Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş minifutbol idman yarışının final mərhələsi baş tutub.
Bakı Dövlət Universitetinin idman meydançasında baş tutan final görüşündə Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Texniki Universitetinin komandaları qarşılaşıb. 2-1 hesabı ilə qalib gələn Azərbaycan Texniki Universitetinin komandası 1-ci yerin sahibi olub.
Bakı Dövlət Universitetinin komandası isə Bakı Biznes Universitetinin komandasını 7-1 hesabı ilə məğlub edərək üçüncü yerin sahibi olub.
Daha sonra təltifetmə mərasimi baş tutub.
Mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin müşahidə şurasının sədri Fərhad Qaraşov, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, Həmkarlar Təşkilatlarının sədrləri, YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı şəhər Gənclər və İdman İdarəsi Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun məsul əməkdaşları, Yasamal rayonunda yerləşən ali təhsil müəssisələrinin nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
I, II və III yerləri tutmuş komandalara kubok, medal və sertifikatlar təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.