Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Tarixi Qarabağın 1899-cu il xəritəsi: kartoqrafik-toponimik təhlili
10.07.2023 09:26
  • A-
  • A
  • A+

Tarixi Qarabağın 1899-cu il xəritəsi: kartoqrafik-toponimik təhlili

Xəritə çox zəngin məlumat mənbəyidir, bəzən kitabın mətnindən dəfələrlə üstündür. Tarixi, iqtisadi, ümumi coğrafi və digər xəritələr özünəməxsus elmi-praktiki əhəmiyyətə malik sənədlərdir. Xəritələr  yüzlərlə, minlərlə  çox dəyərli tarixi və coğrafi adları - dövlətləri, onların inzibati vahidlərini, yaşayış məntəqələrini, dağları, zirvələri, silsilələri, düzənlikləri, təbii mərzləri, çaylari, gölləri,  bulaqlari  və  s.  özündə birləşdirir.

Azərbaycan ərazisi XVIII-XIX əsrlərdə aktiv şəkildə xəritəyə köçürülürdü. XIX əsrdə  Azərbaycanda topoqrafik planalma xüsusilə intensiv şəkildə aparılırdı ki, bu da Rusiyanın hərbi ehtiyacları ilə əlaqəli idi. Topoqrafik planalma iki, beş və on verst, bəzi  bölgələr və şəhərlər üçün isə - bir verst, yarım verst və daha  böyük  miqyasda  aparılırdı.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından əvvəl hərbi məqsədlər üçün topoqrafik planalma ilə yanaşı,  xəritə tərtibatı və  müxtəlif mövzulara aid xüsusi xəritələrin nəşri ayrı-ayrı idarələr – Torpaq və Əmlak Nazirliyi, Torpaq Mərz İdarəsi, Dövlət Mülkləri və Əkinçilik Nazirliyi, Köçürmə İdarəsi, Rabitə Yolları İdarəsi və  s.  tərəfindən hazırlanırdı. Əksər topoqrafik  planalma nəticələri xəritələrin tərtib və nəşr olunduğu  xüsusi  topoqrafik depo-anbara (Tiflisdə) daxil olurdu.

Məzmununa görə  böyük elmi-təcrübi əhəmiyyəti olan  xəritələrdən  biri – «Карта Карабагских казенных летних пастбищ» (“Qarabağ dövlət  yay otlaqlarının xəritəsi”)  - 1899-cu ildə M.A.Skibitski tərəfindən Tiflisdə nəşr olunmuş «Материалы для устройства казенных летних и зимних пастбищ и для изучения скотоводства на Кавказе» (Тифлис, 1899, том 4) kitabında çap edilmişdir.  M.A.Skibitski uzun müddət Cənubi Qafqazda (Zaqafqaziyada) işləmiş və inqilabdan əvvəl burada torpaq idarəçiliyinə rəhbərlik etmişdir. O, həmçinin Qarabağda otlaq təsərrüfatı ilə bağlı əhəmiyyətli iqtisadi tədqiqatlar aparmışdır. 1920-ci illərin əvvəllərində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda birbaşa iştirak etmiş, iki respublikanın inqilabi komitələrinin sədrləri - S.Kasyan və N.Nərimanovla şəxsən tanış olmuşdur. M.A.Skibitski uzun illər ərzində Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin torpaq komissiyasının 1928-ci ilə qədərki fəaliyyətinə dair bir çox qiymətli faktiki materialları əks etdirən qeydlərin qorunub saxlanıldığı Qarabağ tarixinə dair geniş bir arxiv toplamışdı. 1929-cu ildə S.M.Kirov və Ermənistanın inqilab komitəsinin sədri S.İ.Kasyan bu materiallarla tanış olmuşdular.

Kartoqrafik mənbələr, xüsusilə, “Qarabağ dövlət yay otlaqlarının xəritəsi” (Карта Карабагских казенных летних пастбищ) (şəkil) Qarabağın tarixinin, iqtisadi inkişafının, coğrafiyasının və toponimlərinin öyrənilməsi üçün dəyərli məlumatlar verir. Həmin xəritə on verst (“1 düymdə 10 verst”) miqyasda tərtib edilmişdir (1:420000). Koordinat şəbəkəsinə malik xəritədə paralellər və meridianlar 15 dəqiqədən bir  çəkilmişdir. Bütün növ yaşayış məntəqələri, yol və çay şəbəkələri ətraflı şəkildə göstərilmiş, dövlət, quberniya və qəza sərhədləri çəkilmişdir. Yelizavetpol quberniyasının Cəbrayıl, Cavanşir, Elizavetpol, Zəngəzur, Şuşa qəzalarının və Bakı quberniyasının Cavad qəzasının bir hissəsinin otlaqları xəritədə fərqli rəngli fonla verilmişdir. I - VIII rum rəqəmləri ilə səkkiz bölgə göstərilir: Murovdağ, Yuxarı-Tərtər, Zəngəzur, Sisian, Kopan, Qırx-Qız, Kirs-Sarıbaba, Kirs-Ziarat.

Kitabın və onun əlavəsi olan xəritənin   müəllifi  M.A.Skibitski yazırdı: “Araşdırılan Karabağ otlaqları (eylagları) Yelisavetpol quberniyasının Cavanşir, Zəngəzur, Şuşa və  Cəbrayıl qəzalarında, Karabağ adlanan ərazisinin hüdudlarında yerləşir və daha əvvəl, 1828-ci ildə Rusiyaya birləşdirilməsinə qədər xüsusi Qarabağ xanlığını təşkil edirdi. Onlar 63o15'46 '' və 64o32'8 '' ş.u.  və  38o55'14 '' və 40o19'23 '' şm.e. arasında uzanırlar,  yəni uzunluq üzrə 1o16'21" və ya 102.4 verst, enlik üzrə  isə 1o24'9"  və  ya 146 verst".  Bir verstin 1,067 km-ə bərabər olduğunu nəzərə alsaq, uzunluq və enlik üzrə Qarabağ  yay otlaqlarının  ölçülərinin, müvafiq olaraq, 109,3 km və 155,8 km-ə bərabər olduğunu təyin edə bilərik.

Qarabağ dövlət yay otlaqlarının xəritəsi

M.A. Skibitski tərəfindən  tarixi Qarabağın kəndləri, həyətləri  (ailə və ya təsərrüfatlar) və əhalisinin etnik tərkibi barədə mühüm statistik məlumatlar verilir: “Təsvir edilmiş eylagların istifadəçilərinin ümumi sayı – 26038 həyət evləri (ailə və ya təsərrüfatlar) olanlar,  452 kənd arasında paylanmışdır ki, onlardan Cəbrayıl qəzasının 81 kəndində 4048 ailə, Cavanşir qəzasının 102 kəndində 5064 ailə, Yelizavetpol qəzasının 4 kəndində 331 ailə, Zəngəzur qəzasının 175 kəndində 9432  ailə,  Şuşa qəzasının  81 kəndində  5223 ailə   və   Cavad  qəzasının  9  kəndində 1940  ailə  vardır.                            

Etnik tərkibinə görə, sözügedən istifadəçilər Azərbaycan tatarlarına (çar dövründə rusiyalı məmurlar azərbaycanlılara tatar deyirdilər - müəllif), kürdlərə, ermənilərə və tatlara (XIX əsrdə Cənubi Azərbaycandan köçmüş azərbaycanlılara tat deyirdilər - müəllif) bölünürdülər. Qarabağ boyunca səpələnmiş 333 ayrı kənddə və Ganjin ovalığında yerləşən iki kənddə 18919 ailə sayında tatarlar yaşayırdı;  3510 ailədən ibarət kürdlər, Zəngəzur qəzasındakı Akara və Berguşet çayları, Cavanşir qəzasındaki Terter və Tutku dərələri boyunca və Cəbrayıl qəzasındaki Berguşet çayının aşağı axarı boyunca 69 kənddə yaşayırdılar; 3408 ailə tərkibində olan ermənilər – Cavanşir, Zəngəzur və Cəbrayıl qəzalarının  yüksək  hissəsindəki  47 kənddə  və 201 ailə sayda olan tatlar isə  Zəngəzur  qəzasının  Migri  sahəsinin  bir  kəndində  (Nüvədi)  yaşayırlar ” (s. 35-36).

1893-cü ildə Zaqafqaziya bölgəsi əhalisinə dair statistik məlumatlara istinad edərək, M.A.Skibitski Yelizavetpol quberniyasının tatarları və kürdləri arasında ailənin  (həyətin) orta ölçüsünün 5.3 nəfər, ermənilərdə  - 7.1 nəfər,  Nüvədi  kəndində  tatlarda 4.6 nəfər, Bakı quberniyasının Cavad qəzasının tatarlarında isə  6 nəfər olduğunu yazır. Beləliklə, bütün qəzalarda hər etnik qrupun ailələrinin (həyətlərinin) ümumi sayını və hər ailə (həyətdə) başına düşən ortalama adam sayını bilməklə  XIX əsrin sonunda tarixi Qarabağ əhalisinin etnik tərkibi üçün orta göstəriciləri hesablamaq mümkündür: tatarlar (Yelizavetpol quberniyasının  qəzalarına görə) 1 ailəyə düşən ortalama adam sayını (5.3) və ailələrin ümumi sayını (16979) nəzərə alınmaqla, cəmi 89989.0 nəfər idi; Cavad qəzasında  (Bakı quberniyası) tatarlar (6.0 nəfər × 1940 ailə) 11.640 nəfər; kürdlər (5.3 nəfər × 3510 ailə) 18603.0 nəfər;  ermənilər (7.1 nəfər × 3408 ailə) – 24197.0 nəfər; tatlar (4.6 nəfər × 201 ailə) - 925.0 nəfər təşkil edirdi. Ümumilikdə, Qarabağ bölgəsinin bütün qəzaları üçün əhali 145354.0 nəfər idi.

Statistik göstəricilər rus tədqiqatçısı M.A.Skibitskinin qeyd etdiyi kimi, Azərbaycan tatarlarının “bütün Qarabağ boyunca səpələnmiş 333 ayrı kənddə yaşadıqlarını”  və bununla yanaşı, XIX əsrin sonunda həm kəndlərin, həm də əhalinin sayına görə əhəmiyyətli üstünlüyə malik olduğunu göstərir. 1899-cu ildə azərbaycanlılar (tatarlar)  70%,  ermənilər - 16,6%, kürdlər - 12,7% və tatlar - bütün Qarabağ əhalisinin 0,7%-ni təşkil edirdilər. Qarabağın 452 kəndindən azərbaycanlılar 333 kənddə yaşayırdılar ki, bu da Qarabağdakı bütün kəndlərin 73,7%-ni təşkil edirdi. Ermənilər ümumi kənd sayının 10,4%-ni təşkil edən 47 kənddə, kürdlər isə Qarabağın 69 (15,3%) kəndində yaşayırdılar.

M.Ə.Skibitskinin statistik məlumatlarına əlavə olaraq, Qarabağ əhalisinin coğrafiyası, iqtisadiyyatı, etnik tərkibi haqqında zəngin məlumatlar tapa biləcəyimiz bir çox tarixi mənbələr, statistik məlumatların topluları, təqvimləri mövcuddur. Bu mənbələr Qarabağ əhalisinin etnik tərkibindəki say baxımından dəyişiklikləri qərəzsiz izləməyə imkan verir. Buna ehtiyac Qarabağ münaqişəsi (1988-2020) və erməni tərəfinin 1921-1923-cü illərdə Qarabağın dağlıq hissəsindəki ermənilərin sayını süni şəkildə artırmaq üçün əsassız cəhdləri ilə əlaqədar ortaya çıxmışdır.

Qarabağ xanı İbrahim Xəlil xan tərəfindən Kürəkçay sülh müqaviləsinin (1805) imzalanmasından sonra, Qarabağ xanlığı Rusiyanın hərbi üstünlüyünü tanıdı və onun tərkibinə daxil edildi. Gülüstan (1813), Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri ilə bitən Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1828-1829) müharibələri nəticəsində ermənilərin Şimali Azərbaycana kütləvi köçürülməsi başladı. Onların  sayı  sürətlə artdı və əhalinin etnik tərkibinə böyük təsir göstərdi. 1823-cü ilin vergi siyahılarına görə, Qarabağ bölgəsindəki əhalinin etnik tərkibi ailə sayına görə aşağıdakı göstəricilərə malik  idi:  azərbaycanlılar - 15729 ailə (78,3%),  ermənilər - 4366 ailə (21,7%), üstəlik, əgər Şuşa əhalisini istisna etsək, onda kənd əhalisinin sayına görə azərbaycanlıların (21,3%-ə  qarşı 78,7%) üstünlüyü daha da artır. 1988-ci ilin fevralında başlayan Qarabağ münaqişəsi ilə əlaqədar olaraq tez-tez bildirilirdi ki, 1923-cü ildə DQMV qurulduqda, ermənilər bu süni şəkildə ayrılmış inzibati vahiddə əhalinin 95%-ni təşkil edirlər. Belə bir bölgənin ayrılmasına haqq qazandırmaq üçün qurulmasından bir neçə il əvvəl yuxarı Qarabağ əhalisinin etnik tərkibi haqqında bilərəkdən səhv məlumatlar yayılmağa başladı.

Cənubi Qafqazın (Zaqafqaziya) yeni tarixinin aparıcı tədqiqatçılarından biri, amerikalı professor Tadeuş Svetoxovski (1989) 1919-cu ildə Dağlıq Qarabağ əhalisi arasında azərbaycanlılar və ermənilərin nisbətinin 3:2 olduğunu qeyd etmişdir. M.A.Skibitskinin statistik məlumatlarına əsasən, XIX əsrin sonunda müəyyənləşdirilə bilər ki, ümumiyyətlə, Qarabağda təxminən 101600 azərbaycanlı və  24200 erməni yaşayırdı. 1899-cu ildə azərbaycanlılar (tatarlar) 70%, ermənilər 16,6%, kürdlər 12,7% və tatlar bütün Qarabağ əhalisinin 0,7%-ni, yəni 1899-cu ildə vahid Qarabağ daxilində yaşayan azərbaycanlıların və ermənilərin sayı 4:1 nisbətində idi. Beləliklə, 1899-1919-cu illər arasında, cəmi 20 il ərzində Qarabağ əhalisinin etnik tərkibi dəyişməyə başlayır və azərbaycanlılarla ermənilərin nisbəti sonuncunun lehinə getdikcə daha çox dəyişir, lakin buna baxmayaraq ermənilərin sayca üstünlüyündən danışmaq olmaz. Aydındır ki, 20 ildə təbii artım səbəbiylə, nisbətdə belə surətli dəyişiklik ola bilməzdi, çünki XIX əsrin sonunda  bütövlükdə Qarabağda yalnız 24200 erməni yaşayırdı.

Tarixi mənbələrdə yalnız 1828-1911-ci illərdə Rusiyanın İran və Türkiyədən bir milyondan çox erməninin bu bölgəyə köçürüldüyü və onların əsasən Şimali Azərbaycan ərazilərinə yerləşdirildiyi qeyd edilir. Tarixi mənbələrdən artımın Türkiyədən və İrandan  ermənilərin Cənubi Qafqaza, o cümlədən Yelizavetpol quberniyasına  daxil olan Qarabağa çarizmin köçürülmə siyasətinin həyata keçirilməsindən qaynaqlandığı məlumdur.

Yaşayış məntəqələrinin, oroqrafik və hidroqrafik obyektlərin, həmçinin bulaq, kəhriz, məscid, kilsə, monastır adları daxil olmaqla, bütün adları özündə cəmləşdirən “Qarabağ dövlət yay otlaqlarının xəritəsi”ndə mindən çox coğrafi ad (toponim) göstərilir. 1035 toponimdən, M.A.Skibitskinin xəritəsində qeydə alınmış coğrafi adların ümumi sayının 866-sı və ya 84%-i Azərbaycan-türk mənşəli,  5%-i erməni mənşəli,  11%-i  isə  digər mənşəli toponimlərdir.

Beləliklə, M.A.Skibitski tərəfindən tərtib edilən «Карта Карабагских казенных летних пастбищ» (1899) əsərinin təhlili əsasında aşağıdakı nəticələrə gəlmək olar:

  - XIX əsrin sonunda coğrafi adların əksəriyyəti (84%) və bu səbəbdən tarixi Qarabağın toponimik fonu Azərbaycan-türk mənşəlidir və ən qədimdir;

  - XIX əsrin sonuna aid xəritə  həm təbii, həm də iqtisadi baxımdan tarixi Qarabağın aran (düzənlik) və yuxarı (dağlıq)  hissələrinin birliyini, bütöv ekosistem olduğunu göstərir. Xəritənin coğrafi məzmun elementləri azərbaycanlıların Qarabağın düzənlik və dağlıq hissələrinin əsas istifadəçiləri olduqlarını  təsdiqləyir;

- yuxarıdakı nəticələr, fikrimizcə, Qarabağın  vahid  bir təbii-iqtisadi sistem (ekosistem) olduğunu başa düşmək üçün arqument ola bilər. Əvvəlcə muxtar vilayət “Dağlıq Qarabağ” olaraq təyin edilmiş və daha sonra isə (30-cu illərin əvvəllərindən) onun bir qədər fərqli, “mahiyyət etibarilə eyni olmayan” “Dağlıq Qarabağ Muxtar Vilayətinə” necə çevrildiyi məlum deyil. DQMV-i süni inzibati vahid olaraq Qarabağın təbii-iqtisadi  bütövlüyünü pozdu, lakin bu bölgə üçün ən təhlükəli nəticələr sonradan Qarabağ münaqişəsinin və iki müharibənin (1988-2020) əsas səbəbi  olan erməni millətçiliyi və separatizmi ilə əlaqəlidir;

- 1923-cü ildə DQMV-in qurulmasından sonra hadisələrin sonrakı gedişi göstərdi ki, bu inzibati ərazi vahidi, əslində, gec açılan bombaya çevrildi. Tarixin sonrakı inkişafı 1921-1923-cü illərdə daşnak erməniləri tərəfindən bolşeviklərlə birlikdə hazırlanan  bu  ssenarini 1988-2020-ci  illərdə  tam təsdiqlədi.

Şamil ƏZİZOV, AR Elm və Təhsil Nazirliyi akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Kartoqrafiya  və geoinformatika şöbəsinin  müdiri, c.ü.f.d., dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: