Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Özbəkistan Respublikasına səfəri şərçivəsində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində olub, burada fəaliyyət göstərən Məhəmməd Füzuli Tədqiqatlar Mərkəzini ziyarət edib.
Akademik İsa Həbibbəyli Mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, universitetin rəhbərliyi və tələbələrlə görüşüb. Universitet təmsilçiləri ilə görüşdə iki qardaş ölkə alimləri arasında qurulmuş əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışan Akademiya rəhbəri Daşkənddə fəaliyyət göstərən Füzuli Mərkəzinin, eləcə də AMEA-nın Nizami Gəncəvi adaına Ədəbiyyat İnstitutunda yaradılmış Əlişir Nəvai Mərkəzinin ölkələrimizin tədqiqatçıları arasında etibarlı körpü rolu oynadığını diqqətə çatdırıb.
Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirociddinov tədqiqatçılar arasındakı əlaqələrin inkişaf etdiyini bildirib, bununla da yüksək elmi nəticələrin əldə olunduğunu xüsusi vurğulayıb.
Sonra tələbələr Azərbaycan dilində şeirlər səsləndiriblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Füzuli Mərkəzinə bir sıra kitablar bağışlayıb, xatirə hədiyyələri təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.