Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

22.07.2025 10:31
  • A-
  • A
  • A+

Milli mətbuatımızın atası Həsən bəy Zərdabi

Milli mətbuatımızın atası Həsən bəy Zərdabi

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adı tarixə  qızıl hərflərlə yazılmışdır. Onun min bir əziyyətlə ərsəyə gətirdiyi "Əkinçi" qəzetinin nəşrindən 150 il ötür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd edilməsi haqqında 25 aprel 2025-ci il tarixli Sərəncamı ölkə mətbuatına verilən yüksək dəyər və qiymətin ifadəsidir.

Bu gün Həsən bəy Zərdabinin ömür yoluna  nəzər yetirəndə onun gördüyü işlərin nə dərəcədə ağır, lakin ölçüyəgəlməz bir fədakarlıq olduğunun şahidi olursan. Sağlığında vətəndə layiqli qiyməti verilməyən, qaragüruhçular tərəfindən daima təqib edilən, nadanların, avam din xadimlərinin istehzasına tuş gələn Həsən bəy ömrünün sonunadək bunlarla usanmadan mübarizə yolunu seçmiş, arzularına zaman-zaman qalibiyyət gətirmişdir. O, qəzetin nə olduğunu, teatrın, mədəniyyətin, təhsilin, xeyriyyəçiliyin şirinliyini savadsızlıq içində boğulan millətin gələcək yoluna ilk olaraq  bəxş etmişdir. 1842-ci ildə Şirvanın ucqar bir kəndində - Zərdabda  doğulan, gəncliyində Moskva kimi şəhərdə təhsil alan və qalan həyatını zülm və istibdad içində yanan millətinin taleyinə öz taleyini bağlayan Zərdabi 65 illik ömrünü mübarizə ilə başa vuran tarixi şəxsiyyətdir. Təbii ki, mətbuat tariximizin işığında onun haqqında bugünədək nasirlər, naşırlər, tədqiqatçılar, publisistlər ustadları kimi min bir əziyyətlərə dözərək tanınmış qələm sahiblərinə çevrilmişlər.  Onlardan biri də Həsən bəy Zərdabi ideyalarını yaşadan, onun keçdiyi yollara aydınlıq gətirməyə çalışan, yaradıcılığını tədqiq və təbliğ edən tədqiqatçı, etnoqraf - tarixçi alim Esmira Cavadovadır.  

- Esmira xanım, necə oldu ki, sizin Həsən bəy Zərdabi yaradıcılığına marağınız artdı, onun vəfalı bir tədqiqatçısına çevrildiniz?

- Mənim Həsən bəy Zərdabi  irsi ilə yaxından tanışlığım Bakı Mədəni-Maarif Texnikumunda (İndiki Bakı Humanitar Kollecində) 1972-2002-ci illərdə dərs dediyim illərdən başladı. 1980-ci ildən pedaqoji fəaliyyətlə yanaşı, mən Azərbaycan SSR EA Tarix İnstitutunun dissertantı kimi "Həsən bəy Zərdabinin  (1842-1907) əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişəm. 1986-cı ildə Belarusiya SSR EA İncəsənət, Etnoqrafiya və Folklor İnstitutunun Elmi şurasında müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışam.

- XX əsr sovet ədəbiyyatının tədrisi və təbliği illərində Həsən bəy Zərdabinin doğum tarixində 1837-ci illəri qeyd edirdilər, bəzən isə 1842 yazılırdı. Doğum tarixi mübahisəli bir məsələyə çevrilmişdi. Bu mübahisəyə necə son qoydunuz?    

- 2003-cü ildən mən AMEA Məhəmməd Füzuli adınana Əlyazmalar İnstitutunun şəxsi arxivlərin tədqiqi şöbəsində böyük elmi işçi kimi fəaliyyətə başlamışam. Elə bu ildəcə  mən H.Zərdabinin şəxsi fondunun bir daha doğum tarixini araşdıraraq doğum tarixini dəqiqləşdirən" Attestat" adlı bir sənədi (rus dilindədir) üzə çıxarmış, sənədə əsasən, 1842-ci ildə anadan olduğunu faktlarla təsdiqləmişəm. Həmin sənəd Həsən bəyə təqiblərlə üzləşdiyinə məcburiyyət qarşısında qalaraq Bakı Real Gimnaziyasından öz xahişi ilə işdən azad olunduğuna görə müdiriyyət tərəfindən möhürlənmiş, imzalarla, eləcə də Tiflis notariusunda təsdiqlənmiş şəkildə təqdim olunmuşdur. Bu haqda mənim tərəfimdən bir daha Həsən bəy Zərdabinin doğum ili haqqında "Tarix və onun problemləri", 2003. n-4, s.74-81, "Respublika" qəzeti, "Azərbaycan" qəzetində  məqalələrim çap edilərək elmi ictimaiyyətə və geniş oxucu qrupulara məlumat verilmişdir.

- Siz, bir tədqiqatçı, tarixçi-etnoqraf alim kimi Həsən bəy haqqında nə deyə bilərsiz?

- Həsən bəy Zərdabi azərbaycanlıların həyat tərzinin gözəl bilicisi olmuşdur. O, müxtəlif illərdə Azərbaycan torpaqlarını qarış-qarış gəzmiş,  millətin xarakter xüsusiyyətlərinə, adət-ənənələrini dərindən öyrənmişdir. Zərdabinin Azərbaycan xalqının yaşayış tərzi, məşğuliyyəti - əkinçilik və maldarlıqla bağlı təsərrüfat məsələləri, habelə maddi və mənəvi mədəniyyəti, ailə məişət məsələlərinin tədqiq etmişdir. Bütün bunlar   2012-ci ildə Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyi münasibətilə "Həsən bəy Zərdabinin etnoqrafik görüşləri" kitabımda ("Elm və təhsil" nəşriyyatı, 160 s.) öz əksini tapmışdır. 

 - 2015-ci ildə "Деятельность Гасан бека Меликова ( Зардаби ) в Бакинской Городской Думе (1897 - 1907) adlı kitabı"nız işıq üzü görmüşdür. Bu necə ərsəyə gəldi?

 - Məlumdur ki, Həsən bəy ailəsi il birgə 16 il Zərdabda yaşamış, fəaliyyət göstərmişdir. O, Zərdabda 1896-cı ildə bərk xəstələnir. Ailə Bakıya köçür, xəstəliyi ilə mübarizə aparır və müalicə alır. Bakı ədəbi mühüti onu yenidən ağuşuna alır. Az müddətdə Bakı Şəhər Dumasına üzv seçilir. 10 il müddətində şəhərin mədəniyyət, iqtisadiyyat, təhsil sahəsinin inkişafında əvəzsiz xidmətləri olur.

 Həsən bəy Zərdabi Dumanın əksər iclaslarında fəal iştirak edir və müzakirəyə qoyulan, icra olunan məsələlərin obyektiv, düzgün olmasına, xalqın mənafeyini müdafiə etməsinə çalışırdı. Dumada müzakirə olunan məsələlər şəhər mühiti ilə bağlı problemlərin aradan qaldırılmasına həsr olunurduBu cəfakeş insan pulsuz xəstəxanaların, məktəblərin, kitabxanaların, uşaq evlərinin (yetimxanaların), kitab evlərinin, xalq evlərinin (yaşayış evlərinin), ictimai binaların, qocalar evinin, uşaq baxçalarının, bağların, bulvarın, səliqəli bazarın açılışına, xəstəxanaların, evlərin təmirinə, şəhərin təmizliyinə və s. sahələrə ayrılan büdcənin şəhər üçün, xalq üçün olduğuna görə kifayət qədər olmasına çalışırdı. Kaspiqəzetində, arxiv sənədlərində o illərin fəaliyyəti öz əksini tapıbdır. Bu sənədlərə rəğmən, tədqiqatıma əsasən, 2015-ci ildə mənim 555 səhifəlik "Деятельность Гасан бека Меликова (Зардаби) в Бакинской Городской Думе (1897 - 1907) adlı kitabım işıq üzü gördü.

Kitabda H.Zərdabinin Dumadakı fəaliyyəti ilə yanaşı, digər Duma üzvlərinin fəaliyyətini də izləmək mümkündür.

Kitab elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

  - Elmi fəaliyyətinizin uzun illərini millət fədaisi Həsən bəyin xidmətlərinin axtarışında olmusuz. Bu, sizi usandırmamışdır?

  - Xeyr! Əksinə, Həsən bəy Zərdabinin fəaliyyətini araşdıran zaman gördüm ki, bu insan sanki bir el qəhrəmanıdır. Onun xalq, millət qarşısındakı xidməti kimsənin tərəzisinə uyğun gəlməz. O, zülm, cəhalət və istismardan qurtarmaq üçün yollar axtarırdı. Bu şəxsiyyət  ömrünü xalqının işıqlı gələcəyinə qurban vermiş millət fədaisidir.

Tarixdə Həsən bəyin dəfnində iştirak edən çoxsaylı millətlərdən də aydın olur ki, ona olan sevgi, mənsubiyyətindən və millətindən asılı olmayan bəşəri sevgidir.

Böyük sənətkarı tədqiq edən illərdə mənə tanrı tərəfindən sanki bir qüvvə  gəlirdi, ruh verirdi. Həsən bəy özü son mənzilə yola düşənə qədər millətinin dərd-sərinə bir aşiqi-insan kimi yanaşmış, özünü onlara xidmət etməklə fəda borcu sanmışdır.

 Milli mətbuatın 140 illik yubileyinə töhfə olaraq mənim "Həsən bəy Zərdabi (Məlikov). Elmi-köməkçi biblioqrafik göstərici" adlı kitabım (Bakı, "Elm və təhsil", 2016, 410 s.) nəşr olunmuşdur. Onu da qeyd edim ki, Həsən bəy Zərdabinin biblioqrafik göstəricisi ilk dəfə idi ki, tərtib olunmuşdu. Göstəricidə Azərbaycan mətbuatının banısi Həsən bəy Zərdabinin 1842-1907-ci illərdə həyat və fəaliyyəti ilə bağlı dərc edilən bütün materiallar əks olunmuşdur.

 Bu biblioqrafik göstəriciyə görə mən "Həsən bəy Zərdabi irsinin tədqiqindəki xidmətlərinə görə  Azərbaycan Mətbuat Şurası tərəfindən 13 dekabr 2017-ci ildə "Həsən bəy Zərdabi" diplomu ilə təltif olunmuşam.

 Ümumiyyətlə, mənim Əlyazmalar İnstitutunda işlədiyim 2003-2022-ci illər ərzində 12 adda  elmi kitabım, 130-dan çox elmi, eləcə də publisistik məqalələrim respublikada və onun hüdudlarından kənarda çap olunmuşdur. Azərbaycanda mətbu irsin öyrənilməsindəki xidmətlərimə görə isə Milli mətbuatın 140 illik yubileyi ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının III dərəcəli Ali Media Mükafatı ilə təltif edilmişəm.

 - Həsən bəy Zərdabi aşiqinə çevrilmiş bir övladı kimi yazarlara, qələm sahiblərinə nə arzu edərdiniz?

 -  Həsən bəy Zərdabi aşiqi kimi, onun zəhmətini, əməllərini yaşatmaq və maarifçilik ideyalarını gələcək nəsillərə çatdırmaq üçün daima axtarışda olmuşam. Ömrünü millətinin yolunda bir şam kimi ərindən millət fədaisini təbliğ etməyi ziyalı bir övlad olaraq, özümə borc sanmışam. Xoşbəxtəm ki, dahi Həsən bəy ideyalarını yaymaq, tədqiq və təbliğ etmək, gələcək nəsillərə çatdırmaqda digər həmkarlarım kimi mənim də xidmətim  olub. Onun arzularında qəzet - millətin güzgüsüdırO güzgünü nə qırmaq, nə də ləkələmək olmaz! Hə addımımız, hər əməlimiz onun qoyub getdiyi saflıq və həqiqət cığırı ilə ayaqlaşmalıdır. Həsən bəy demişkən: bu cığır, bu yol - millətə xidmətdir, Vətənə xidmətdir! Ruhun şad olsun, ustad sənətkar, mətbuat tariximizin atası - dahi insan Həsən bəy!

Müsahibəni apardı: 

 

Sərvan KƏRİMOV, “Elm və həyatjurnalının məsul katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: