Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ümummilli Lider Heydər Əliyevin ekoloji təhlükəsizlik konsepsiyası və suveren Azərbaycanın iqlimə dayanıqlı gələcək üçün hədəfləri
12.12.2024 10:50
  • A-
  • A
  • A+

Ümummilli Lider Heydər Əliyevin ekoloji təhlükəsizlik konsepsiyası və suveren Azərbaycanın iqlimə dayanıqlı gələcək üçün hədəfləri

Xəbər verdiyimiz kimi, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “COP29-da Heydər Əliyev imzası və gender dividendləri” mövzusunda tədbir keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Ümummilli Lider Heydər Əliyevin ekoloji təhlükəsizlik konsepsiyası və suverən Azərbaycanın iqlimə dayanıqlı gələcək üçün hədəfləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəni təqdim edirik:

Müstəqil, suveren və demokratik Azərbaycan Respublikası bu gün öz tarixinin yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu dövr bütün digər xüsusiyyətləri ilə yanaşı, qarşıya xalqın rifahı və sağlamlığı üçün çox böyük əhəmiyyət daşıyan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq kimi bir ciddi hədəfin qoyulması ilə də xarakterikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bu sahədə keçirilmiş tədbirlər həmin məqsədin əldə edilməsi istiqamətində atılmış növbəti mühüm addımlardır.

Bu il Azərbaycan böyük tarixi əhəmiyyət daşıyan və dünya üçün taleyüklü bir tədbirə evsahibliyi etmişdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya­sının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabr ayında ölkəmizdə böyük uğurla keçirilməsi Dövlət Başçısının şəxsi nüfuzunun, eləcə də Azərbaycanın qlobal siyasi arenada özünü etibarlı tərəfdaş, birləşdirici güc, ideya və idrak mərkəzi kimi sübut etməsinin təsdiqinin nəticəsidir.

COP29-un yüksək səviyyədə baş tutması və burada qəbul edilmiş qərarlar həmçinin Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu ekoloji təhlükəsizlik konsepsiyanın təntənəsi hesab edilə bilər.

Təbii sərvətlərin canlı həyata zərər vermədən təhlükəsiz istifadəsi tarixən Azərbaycan xalqının ənənəvi fərqləndirici xüsusiyyətlərindən olmuş, müvafiq dünyagörüşü folklorda, ədəbiyyatda, sənət əsərlərində, mədəniyyət abidələrində geniş yer tutmuşdur. Mənbələrdə dəfələrlə qeyd edilmişdir ki, bu yurdun qadınları ən qədim zamanlardan ailə ocağının mühafizləri olduqları kimi, təbiətin, canlıların, yaşıl dünyanın da qorunmasında və artırılmasında aparıcı rol oynamışlar.

Azərbaycanda elmi əsaslı ekoloji fikrin inkişafının əsasında ilk növbədə akademik Həsən Əliyevin, daha sonra Budaq Budaqovun, Cəlal Əliyevin, Musa Musayevin, Qərib Məmmədovun və digər alimlərin əsərləri durmuşdur. Onların qaldırdığı problemlər və irəli sürdükləri həll yolları Ulu Öndər Heydər Əliyevin ekoloji təhlükəsizik konsepsiyasının konturlarının müəyyən edilməsində önəmli rol oynamışdır. Ulu Öndərin məqsədlərdən biri bu konsepsiyasının reallaşdırılmasına yerli icmaların, xüsusən qadınların və gənclərin cəlb edilməsi olmuşdur.

1970-ci illərin əvvəllərindən başlayaraq Ulu Öndərin səyi ilə ölkənin bioloji ehtiyatlarının qorunub-saxlanması, nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növlərinin bərpası üçün geniş həcmdə işlər aparılmış, yeni-yeni yaşıl massivlərin, meşə zolaqlarının salınması kütləvi xarakter almışdı. 1969-1982-ci illərdə Ümummilli Liderin təşəbbüsü ilə ekologiya, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair çox mühum 8 qanun, Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 32 qərarı qəbul olunmuşdu. 1969-cu ildən qorunan təbiət ərazilərinin sayının artırılması və sahələrinin genişləndirilməsi də xüsusilə intensivləşmişdir. Bu bir faktdır ki, 1970-ci ilə qədər, təqribən 50-60 il ərzində Bakı şəhərində adambaşına düşən yaşıl sahəni yalnız 6,5 kvadratmetrə çatdırmaq mümkün olmuşdusa, Ulu Öndərin təşəbbüsu ilə 7 sentyabr 1971-ci ildə Bakı şəhərinin yaşıllaşdırılması haqqında verilmiş mühüm qərar sayəsində 1975-ci ildə bu göstərici 17,5 kvadratmetr olmuşdu. 1969-1982-ci illər ərzində Heydər Əliyevin ardıcıl fəaliyyəti və şəxsi təşəbbüsləri nəticəsində dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınmışdı.

Ulu Öndərin dəstəyi ilə Azərbaycanda biologiya, aqrar və ekologiya elmlərinin inkişafında, ətraf mühit və biomüxtəlifliklə bağlı strateji sənədlərin hazırlanmasında akademik Cəlal Əliyevin istiqamətverici rolu da qeyd edilməlidir.

Azərbaycan müstəqillik qazanandan sonra Ümummilli Liderin ilk addımlarından biri “Yaşıl dünya” məfkurəsinin yenidən ön plana çıxarılması olmuşdur. Azərbaycan Respublikası ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı beynəlxalq sənədlərə, konvensiyalara, onların protokollarına qoşulmuş, beynəlxalq öhdəliklər də nəzərə alınmaqla ölkə qanunvericiliyi təkmilləşdirilmişdir.

Ulu Öndərin ekoloji təhlükəsizlik kursu cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilmiş, Azərbaycanda eko- və biotəhlükəsizlik istiqamətində inanılmaz dərəcədə böyük işlər görülmüşdür.

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir və həssas növlərin bərpası məqsədilə əhəmiyyətli tədbirlər, o cümlədən nadir növlərin bərpası, kütləvi ağacəkmə aksiyaları, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya”lar və fəaliyyət planları, 2010-cu ilin “Ekologiya ili” elan olunması, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinin yaradılması ekologiyanın sağlamlaşdırılması istiqamətində görülən işlərə gözəl nümunələrdir. Bütün bu proseslərdə Mehriban xanım Əliyevanın rolu və xidmətləri də xüsusi qeyd edilməlidir. Mehriban xanımın özü və rəhbərlik etdiyi qurumlar tərəfindən görülən müqayisəyəgəlməz işlər xalq arasında olduğu kimi, dünyada da rəğbətlə qarşılanmış, həmçinin ölkəmizin və azərbaycanlı məfhumunun beynəlxalq imicinə da müsbət təsir etmişdir.

Ulu Öndərin bütün dünya üçün faydalı nümunə sayıla biləcək ekoloji təhlükəsizlik konsepsiyasının əsas müddəaları COP29 müddətində keçirilən əksər tədbirlərdə müzakirələrin mövzuları sırasında olmuşdur. Qarşıya qoyulan məqsədlərdə iqlim dəyişikliklərinə qarşı mübarizə ilə yanaşı, bu dəyişikliklərin əhali və biomüxtəlifliyin həssas qruplarına təsirinin, fəsadlarının aradan qaldırılması və ya azaldılması məsələləri geniş şəkildə əhatə edilmişdir. COP29 konfransı çərçivəsində iqlim dəyişikliyinin qadınlara təsirinə həsr olunmuş Gender Günündə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi bir fikri xatırlatmaq istərdim: “İqlim fəlakətlərinin qurbanlarının beşdə dördünü qadınlar təşkil edir və onlar fəlakətlərin nəticələrinə 14 dəfə daha həssasdırlar”. “Təbiət və Biomüxtəliflik / Yerli İnsanlar / Gender Bərabərliyi / Okeanlar və Sahil Zonaları Günü”ndə keçirilmiş “Dəyişiklik yaradan güc: İqlimə dayanıqlı gələcək üçün gender əsaslı innovasiyaların təkmilləşdirilməsi” adlı tədbirin də əsas məramı iqlimə davamlı gələcək naminə qadınların, xüsusilə qadın alim və iş adamlarının gördükləri və görə biləcəkləri işlər, milli, regional və qlobal hədəflər olmuşdur. COP29-da əldə edilmiş nailiyyətləridən biri də 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramının qəbul edilməsi göstərilə bilər ki, bu da sırf iqlim və onun fəlakətləri ilə bağlı qadın hüquqlarının təsbitini və proseslərdə qadınların iştirakını nəzərdə tutur.

Gender və iqlim problemlərinə elmi əsas və ədalət prizmasından yanaşma respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndərin ekoloji təhlükəsizlik konsepsiyasının əsas istiqamətlərindən olmuşdur. Böyük Azərbaycanlının irəli sürdüyü prinsiplər Azərbaycanın iqlimə dayanıqlı gələcək üçün hədəfləri sırasında mühüm yer alır.

Azərbaycanın yaşıl dünya və sağlam ətraf mühit hədəfləri tək bizim xalqımızın deyil, dünyanın da gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Onların sırasında aşağıdakıları xüsusi qeyd edə bilərik:

- Azərbaycanın sosial-iqtisadi inkişafına dair 2030-cu ilə qədər reallaşdırılması planlaşdırılan 5 milli prioritetindən biri: “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”nə çevrilməkdir,

- Bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə olunması,

- Ölkədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40% azaldılması,

- 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq,

- Yaşıl enerji sahəsində lider mövqelərə çıxmaq və yaşıl enerji ixrac etmək üçün mövcud enerji sisteminin şaxələndirilməsi,

- 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində milli hədəflərin yenilənməsi,

- Qorunan ərazilərin sayının artırılması və ərazilərinin, o cümlədən meşə sahələrinin genişləndirilməsi.

Yeri gəlmişkən, həm yerli, həm də qlobal miqyasda elm tərəfindən ekoloji, ərzaq və bioloji təhlükəsizliyə müasir yanaşmaların tətbiqi ilə töhfə verilməsi AMEA Biologiya və Tibb Elmləri Bölməsinin daim diqqət mərkəzində olmuşdur. Ölkədə tədqiqatlar üçün Bölmə tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlərdən ikisi (“Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” və “Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması”) əsasən yuxarıda qeyd edilən problemlərə və müasir yanaşmalarla onların həllinə hədəflənmişdir.

Bu istiqamətlərə yaşıl dünya, yaşıl enerji ilə bağlı daha birinin əlavə edilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: