AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 3 May - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə kitab sərgisi açılıb.
Sərginin açılışında MEK rəhbərliyi və əməkdaşları, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri və müəllim heyəti iştirak ediblər.
Ölkədə mətbuat azadlığı prinsiplərinə hörmətlə yanaşıldığını vurğulayan MEK-in Kitabxana xidməti üzrə direktor müavini dosent Şəhla Tahirqızı sərgi haqqında fikirlərini bölüşüb. O sərgidə MEK-in fondunda qorunan nəşrlərin bir qisminin nümayiş olunduğunu bildirib və tədbirin davamında iştirakçıları MEK-lə yaxından tanışlığa dəvət edib.
MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mübariz Göyüşlü MEK-in ölkə kitabxanaları arasında ən aparıcı müəssisələrdən biri kimi gənclərin üzünə hər zaman açıq olduğunu, onlara buradakı nəşrlərlə yaxından tanışlıq imkanının verildiyini xatırladıb və tələbələri kitabxanadan istifadəyə çağırıb. Çıxışında bugünün tarixi və mahiyyəti haqqında ətraflı məlumat verən M.Göyüşlü informasiyanın önəmindən danışaraq qəzetlərin çapı, radio və televiziyaların kəşfi, daha sonra isə internetin meydana çıxması informasiyanı bütün dünyada ən qiymətli məhsula çevirdiyini vurğulayıb.
Daha sonra MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova iki həfə müddətində sərgilənəcək nəşrlər haqqında məlumat verib. Qeyd edib ki, onların sırasında “Heydər Əliyev və mətbuat. Müsahibələr, bəyanatlar, müraciətlər, çıxışlar, təbriklər”, “Heydər Əliyevin media dərsləri”, “Azərbaycan maarifinin yorulmaz carçısı Həsən bəy Zərdabi - 170”, “Molla Nəsrəddin” və "Füyuzat" jurnalları, "Kəşkül" qəzeti, “Məhəmməd Hadi və mətbuat (1905-1920)” (İslam Qəribli), “Dövlət siyasətinin informasiya təminatı” (Aslan Aslanov), “Azərbaycan jurnalistləri və naşirləri” ensiklopediyası, “Radio jurnalistikası” və “Televiziya jurnalistikası” nəşrləri, “Mətbuat və demokratiya”, ““Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” (üç cilddə), “Azərbaycan mətbuatı və çar senzurası. 1850-1905” (Ağarəfi Zeynalzadə), dünya jurnalistika tarixindən nümunələr və digər nəşrlər mövcuddur.
Sonda iştirakçılar kitabxananın Sərgi salonundakı daimi sərgilərlə, fondları, oxu zalları, nəşrləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.