünmürəm ki, onun partiyadakı vəziyyəti dəyişmək halı ola.
Qayıdır Kiyanuriyə: "Zənnimcə, siz onun haqqında dolğun təsəvvürə malik deyilsiniz. Vəziyyət elə alınıb ki, siz yalnız aysberqin yalnız bir hissəsini görmüsünüz, suyun altında qalan daha böyük hissəsindən xəbərsiz qalmısınız. Bu gün sizin Mərkəzi Komitənin tərkibində birinci katibliyə ondan münasib namizəd yoxdur. Son illərdə İcraiyyə Bürosunda səslənən daha düzgün, daha inqilabi təkliflər ondan gəlib. Məsələn, Kiyanuri Ayətullah Xomeyninin partiyası ilə müvəqqəti saziş təklif edib, siz razılaşmamısınız, ancaq təklif doğru olub və düz olaraq da qalır. Əlbəttə, o, ideal namizəd deyil, səhvlər də buraxır. Ancaq yalnız heç nə etməyənlər səhvə yol vermir".
Heydər Əliyev bunu da əlavə edir ki, Nurəddin Kiyanuri Bakıya gəlib, onunla görüşün, açıq danışın, hər sözünüzü də deyin, şərtlərinizi də qoyun.
Qulam Daneşyan ağıllı, təcrübəli adam idi, Heydər Əliyevə də xüsusi hörmət bəsləyirdi, Heydər Əliyev də bütün bunlardan agah idi və dialoqun sonuna doğru Daneşyanın bütün tərəddüdlərini qovacaq elə ən təsirli arqumentini dilə gətirir ki, bunun qarşısında əlini qaldırmaqdan özgə çarə qalmır: "Sizin Mizani və Qüdve ilə əlaqədar şübhələriniz şişirdilib. Kiyanuri onları müsbət səciyyələndirir. Qüdvenin İranda yaşayan keçmiş arvadı həqiqətən təqaüd alır. Ancaq buna o özü qanuni əsaslarla nail olub. Bunun 40 il namusla partiyaya xidmət etmiş Qüdveyə nə dəxli var?! Kiyanuri mənə dedi ki, o, Qüdveyə inanır. Özünüz düşünün, əgər Qüdve "Sazman-e Əmniyyət"lə bağlıdırsa, niyə İran hökuməti onun arvadına təqaüdü açıqca versin? Mizaniyə gəlincə, o özü doğma qardaşının və SAVAK əməkdaşının ona köməklik göstərməsindən danışıb. Həqiqətən ona xəbərdarlıq edilib və başı üzərində buludlar qatılaşanda ölkəni tərk edib. Məntiqli düşünək: əgər Mizani nədəsə günahkar olsaydı, ölkədən qaçışının səbəbini gizlətməyə cəhd etməzdimi? Amma sizdə onunla bağlı şübhələr yarandığından mən öz yoldaşlarımıza söylədim ki, bu faktları bir daha yoxlasınlar. Bu gün mənə xəbər verdilər ki, Mizani və Qüdve ilə bağlı əllərində heç bir kompramat yoxdur. Başqa sözlə, bu adamlar şübhədən kənardır. Mən 26 il dövlət təhlükəsizliyi orqanlarında işləmişəm və faktları təhlil etməyi, dostları düşmənlərdən seçməyi bacarıram. Sizin əlinizdə yalnız quruca ehtimallardır, bizim ixtiyarımızda isə güclü aparat, geniş yoxlama imkanları var. Mən məsləhət bilirəm ki, Mizani və Qüdve ilə bağlı etirazlarınızı bir kənara qoyasınız. Biz Kiyanurini qəbul etmişiksə, hər şeydə ona inanmalı, hər məsələdə onu müdafiə etməliyik. Bütün subyektiv məqamları, şübhələri, küsülülükləri, inciklilkləri qırağa atın, əsl işə qoşulun. Bir yerdə işlədiyiniz insanlara inanmaq lazımdır. Xüsusilə indi İrandakı vəziyyət sizdən daha fəal və daha inqilabi hərəkətlər tələb edərkən ruh, hərəkət, məqsəd birliyinə riayət etmək vacibdir. İcraiyyə Bürosunun iclasına qədər Cövdətlə danışın. Ona etibar edirsinizsə, deyin ki, mənimlə görüşmüsünüz. Səfərini də inandırmaq, onu daha müdrik davranışa dəvət etmək lazımdır ki, Kiyanuriyə münasibətini dəyişsin".
Qulam Daneşyan gəncliyindən də deyil, yeniyetməliyindən - 14 yaşından qaynar siyasi həyatla bağlı olmuş insan idi. Onu oturuşmuş mövqeyindən döndərmək, səhv saydığının əslində düz olduğuna inandırmaq nəinki sadə məsələ deyildi, hətta xülya idi. Kremldə beynəlxalq şöbənin müdiri V.Zaqladinlə və onun müavini N.Simonenko ilə görüşəndə, orada onunla Kiyanuri söhbətləri aparılanda tükü tükdən seçən bişkin siyasətçi kimi indi şöbə müdiri və müavinin səsləndirdikləri bu təklifin əslində onlardan da yuxarıdan gəldiyi ona bəlli idi. Bu yuxarının da hansı yüksəklik olduğunu hər halda o, aydın dərk edirdi. Ancaq onda köhnə inqilabçı inadkarlığı və tərsliyi də vardı ki, ömrün bu ixtiyar yaşında dəyişib başqa adam ola bilmirdi, inandığından dönmək onluq deyildi. Və Kremldən fikrini dəyişmədən aralanmışdı.
Heydər Əliyevlə iki görüşdən sonra isə Qulam Daneşyan sanki artıq başqa adam idi və ona nə hər hansı zor göstərilmişdi, nə təzyiq edilmişdi, Heydər Əliyev onunla bir həmkar, siyasət yolçusu, Daneşyanın uğrunda mübarizə apardığı amallara ondan az yanmadığı aşkarca duyulan bir inqilab adamı kimi danışmışdı.
Həyatın hər sahəsində o səmtin peşəkarlarının başqalarına heç vədə sonacan açılmayan, amma onların öz aralarında qeyd-şərtsiz anlaşılan öz dilləri var. Heydər Əliyev Qulam Daneşyanla onun öz dilində - bu ağsaqqal siyasətçinin və əski inqilabçının dərindən vaqif olduğu pərdəsiz, riyasız, inama dayanan fədai, məsləkdaş, mübarizə yoldaşı lisanında söhbət etmişdi.
Və əl tutub sağollaşmazdan öncə artıq mövqeyi tam dəyişmiş Qulam Daneşyanın dilindən qopmuş son sözlər əslində bu gün insana Heydər Əliyev şəxsiyyətinə, onun zəka gücünə verilən ədalətli, son dərəcə sərrast qiymət kimi gəlir: "Mən sizin bütün tövsiyələrinizə əməl etməyə hazıram".
O vaxt - 1970-ci illərin sonlarında elə tarixi şərait yaranmışdı ki, daha heç bir zaman olmayacaq. Bir dəfə girilmiş həmin çay axıb getdi. Həmin hadisələrin iştirakçılarının çoxu dünyasını çoxdan dəyişib. Heydər Əliyevə həmin hadisələr zəncirinin bir halqası ilə bağlı müraciət edilmişdi və o, dərhal arzulanan sahmanı yarada bilmişdi. O, lap cavanlığından İrana da beş barmağı kimi bələd idi, 1970-ci illərin sonlarında meydanda olanların çoxunu da onillər idi yaxından tanıyırdı.
Təsəvvür edin ki, İrandakı gedişatla əlaqədar Kreml səviyyəsindəki bütün imkanlar səfərbər edilərək onun ixtiyarına buraxılsaydı və mümkün təsir ssenarilərinin müəllifliyi onun özünə həvalə edilsəydi, tarixin gedişi nə qədər fərqli alına bilərdi!
Ayrı zamandayıq. Tarixə əllə toxunaraq onun gediş səmtini dəyişə biləcək bu miqyasda şəxsiyyətlər artıq bütün dünyada yoxdur!
Rafael HÜSEYNOV, akademik