AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Naftalan şəhərində və Goranboy rayonunda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstututunun arxeoloji ekspedisiyalarının fəaliyyəti ilə birbaşa qazıntı yerlərində tanış olub.
Əvvəlcə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində ərazisində yerləşən qədim Qalaboynu yaşayış yerinə baxış keçirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Naftalan şəhəri ərazisində müstəqillik illərində ilk dəfə fəaliyyət göstərən arxeoloji ekspedisiyanın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda da mövcud qala və tarixi abidələrin tədqiqi, arxeoloji qazıntı işlərinin aparılması üçün yeni imkanlar açıldığını vurğulayan akademik İsa Həbibbəyli Qarabağda aparılacaq elmi-tədqiqat işlərinin perspektivləri və bu tədqiqatların mühüm əhəmiyyətə malik olduğunu, bölgədə alternativ turizm imkanlarının yaradılmasına öz töhfəsini verəcəyinə yardım edəcəyini diqqətə çatdırıb.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və ekspedisiyanın rəhbəri, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov ekspedisiyanın fəaliyyəti dövründə aşkara çıxarılmış yaşayış yeri və burada tapılmış maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yerli əhali tərəfindən ərazinin əsrlər boyu Qalaboynu adlandırılması, abidənin quruluşu və aşkar olunan maddi-mədəniyyət nümunələrinə əsasən buranın Qala tipli yaşayış yeri olması ehtimalını irəli sürmək olar.
Abidənin üst təbəqəsi Orta əsrlər dövrünə, alt təbəqə isə Tunc dövrünə aiddir.
Orta əsrlər dövrünə aid mədəni təbəqədən qaya daşından və qırmızı bişmiş kərpicdən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib. Tunc dövrünə aid təbəqədən çiy kərpicdən inşa olunmuş tikili qalıqları aşkar edilib. Abidənin yerləşdiyi ərazi təbii-coğrafi baxımdan çox əlverişli yerdə yerləşir, həmçinin ətəyindən vaxtilə bol sulu çay keçmişdir. Çay yatağının ətrafı eneolit dövründən başlayaraq, orta əsrlərə qədər olan 6 min illik tarixi özündə əks etdirən yaşayış yerləri və qəbir abidələri ilə zəngindir.
Qaşaltı Qaraqoyunlu kəndi ərazisində eneolit, tunc və orta əsrlər dövrünə aid unikal çoxtəbəqəli yaşayış yerində aparılan arxeoloji qazıntı işləri ilə tanışlıq zamanı qazıntılar nəticəsində aşkar edilmiş eksponatlar da nümayiş etdirilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və “Naftalan–Sağlamlıq və Turizmin Sinerji mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin inkişaf strategiyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçıları da tarixi yaşayış yeri ilə tanış olublar.
Akademik İsa Həbibbəyli Goranboy rayonunun Muncuqlutəpə ərazisində fəaliyyət göstərən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antroplogiya İnstitutu tərəfindən yaradılmış ekspedisiyanın işi ilə tanış olub.
İnstitutun baş direktoru v.i.e. Fərhad Quliyev ekspedisiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Ekspedisiyanın rəhbəri, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov və qrup üzvləri ərazidə aparılan arxeoloji qazıntı işləri və qazıntı zamanı aşkara çıxarılmış eksponatlar haqqında mülahizələrini bildiriblər. Qeyd edilib ki, Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən nekropolda arxeoloji qazıntı işləri aparıb. Son Tunc - Erkən Dəmir dövrünə aid olan nekropolun ərazisi bir hektardan artıqdır. Abidə arxeoloq Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və burada ilkin tədqiqatlardan bu günə qədər fasilələrlə 19 qəbir öyrənilib. Əsasən düzbucaqlı və oval formalarda qazılmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə aşkar edilib. Nekropolda Xocalı-Gədəbəy mədəniyyətinə aid 6 qəbir qazılaraq tədqiq olunub. Diqqəti çəkən məqamlardan biri bəzi qəbirlərdə qoşa dəfnin həyata keçirilməsidir. Tədqiq edilən 19 qəbirdən 2-də qoşa dəfn həyata keçirilib. Qəbirlərdən birində qadın və kişi skeleti, digərində isə təxminən 40-45 yaşlarında qadın və 14-15 yaşlarında uşaq (qadın) skeleti aşkar edilib. Ehtimal ki, birinci qəbir kişi və onun xanımına, ikinci qoşa dəfn isə qadın və onun yeniyetmə qızına aid olub. Qəbirlərdən zəngin maddi-mədəniyyət nümunələri - saxsı qablar, tunc və dəmirdən hazırlanmış xəncərlər, bıçaqlar, müxtəlif minerallardan hazırlanmış bəzək əşyaları aşkar edilib. Nekropolda skeletlərin yaxşı vəziyyətdə qalması onlar üzərində antropoloji analizlərin aparılmasını asanlaşdırır. Arxeoloji materialların müqayisəli təhlilinə əsasən qəbirlər e.ə. IX-VIII əsrlərə aid edilir.
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov və rayon idarə və müəssisələrinin nümayəndələri də iştirak ediblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Naftalan şəhərində və Goranboy rayonunda aparılan arxeoloji qazıntı işlərinin yeni fəaliyyət istiqamətləri barədə institut rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını verib. AMEA rəhbəri yerlərdə fəaliyyət göstərən ekspedisiya qruplarının tərkibində arxeoloqlarla yanaşı antropoloq və və etnoqrafların da cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb. Builki arxeoloji qazıntılar mövsümünün uğurlu nəticələrlə başa çatacağına əminliyini ifadə edən akademik İsa Həbibbəyli bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi və ilin sonunda arxeoloji qazıntı mövsümünün yekun hesabat iclasının keçirilməsi istiqamətində, həmçinin yeni tapılmış maddi mədəniyyət nüminələrinin sərgisinin təşkil ediləcəyi ilə bağlı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyinə müvafiq tapşırıqlarını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.