Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “İqlim dəyişikliyi kontekstində gender bərabərliyi: qadınların hüquq və imkanlarının gücləndirilməsi” mövzusunda təlim təşkil olunub.
Təlimi giriş sözü ilə açan institutun icraçı direktoru, dosent Rəvan Mehdiyeva vurğulayıb ki, iqlim dəyişmələri bu gün bəşəriyyəti narahat edən əsas problemlərdən biridir. Bu proses həm ətraf mühitə, həm də insanlara ciddi təsir göstərərək onların həyat şəraitinə və iş qabiliyyətinə mühüm təsir edən amil kimi qiymətləndirilir. O, həmçinin İnstitutda bu sahədə aparılan elmi işlərin nəticələri barədə məlumat verib.
R.Mehdiyeva qeyd edib ki, iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox qadınlar və uşaqlar əziyyət çəkirlər:
“Təlimin əsas məqsədi iqlim dəyişmələrinin təsirinin azaldılması yollarını təbliğ etməkdir. Tədbir həm də gənclər arasında ailə və nikahın əhəmiyyətini önə çəkmək, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri barədə maarifləndirmə aparmaq məqsədi daşıyır”,- deyə R.Mehdiyeva qeyd edib.
Təlimdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova “Azərbaycanda və qlobal müstəvidə dayanıqlı inkişaf kontekstində iqlim dəyişikliyinin sosial təsirləri”, Azərbaycan Dillər Universitetinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova isə “İqlim dəyişikliyinin gender bərabərliyinə təsiri” mövzularında mühazirələrlə çıxış ediblər.
Sonda mühazirəçilər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.