Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.04.2026 14:21
  • A-
  • A
  • A+

Professor İradə Köçərli Slavyan Universitetində keçirilən Beynəlxalq Türkoloji Tədqiqatlar konfransında çıxış edib

Professor İradə Köçərli Slavyan Universitetində keçirilən Beynəlxalq Türkoloji Tədqiqatlar konfransında çıxış edib

Bakı Slavyan Universitetində I Türkoloji Qurultaya həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar konfransı keçiriib.

“Türk xalqlarının tarixi, dil və ədəbiyyatının aktual problemləri” mövzusunda keçirilən bölmə iclasında AMEA Memarlıq və İncəsənət İnstitutu “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərlinin məruzəsi dinlənilib. Musiqişünas alimin təqdim etdiyi məruzə 1877-ci ildə böyük rus bəstəkarı Modest Petroviç Musorqski tərəfindən nota yazılmış “Bir qədim Azərbaycan melodiyasının tarixçəsi (not əlyazması əsasında)”  adlı qədim Azərbaycan melodiyası və onun uzun illər boyu yanlış şəkildə ictimaiyyətə təqdim olunması haqqında olub.

Bu melodiya haqqında həqiqətlər ilk dəfə olaraq professor İ.Köçərli tərəfindən Azərbaycan ictimaiyyətinə təqdim edilib.

Alimin söylədiklərinə görə Sankt-Peterburqda yaşayan Azərbaycanlı musiqişünas Tamara Zakir qızı Seyidova (Skvirskaya) not əlyazmasını Peterburqdakı Rusiya Milli Kitabxanasının Əlyazmalar şöbəsindən əldə etmiş və poetik mətnin Azərbaycan dilində olduğunu, kiril hərfləri ilə yazıldığını aşkara çıxarmışdır. T.Skvirskaya poetik mətni dəqiq oxuya bilmədiyindən bizə müraciət etmiş və mətn bərpa edilmişdir:

Бу бахар, чирк су, бахар,

Ичиндa бир кыз чыхар.

Элиндa дa вад калем

Дeрдлeря дярман язар.

Bu bazar, Çarsu bazar, aman, aman ey,

İçində bir kız çıxar, aman ey.

Əlində davat-kalem, aman, aman ey,

Dərdlərə dərman yazar, aman ey.

Professor İradə Köçərli təhlillər nəticəsində bu melodiyanın tipoloji xüsusiyyətlərini üzə çıxarıb və onun əsil Azərbaycan havası olduğunu sübut edib – daha çox şikəstə havasına bənzədiyini söyləyib. Bununla belə, bu melodiya uzun illərdir ki, bir çox mənbələrdə, musiqi ədəbiyyatı və dərsliklərində Musorqskinin nota yazdığı erməni mahnısı olaraq tanıdılmışdır. Bunun səbəbi isə not əlyazmasının üstündə “Zakafkazye-Erivan” sözlərinin yazılması idi. 1939-cu ildə M.Musorqskinin bu not yazısı çap olunarkən melodiyanın sözləri çıxarılıb və sözsüz nəşr olunub. Bundan sonra, yazıdakı İrəvan sözünə görə, musiqi ictimaiyyəti, havanı erməni melodiyası olaraq tanıyıb. İ.Köçərlinin araşdırmaları nəticəsində həqiqət üzə çıxarılıb və M.P.Musorqskinin Azərbaycan bayatısı və melodiyasını nota köçürməsi faktı bir daha ictimaiyyətə çatdırılıb. Qeyd olunub ki, T.Skvirskaya Sankt-Peterburqda bu haqda “İrəvandan olan mahnının müəmması” adlı məruzə ilə Rusiya ictimaiyyəti qarşısında çıxış edib.

Musiqişünas alimin fikrincə  bu bənd “İrəvanda xal qalmadı” xalq mahnısının 4-cü bəndi olaraq oxunmuş, eləcə də, mahnının sözlərinin və poetik mətninin Cabbar Qaryağdı oğluna aid olması fikri formalaşmışdır. Not əlyazmasının 1877-ci ildə yazılması, eyni zamanda, onu Musorqskiyə təqdim edən P.İ.Paşinonun, ehtimal ki, 1960-cı illərdə İrəvanda olarkən eşitməsi və yaddaşına həkk etməsi bu poetik bəndin daha qədim dövrə - çox güman ki, XVII yüzilliyin əvvəllərinə aid olduğuna işarə etdiyi qeyd olunmuşdur. Alimin gəldiyi nəticəyə görə mahnının melodiyası və nəqarətın sözləri C.Qaryağdı oğluna aiddir, bəndlərin sözləri isə qədim xalq bayatılarından qaynaqlanmış və zamanla mahnı mətninə cevrilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: