Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.12.2015 09:37
  • A-
  • A
  • A+

Filologiya elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artırılır

Filologiya elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artırılır

Ölkəmizdə filologiya elminin zəngin inkişaf tarixi, yaxşı ənənələri var və bu mühüm elm sahəsi üzrə tədqiqatlar müasir dövrdə də fəal şəkildə davam etdirilir. Hər il filologiya elminin müxtəlif sahələri ilə bağlı onlarla dissertasiya müdafiə edilir. Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının vəzifəsi bu sahədə ilkin ekspertiza vəzifəsini yerinə yetirməkdir. Əvvəllər ayrı-ayrı elm sahələri üzrə mövcud olmuş koordinasiya şuraları yalnız yazılan dissertasiyaların mövzularının təkrarlanmasının qarşısını almaq vəzifəsini yerinə yetirirdisə, indi həmin qurumların həm fəaliyyət dairəsi, həm də səlahiyyətləri xeyli genişlənib. Filologiya Problemləri üzrə Elmi Şura AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində fəaliyyət göstərir. Respublikanın bütün müvafiq elmi tədqiqat institutları və elmi müəssisələrində, eləcə də ölkənin bütün təhsil ocaqlarında ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, mətnşünaslıq, folklor, dilçilik və digər istiqamətlərdə yazılacaq dissertasiyaların mövzusu əvvəlcə Filologiya Problemləri üzrə Elmi Şurada ciddi şəkildə araşdırılaraq tədqiq edilir.

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasına akademik Rafael Hüseynov rəhbərlik edir. Şuranın tərkibinə Azərbaycanın filologiya sahəsindəki ən görkəmli alimləri cəlb edilib.

Əsasnaməyə görə, ayrı-ayrı elm sahələri üzrə Elmi Şuraların iclasları ildə 4 dəfədən az olmayaraq keçirilməlidir. Lakin başa çatan 2015-ci ildə filoloq alimlər 8 dəfə toplaşaraq araşdırılacaq mövzularla bağlı müfəssəl müzakirələr aparıblar. Filologiya üzrə Elmi Şuranın dekabrın 25-də keçirilən axırıncı iclası ilə bağlı akademik Rafael Hüseynov bildirib ki, artıq tarixə çevrilən 2015-ci ildə biz filologiya elmləri üzrə doktorluq dərəcəsi almaq üçün yazılacaq 28, fəlsəfə doktoru olmaq üçün üzərində işləniləcək 159 mövzuya “hə” demişik. Bütövlükdə bir il ərzində filologiyanın fərqli qanadları ilə əlaqədar 187 dissertasiya üzərində araşdırmaların başlanması son dərəcə təqdirəlayiq hadisədir. Lakin unudulmasın ki, bu, heç də bizə təqdim olunan mövzuların hamısı deyil. Mövzusunun təsdiqi ilə bağlı müraciət edənlərin sayı əslində daha çox olub. 46 iddiaçıya ya mövzuları əvvəllər işlənmiş olduğu, ya artıq işlənməkdə olan hansısa tədqiqatları təkrarladığına görə, yaxud da mövzunun elmi cəhətdən yetərincə dərin və gərəkli olmadığı əsas götürülərək müsbət cavab verilməyib. Lakin belə hallara da rast gəlinir ki, mövzu da kifayət qədər qənaətbəxşdir, tərtib olunmuş tədqiqat planı da müasir tələblərə uyğundur, lakin iddiaçı ilə söhbət əsnasında, sual-cavablar gedişində onun özünün bu mövzunu lazımınca işləməyə qadir bir səviyyədə olmadığı aşkarlanır. Biz tam prinsipiallıq və ədalət duyğusu ilə Azərbaycan elminin, milli filoloji düşüncəmizin gələcəkdə daha da tərəqqi etməsi üçün bütün təcrübə və bacarığımızı sərf edir, gənclərin öz elmi yolunun lap başlanğıcından düzgün səmtləndirilməsinə səy göstəririk”.

Rafael Hüseynov əlavə edib ki, ənənəvi olaraq yenə də filologiya elmləri üzrə dissertasiya müdafiə etmək istəyənlərin sayı digər elm sahələri ilə müqayisədə üstünlük təşkil edir. Lakin əvvəlki dövrlərlə müqayisədə həm bu tədqiqat mövzularının miqyası genişlənib, həm də yeni araşdırmaların müasir dünya elminin yüksək tələblərinə uyğunlaşması istiqamətində ciddi irəliləyişlər müşahidə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: