Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Dövlət başçısının çağırışı kontekstində Qarabağnamələrin elmi araşdırılması bu gün üçün strateji və mədəni baxımdan aktualdır
24.12.2025 13:57
  • A-
  • A
  • A+

Dövlət başçısının çağırışı kontekstində Qarabağnamələrin elmi araşdırılması bu gün üçün strateji və mədəni baxımdan aktualdır

Qarabağ bölgəsinin zəngin tarixi və mədəni irsi uzun illər boyunca diqqət mərkəzində olsa da, hələ də dərindən öyrənilməsi vacib sahə olaraq qalır. Xüsusilə Qarabağnamələr, bölgənin siyasi, iqtisadi və mədəni tarixini əks etdirən qiymətli tarixi mənbələr kimi böyük əhəmiyyət kəsb edir. Bu sənədlərin tədqiqi həm regionun tarixini dəqiq anlamağa, həm də müasir bərpa və şəhərsalma prinsiplərini düzgün formalaşdırmağa imkan yaradır. 

Bu mövzuda Azərbaycan memarı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı ilə söhbət apardıq.

- Qarabağnamələr Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni həyatını öyrənmək üçün böyük əhəmiyyət daşıyır. Məlum 10 Qarabağnamənin hər biri bu bölgənin tarixini necə zənginləşdirir və bu mənbələr günümüzdə araşdırmalar üçün hansı vacib məlumatları təqdim edir?
- Qarabağnamələr Qarabağın siyasi, iqtisadi və mədəni tarixini öyrənmək baxımından misilsiz mənbələrdir. Bu əsərləri oxuduqda sanki əsrlərin əvvəlinə qayıdır, bölgənin tarixi inkişafını, ictimai-siyasi mühitini və iqtisadi həyatını bütün təfərrüatı ilə görmək mümkün olur. Bu mənbələr Qarabağın tarixi barədə geniş və qiymətli məlumatlar təqdim edir.

Qarabağnamələrin iki əsas qolu olsa da, onların hər biri tarixi baxımdan əvəzolunmazdır. Lakin bir mühüm məqam diqqət çəkir. Müəlliflər müəyyən hallarda bir-birindən təsirlənmiş, bəzən eyni hadisələri oxşar şəkildə təkrarlamışlar. Xüsusilə erməni əsilli müəlliflərin bəzi mətnlərində sonradan edilən əlavələr və siyasiləşmiş detallar nəzərə çarpır.

Bunun ən aydın nümunələrindən biri Şuşa qalasının tikilmə tarixi ilə bağlıdır. Müxtəlif mənbələrdə tarixlər 1751, 1752 və ya 1754 kimi göstərilir. Lakin etibarlı arxiv materiallarının müqayisəli təhlili sübut edir ki, Şuşa şəhərinin əsası 1750-ci ildə qoyulmuşdur. Pənahəli xan şəxsən həmin mərasimdə iştirak etmiş, bölgənin nüfuzlu şəxsləri ilə birlikdə mərasim təşkil edilmiş və birinci özül daşı həmin il qoyulmuşdur.

Qalaların, Bayat, Şahbulaq və Şuşanın inşası kompleks şəkildə aparılmışdır. Memarlar, inşaatçılar, daşyonan ustalar paralel işləyərək həm qala divarlarını, həm də məscid, mədrəsə, karvansara, hamam, yaşayış evləri və digər ictimai binaları tikmişlər.

Qarabağnamələrdə yer alan bəzi iddialara tənqidi yanaşmaq vacibdir. Məsələn, bəzi müəlliflər guya Şuşada müsəlmanların məscidə gəlmədiyini və Pənahəli xanın onları məcbur etdiyini yazır. Bu iddia həm tarixi faktlara, həm də bölgənin dini mənzərəsinə uyğun deyil. Bayat və Şahbulaq qalalarında mövcud məscidlərdə əhali ibadət edirdi və bu, Şuşada da eyni qaydada davam etmişdir. Şahbulaq məscidi bu günə qədər qalmaqdadır ki, bu da dini həyatın davamlılığını təsdiqləyir. 

Digər bir əsassız iddia isə Şuşa qalası üçün yerin guya Melik Şahnazaryan tərəfindən Pənahəli xana göstərilməsi barədədir. Qarabağda doğulub böyümüş, bölgənin coğrafiyasını bütün təfərrüatı ilə bilən Pənahəli xanın başqa bir şəxsə ehtiyac duyması məntiqə uyğun deyil. Arxiv sənədləri sübut edir ki, Bayat qalasının tikintisindən sonra Pənahəli xan ərazinin açıq və müdafiəsiz olduğunu görərək daha əlverişli və strateji mövqedə yerləşən Şuşa qayalığını özü seçmişdir.

Nəticə olaraq, Qarabağnamələr zəngin məlumat mənbəyi olmaqla yanaşı, tənqidi yanaşma tələb edən mətnlərdir. Onlardakı məlumatlar arxiv sənədləri ilə müqayisə edildikdə, Qarabağın tarixi mənzərəsi daha aydın və dürüst şəkildə ortaya çıxır. 

- Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində çıxışı zamanı Zəngəzur tədqiqatlarından bəhs etdi. Qarabağnamələrin tədqiqi bu baxımdan hansı strateji və elmi əhəmiyyətə malikdir?

- Qarabağnamələr təkcə Qarabağın siyasi, iqtisadi və mədəni tarixini əks etdirməklə kifayətlənmir, həm də bölgə haqqında, eləcə də  Zəngəzur bölgəsinə dair dəyərli bilgilər təqdim edir.

Tarixən “Zəngi mahalı” adlandırılan ərazi, Zəngi çayının yaz aylarında daşması səbəbindən “Zəngibasar” kimi tanınırdı. Daha sonralar erməni təsiri ilə adı dəyişdirilərək “Zəngəzur” kimi işlədilməyə başlandı. 

Qeyd edim ki, Zəngəzur ərazisinin mədəni-tarixi irsi daha qədimdir və bu irs hələ tam şəkildə araşdırılmayıb. Bu bölgədə həm xristian, həm də müsəlman memarlıq abidələri çox olsa da, onların tədqiqi lazımi səviyyədə aparılmayıb. Elə buna görə də dövlətimizin başçısı dəfələrlə bu mövzuya toxunaraq, ərazinin elmi araşdırmalar üçün mühüm obyekt olduğunu vurğulayır. Bu, bizim üçün də bir məsuliyyət yaradır ki, bölgə sistemli şəkildə öyrənilməli, onun memarlıq irsi elmi əsərlərlə sənədləşdirilməlidir.

Bu ərazilərin tədiqiqində mən də iştirak etmişəm və demək olar ki, həm müsəlman, həm də xristian memarlıq nümunələri üzrə çoxsaylı abidələr qeydə almışam. Dövlət arxivində fəaliyyət göstərdiyim vaxt Gorus, Qafan və digər şəhərlərdəki yaşayış evlərinin, ictimai binaların orijinal layihələri ilə tanış olmuşam. Hazırda bu araşdırmalar əsasında monoqrafiya hazırlayıram.

Bu bölgədən çıxmış məşhur memarlardan biri XIII əsr ustası Əl-Möcdəddindir. Onun yaradıcılığı Naxçıvandan Beyləqana qədər geniş ərazini əhatə edir. Hərçənd abidələrin üzərində memarların adının yazılması o dövrdə adət deyildi, lakin Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbənin kitabəsində məhz Əl-Möcdəddinin adı qorunub saxlanılıb. Bu fakt onun dövrün nüfuzlu və tanınmış memarı olduğunu göstərir. Onun yaratdığı memarlıq məktəbi XV–XVI əsrlərə qədər bu ərazilərdə fəaliyyət göstərmiş, ideyaları yaşamaqda davam etmişdir.

Sonrakı dövrlərdə - XVII əsrdə Şah Abbasın tikinti işləri üzrə baş vəziri olan Şeyx Bəhaəddinin memarlıq ənənələri Qarabağda davam etdirilib. 

Onu da qeyd edim ki, XVII əsrdən XIX əsrə qədər Şeyx Bəhaəddin memarlıq məktəbi, XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər isə Kərbalayı Səfixanın memarlıq məktəbi formalaşmış və bu Qarabağda Şeyx Bəhaəddin ənənələrinin davamı olaraq özünü göstərmişdir. 

Nəticə etibarı ilə, dövlət başçısının çağırışı kontekstində Qarabağnamələrin elmi araşdırılması bu gün üçün strateji və mədəni baxımdan aktualdır.

- Qarabağ bölgəsində iştirak etdiyiniz memarlıq layihələrdən hansı sizin üçün xüsusi önəm daşıyır və Qarabağın mədəni-memarlıq irsinin bərpasında hansı yenilikləri təqdim edir?

- Mən Qarabağın memarlıq abidələrinin layihələndirilməsi və bərpa proseslərində uzun illər iştirak etmişəm. Hətta bir çox böyük layihələrin hazırlanmasına rəhbərlik etmiş, bərpa işlərinin icrasında da bilavasitə çalışmışam. 

Abidələrin bərpasında ən əsas qayda onların memarlıq dəyərinə xələl gətirməməkdir. Bu, birinci və ən mühüm şərtdir. Qarabağda, xüsusilə Şuşada Gövhər Ağa məscidi, Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası kimi abidələr, həmçinin Ağdam, Füzuli, Bərdə kimi bölgələrdə böyük tarixi əhəmiyyətə malik çoxlu memarlıq nümunələri var. Bəziləri artıq bərpa olunub, digərləri isə öz növbəsini gözləyir. Onlar da mütləq bərpa edilməlidir. Sevindirici haldır ki, dövlət bu istiqamətdə çox genişmiqyaslı işlər aparır.

Bir məsələyə də xüsusi diqqət çəkmək istəyirəm. Dünyanın bir çox ölkələrində artıq müasir yanaşmalar tətbiq olunur. Məsələn, abidələrin yanında elektron lövhələr quraşdırılır və həmin ekranda abidənin əvvəlki, müxtəlif dövrlərə aid 3D, hətta 7D vizuallaşdırılmış görüntüləri təqdim olunur. Elektron lövhə abidə haqqında ətraflı informasiya almaq üçün daha məqsədəuyğundur. Amma abidələrin yanında daş lövhələr də olmalıdır. Həmin lövhələrdə erməni vandalizminin yaratdığı dağıntılar, abidələr üzərində aparılan dəyişikliklər, özününküləşdirmə cəhdləri, bərpa prosesi və bütün tarixi faktlar qeyd edilməlidir. Bu, həm gələcək nəsillər üçün sənədli məlumatdır, həm də abidənin keçdiyi yolun canlı şahididir. 

Elektron variantlar müasir dövrün tələbidir, lakin onlar bəzən uzunömürlü olmur. Daş və ya mərmər üzərində həkk edilmiş məlumat isə əbədilik hissi yaradır və əsrlərlə yaşayır. Ən idealı, hər iki variantı bir yerdə tətbiq etməkdir, həm müasir elektron məlumatlandırma sistemi, həm də daş üzərində həkk edilmiş tarixi lövhələr. Bu yanaşma Qarabağın memarlıq irsinin həm qorunmasına, həm də gələcək nəsillərə doğru şəkildə ötürülməsinə ciddi töhfə verə bilər.

Bir faktı da qeyd edim ki, erməni vandalizmi nəticəsində Qarabağdakı qəbirlərin dağıdılması regionun tarixi-mədəni irsinin, o cümlədən dini və anım memarlığının silinməsi və dəyərsizləşdirilməsi ilə nəticələnən cinayətdir. Mədəni irsin bu cür kobud şəkildə pozulmasının miqyasını nəzərə alaraq, təklif edirəm ki, dağıdılmış qəbiristanlıqların yerində, tarixi yaddaşın qorunması məqsədilə ümumi məzar abidələri ucaldılsın. Bu abidələr, məhv edilmiş yüzlərlə şəxsi məzarı əvəz edərək, bir neçə nəsli təmsil edən kollektiv anım yerinə çevrilsin. Hər bir abidədə, bölgənin gerçək tarixini və vandalizm faktını əks etdirən aydın və dolğun məlumat lövhələri quraşdırılsın. Bu istiqamətdə artıq bir neçə konseptual layihə də hazırlamışam.

Vətənimin tarixini və memarlıq irsini daşıyan ən adi bir daş parçası belə mənim üçün dəyərlidir. Çünki o, bizim mədəniyyətimizi, keçmişimizi əks etdirirsə, mütləq qorunmalı və gələcək nəsillərə ötürülməlidir. İstər kiçik daş olsun, istər saray, karvansara, məscid və ya qala, fərq etməz, əsas odur ki, o, tariximizi yaşadır. Belə abidələr bizim kimliyimizin bir parçasıdır və onları göz bəbəyimiz kimi qorumaq hər birimizin borcudur.

- Qarabağnamələrdə ermənilərin bu torpaqlara sonradan gəlmələri faktlarının əks olunması bölgə barədə tarixi həqiqətləri anlamaqda hansı rolu oynayır?

- Burada günümüzlə səsləşən əsas məsələlərdən biri ermənilərin bu torpaqlara sonradan köçürülməsidir. Qarabağnamələrdə bu faktların qeyd olunması tarix həqiqətlərinin anlaşılmasında mühüm rol oynayır. Əlbəttə, Qarabağnamələr hər cəhətdən müsbət rol oynayır, yəni tarixi dəqiqləşdirir, səhvləri düzəldir, müəyyən məqamları aydınlaşdırır. Məsələn, Mir Mövsüm Nəvvabın 1905-ci ildə yazdığı kitabda həmin dövrdə ermənilərin törətdiyi hadisələr geniş şəkildə təsvir olunur. O, ermənilərin azərbaycanlılara qarşı yaratdığı müsibətləri, köçürmə proseslərini və digər faktları çox açıq şəkildə göstərir. Bu məlumatlar həm tarixi mənbələrdə, həm də elmi ədəbiyyatda mövcuddur.

Qarabağnamələr isə həm birbaşa, həm də dolayısı ilə ermənilərin Qarabağa köçürülməsi məsələsini işıqlandırır. Onların müəllifləri bəzən fərqinə varmadan çox mühüm faktları ortaya qoyurlar. Bu baxımdan Qarabağnamələrin əhəmiyyəti danılmazdır və onlar tariximizin öyrənilməsi üçün vacib mənbələrdir.

- Qarabağın bərpasında şəhərsalma prinsipləri necə olmalıdır? Sizcə, tarixi irsi qorumaq və müasir infrastrukturla inteqrasiya etmək arasında hansı balans təmin edilməlidir?     

- Bu, həqiqətən çox vacib mövzudur. Qeyd edim ki, orada işlər düzgün istiqamətdə aparılır. Çünki illərlə dağıdılmış şəhərlərdə bərpa etmək deyil, bəzən sadəcə daş yığınlarını təmizləmək belə çox böyük zəhmət və iqtisadi resurs tələb edir. Bir çox əraziləri əvvəlki forması ilə bərpa etmək mümkün olmadığından, onların yerində müasir tələblərə cavab verən yeni şəhərlər salınır. 

Bu gün şəhərsalmada əsas yanaşma “ağıllı şəhər” konsepsiyasıdır. Müasir elmin və texnologiyanın inkişafı buna imkan verir. Artıq evlərdən tutmuş küçələrin infrastrukturuna qədər hər şey elektron idarəetmə sistemləri ilə təchiz olunur. İnsan evindəki işıq, su, qaz kimi kommunal xətləri mobil telefon vasitəsilə idarə edə bilir. Şəhərdaxili hərəkətdə də yeni prinsiplər tətbiq olunur məsələn, svetoforsuz küçələr konsepsiyası, hərəkətin dayanma olmadan tənzimlənməsi və s.

Bu ərazilərə əhali köçürüldükcə, ən vacib məsələlərdən biri də onların məşğulluğudur. Yeni şəhərlərlə yanaşı, həmin mühitə uyğun zavodlar, fabriklər və istehsal sahələri də yaradılmalıdır ki, insanlar dayanıqlı şəkildə yaşaya bilsinlər, iş və dolanışıq imkanları olsun. Bu istiqamətdə də addımlar atılır. 

Eyni zamanda, bəzi şəhərlərimizin xüsusi funksiyası var və onlar əvvəlki kimliyini qoruyaraq daha çox mədəni, tarixi və turizm mərkəzləri kimi formalaşdırılmalıdır. Məsələn, Şuşa, Xankəndi, Xocalı, Ağdamın bir hissəsi kimi ərazilərin “açıq səma altında muzey” olaraq qorunması vacibdir. Buradakı abidələr konservasiya edilməli, bərpa olunmalı, bəzi hallarda rekonstruksiya aparılmalıdır. Şuşanın sanatoriya ənənəsini bərpa etmək, tarixi məkanları turizm üçün yenidən canlandırmaq da bu yanaşmaya daxildir. 

Ağdamdakı örnəyi xüsusi qeyd etmək istəyirəm. Orada Bayraq Meydanı, Zəfər Muzeyi və Çörək Muzeyi kimi məkanlar artıq böyük muzey kompleksi kimi formalaşıb. Çörək Muzeyi Qafqazda yeganə belə bir muzeydir və əvvəlki dəyirman binasının bərpa olunaraq muzeyə çevrilməsi çox dəyərli təşəbbüsdür. Bu nümunələr digər rayonlarda da həyata keçirilməlidir. 

- Qarabağın memarlıq irsinin qorunması və bu irsin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi üçün ilk mərhələdə hansı fundamental işə başlanılması zəruridir?

- Qarabağ bölgəsinin memarlıq və mədəni irsinin qorunması, bərpası və araşdırılması gələcək nəsillər üçün böyük önəm daşıyır. Bu, həm tarixi irsimizin saxlanması, həm də elmi tədqiqatların aparılması baxımından vacibdir. Mən Qarabağın müxtəlif rayonlarında işğaldan sonrakı vəziyyətlı tanış olarkən görmüşəm ki, bu ərazilərdə  yarımuçuq tikililər çoxdur. Onları bərpa etmək və ya konservasiya etmək asan deyil. Bu, həm zəhmət, həm də iqtisadi xərclər tələb edir. Buna görə də düzgün planlaşdırma və müasir texnologiyaların tətbiqi vacibdir. 

Qarabağın tarixi və mədəni irsinin tədqiqi yönündə ilkin mərhələ olaraq, davamlı elmi araşdırmalar olduqca zəruridir. Mən öz dissertasiya işlərimdə, magistrant və dissertantlarım vasitəsilə qədim İpək Yolunun Qarabağ, Zəngəzur və Anadolu bölgələrinin memarlıq və mədəniyyətinə təsirini araşdırıram. Bu, yalnız elmi tədqiqatlar üçün deyil, həm də ərazilərin bərpası və qorunması üçün önəmlidir. Qarabağ və Qərbi Azərbaycanın, Zəngibasarın, Naxçıvanın, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların tarix və mədəniyyət abidələri üzərində tədqiqat aparılır və bu istiqamətdə sanballı elmi əsərlər yazılır.

İllərdir Göyçə gölü ətrafı kimi ərazilərdə ermənilər tərəfindən həyata keçirilmiş vandalizm nəticəsində tarixi və mədəni abidələr zədələnib. Bu abidələrin bərpası və elmi tədqiqatlara cəlb olunması vacibdir. Misal olaraq, Göycə gölündə meşələrin kəsilməsi suyun səviyyəsini aşağı salıb, adanı yarımadaya çevirib və ətrafda qayalıqlar yaranıb. Bu kimi ərazilərin ekoloji tarixi, memarlıq və mədəni irsi dərindən öyrənilməlidir. Nəticədə, Qarabağın, Zəngibasarın, Qərbi Azərbaycanın və digər tarixi Azərbaycan ərazilərinin memarlıq və mədəni irsinin qorunması, bərpası və elmi tədqiqatların aparılması həm milli irsimizin qorunması, həm də gələcək nəsillərə ötürülməsi baxımından həyati əhəmiyyət kəsb edir. Mən öz fəaliyyətimdə bu istiqamətdə tələbələrimi, magistrant və disertantlarımı yönləndirir, onların elmi işlərini bu mövzular üzrə qururam. 

Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni apardı: 

Ruslan KƏRİMOV 

“Elm”

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: