Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

22.12.2025 12:20
  • A-
  • A
  • A+

Azər­baycan Prezident İlham Əliyevin titanik fəaliyyəti ilə bundan sonra da yüksək zirvələri fəth edəcəkdir

Azər­baycan Prezident İlham Əliyevin titanik fəaliyyəti ilə bundan sonra da yüksək zirvələri fəth edəcəkdir

Bu gün ölkəmizin inkişafında və dünya səviyyəsində tanın­masına səbəb olan səriştəli siyasi rəhbər, təcrübəli diplomat Prezident İlham Əliyevin beynəlxalq münasibətlərin bütün sirlərinə məhz gənc yaşdan yiyələnməsi onun dahi bir şəxsiyyət olmasına zəmin yaradırdı. 1994-2003-cü illəri əhatə edən bu dövrdə neft və qaz sahəsində olan uğurlar gənc liderin dayanmadan və yorulmadan vətən üçün çalışması və xalqa xidmət etməsi nəticəsində əldə edilmişdir. Müasir Azərbaycanın neft siyasətinin geopolitik istiqamətləri barədə geniş tədqiqat işlərinin müəllifi olan Prezident İlham Əliyev siyasi elmlər doktoru dərəcəsi almışdır.

Prezident İlham Əliyev gənclər və idman siyasəti sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsində xüsusi rol oynamışdır. 1995-ci və 2000-ci illərdə Milli Məclisə ke­çiri­lən seçkilər nəticəsində millət vəkili seçilən İlham Əliyev bu sahədə çox uğurlu fəaliyyət göstərmiş, seçicilərin etimadını ən yüksək səviyyədə doğrultmuş, eyni zamanda ölkədə gedən inkişafın, həyata keçirilən islahatların normativ-hüquqi bazası olan qanun layihələrinin hazırlanması və qəbul edilməsində əvəzsiz xidmət göstərmişdir.

Məhz gənc yaşlarında yiyələndiyi diplomatiyanın bütün sirlərin­dən məharətlə istifadə edən siyasi xadim beynəlxalq arenada Azərbaycanın maraq və mənafelərini qorumuşdur. Ulu Öndərin ideya­larına və siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev qısa zaman kəsiyində Azərbaycanı bütün sahələrdə zirvələrə daşımışdır. Ümumiyyətlə onun güclü diplomatik təcrübəsi, pedoqoji fəaliyyəti, idarəetmə və liderlik təcrübəsi Azərbaycanın inkişafında, iqtisadiy­yatının güclənməsində, ordu quruculuğunda, neft strategiyası­nın hə­yata keçirilməsində böyük rol oynamışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması, möhkəmlənməsi və inkişaf etdirilməsi kimi çətin və şərəfli bir işi məhz ona həvalə etmişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 okt­yabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, mühüm işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin ina­mını diqqətə çatdırdı: "Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövləti­nin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidenti oldu­ğunu dəfələrlə demiş və eyni zamanda bunu əməli fəaliyyətilə də ortaya qoymuşdur. Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək, qarşıya qoyulmuş qlobal və lokal əhəmiyyətli məsələlərin həlli üçün bütün siyasi gücündən istifadə etmişdir.

Azərbaycan Respublikasının milli inkişaf sisteminin formalaş­dırılmasında müstəsna xidmətlərə malik olan Prezident İlham Əliyevin qəbul etdiyi milli inkişaf strategiyası nəticəsində ölkəmiz bu gün yüksək inkişaf dövrünü yaşamaqdadır. Ölkə başçısı İlham Əliyev Azərbaycanın dinamik inkişafını, tərəqqisini, çiçəklənməsini verdiyi praqmatik qərarlarla, imzaladığı sərəncam və fərmanlarla təmin edən qurucu, intellektual, bacarıqlı dövlət xadimi olduğunu bütün dünyaya nümayiş etdirdi. Bütün sosial-iqtisadi nailiyyətlərlə bərabər, Prezident İlham Əliyev ölkədə daxili sabitliyin təmin edilməsində müstəsna rol oynadı. Bunun üçün ilk növbədə qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəy­liyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam ictimai mühiti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qorumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğu və hissini yaratdı. Bunlar bütünlüklə cənab İlham Əliyevin Azərbaycanı parlaq qələbəyə aparan sistemli strategiyası idi.

Prezident İlham Əliyev böyük qətiyyəti ilə torpaqlarımızı düşmən tapdağından qurtararaq, dünyada ədaləti bərpa etdi. Bununla da dünya hərb tarixində rast gəlinməyən, analoqu olmayan bir salnamə yazıldı. Bu böyük Qələbə İlham Əliyevin yorulmaz əməyinin, böyük ustalıqla formalaşdırdığı diplomatiyamızın məhsulu, ardıcıl surətdə yürütdüyü müdrik siyasətinin nəticəsidir.

Prezident İlham Əliyevin xalqa müraciəti, çağırışları bir əsərdir – həqiqət və cəsarət əsəri! Xalq öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə dünyanı qarşısına alacaq qədər böyük qətiyyətini bir daha gördü.

Cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, yeganə inam ünvanı, Xilaskarıdır. Mümkünsüzü mümkünə çevirən Qəhrəmanı, düşməndən qisasımızı alan qüdrətli Sərkərdəsidir!

İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi qalacaqdır.

Prezident İlham Əliyev hər keçən gün Azərbaycana uğurlar bəxş edir. Azər­baycan Respublikası Prezident İlham Əliyevin titanik fəaliyyəti ilə bundan sonra da yüksək zirvələri fəth edəcəkdir.

Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: