Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.03.2024 19:02
  • A-
  • A
  • A+

AMEA-da “Xalq rəssamı, akademik Ömər Eldarovla dialoq: sənət dünyası və gələcəyə baxış” mövzusunda dialoq təşkil olunub

AMEA-da “Xalq rəssamı, akademik Ömər Eldarovla dialoq: sənət dünyası və gələcəyə baxış” mövzusunda dialoq təşkil olunub

Xəbər verdiyimiz kimi, martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbir keçirilib.

Tədbir çərçivəsində, həmçinin “Xalq rəssamı, akademik Ömər Eldarovla dialoq: sənət dünyası və gələcəyə baxış” mövzusunda dialoq da təşkil olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilk dəfə olaraq Xalq rəssamı akademik Ömər Eldarovun fərdi heykəltəraşlıq sərgisinin Elm günü çərçivəsində təşkil olunduğunu söyləyib. Akademik İsa Həbibbəyli ömrünün 70 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr etmiş ustad heykəltaraş Ömər Eldarovun zəngin yaradıcılıq yolundan bəhs edib. Bildirib ki, ölkəmizdə heykəltəraşlıq məktəbi yaratmış akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltəraşlıq məktəbinin ən mükəmməl elementləri öz əksini tapmışdır. Görkəmli sənətkar Azərbaycan heykəltaraşlıq sənətinə “düşünən heykəllər” silsiləsini gətirmişdir. Akademik Ömər Eldarovun məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın elmi-ədəbi və ictimai-mədəni həyatının fəal iştirakçısı olduğunu söyləyən AMEA rəhbəri bildirib ki, məşhur heykəltəraş tərəfindən respublikamızda peşəkar rəssam və heykəltəraşlıq məktəbi formalaşmışdır.

Ona göstərilən diqqətə görə dövlət başçısına və Akademiya rəhbərliyinə dərin minnətdarlığını bildirən Ömər Eldarov uşaqlıq illərindən, heykəltəraş olmağına keçən yoldan bəhs edib. Ömər Eldarov vurğulayıb ki, Fəxri xiyabanda ucalan bütün heykəl və büstlər onun əl işidir və bu baxımdan Fəxri xiyabanı özünün açıq səma altında fərdi sərgisi adlandırmaq olar. Keçdiyi şərəfli yolun gərgin əmək tələb etdiyini bildirən Ömər Eldarov yaratdığı obraz və kompozisiyalardan, görkəmli şəxsiyyətlərlə işindən, təkcə Azərbaycanda yox, dünyanın bir sıra ölkəsində yaratdığı əsərlərdən danışıb.

Daha sonra Ömər Eldarovun həyat və fəaliyyətini əks etdirən “Hələ axşam deyil” sənədli filmi nümayiş etdirilib.

Akademik İsa Həbibbəyli, həmçinin ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunan Ömər Eldarova mükafatını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: