Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında
21.04.2026 11:40
  • A-
  • A
  • A+

Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında

Xəbər verdiyimiz kimi, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda ustad dərsi keçib.

Akademik İsa Həbibbəylinin çıxışını təqdim edirik:

“Bu gün biz Akademiyanın 80 illik tarixində birinci dəfədir ki, belə genişmiqyaslı ustad dərsi təşkil edirik. Ustad dərsinin əsas iştirakçılarını bizim gənc alimlər və mütəxəssislər təşkil edir. Ustad dərsinin təşkilatçıları sırasında Akademiyanın nəzdində yaratdığımız Gənclər Akademiyası əsas yer tutur. Akademiyanın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi ilə birlikdə gənclər bugünkü günün əsas təşkilatçılarından biridir. Bəlkə belə demək mümkündür ki, bu tədbir gənclərin özünün də böyük, müəyyən mənada ilk təqdimat tədbiridir. Bu haqda fikirləşərkən düşündüm ki, mənim gənclərə, gənc alimlərə deyəcəyim sözlər, onlarla bölüşəcəyim məsələlər çoxdur və vaxt daxilində bunların ən zərurilərini seçmək haqqında qərar qəbul etdim.

“Haradan başlayım, nədən başlayım” sualı ətrafında düşünərkən yadıma bir xatirə düşdü. Onunla da başlamaq istəyirəm. Burada mənimlə vaxtilə bir yerdə ali məktəbdə oxumuş, indi filologiya elmləri doktoru olan və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işləyən Akif İmanlı da iştirak edir, o da həmin görüşün iştirakçısı idi. 1967-ci ildə biz Azərbaycan Dövlət Pedaqoji Universitetinin ilk açılmış yeni Naxçıvan filialında dərsə başlamışdıq. O zaman Moskva Dövlət Universitetinin kafedra müdiri olan filologiya elmləri doktoru, professor Əziz Şərif bunu eşitmişdi ki, onun vətənində ali məktəb açılıb, alim öz hesabına məzuniyyət götürüb Naxçıvana gəldi və ustad dərsi keçdi.

Əziz Şərif məşhur adam idi. O, Cəlil Məmmədquluzadə ilə dostluq etmiş, Firudun bəy Köçərlinin dostu olmuş, Sultan Məcid Qənizadə və Nəriman Nərimanovla yazışmış, “Molla Nəsrəddin” jurnalında məqalələrini çap etdirmiş məşhur ziyalı Qurbanəli Şərifzadənin oğlu idi. Adi müəllimlikdən professor və kafedra müdirliyinə qədər yol keçmişdi və Azərbaycanda, doğrudan da o zaman Əziz Şərif əfsanəvi adamlardan biri sayılırdı.

Uzun illər Rusiya mühitində yaşayan, o zaman 70-dən çox yaşı olan nurani sifətli bir azərbaycanlının – Əziz Şərifin dərs zamanı xalis, təmiz Azərbaycan dilində danışmağı, hətta dialekt sözlərdən istifadə etməyi ilk cümlədən biz tələbələrdə onun nə qədər əsl azərbaycanlı olduğunu əyani şəkildə göstərdi. Və düzünü deyim ki, bu günə qədər o, mənim qəlbimdə bir dağ kəndində böyüyən, çay kənarında yaşayan müəllim ailəsində tərbiyə alan bir adamın qəlbində dərin iz buraxdı. Müəllimə qarşı xüsusi bir rəğbət, onun simasında əsl azərbaycanlı simasını gördüyüm üçün xüsusi bir rəğbət yarandı.

Azərbaycançılığı, Azərbaycan mənəviyyatını istənilən şəraitdə, istənilən ideoloji və siyasi mühitdə qoruyub saxlamaq, bu qədər təmiz saxlamaq və ifadə etmək, məncə, Əziz Şərifin bütün elmi xidmətləri ilə bir yerdə tərəzinin ağır gələn gözlərindən biri hesab olunmağa layiqdir. Bu, bizim hər bir Azərbaycan vətəndaşının idealıdır. Yəqin ki, Səməd Vurğunun “Azərbaycan” şeiri olmadan Azərbaycanı təsəvvür etmək çətindir. Vətən bizim babalarımızın məskənidir. Vətən bizim özümüzün, övladlarımızın vətənidir. Abbas Səhhətin məşhur şeirində deyildiyi kimi: “Vətəni sevməyən insan olmaz, olsa da, o şəxsdə vicdan olmaz”.

Bizim vətənimiz Azərbaycandır. “Azərbaycan” sözü şərqşünasların yazdığına görə, ərəb mənbələrində hələ IX əsrlərdə işlənmişdir. Rəsmi olaraq isə Azərbaycan sözü XIX əsrdə, XIX əsrin sonlarına doğru rəsmi məlumatda ifadə olunmuşdur. 1891-ci ildə Azərbaycan dilində çıxan “Kəşkül” qəzetində və rus dilində çıxan “Kaspi” qəzetində “Azərbaycan” sözü mətbuatda ilk dəfə işlədilmişdir. Məhəmməd ağa Şahtaxtlının “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” adlı məqaləsi verilmişdi ki, orada Zaqafqaziya müsəlmanlarının “tatar” adlandırılması tənqid olunmuş, bu, qeyri-elmi hesab edilmiş və Zaqafqaziya müsəlmanlarının “Azərbaycanlı” adlandırılması təklif olunmuşdur.

Məhəmməd ağa Şahtaxtlı və “Kəşkül” qəzetindəki “Azərbaycanlı” imzası ilə çap olunan məqalənin müəllifi (məncə, Cəlal Ünsizadə - o, qəzetin baş redaktoru idi) imzasız çap olunsa da, bunların düzgün qənaətinə görə, azərbaycanlıların çox yaşadığı yer Azərbaycan ərazisidir. Azərbaycan coğrafiyası indiki Azərbaycandan genişdir. Bu coğrafiyada yaşayanların dili Azərbaycan dilidir. Bu xalqın adı Azərbaycan xalqıdır. Qəzetdə çap olunan məqalədə Tiflisdə, vağzalda italyan xarici qonaqla azərbaycanlının dialoqu verilir. İtalyan soruşur ki, siz nə millətdənsiniz? Azərbaycanlı cavab verir ki, müsəlman. İtalyan deyir ki, mən sizin dininizi yox, millətinizi soruşuram. Yenə cavab verir ki, mən müsəlmanam. İtalyan ona izah edir ki, müsəlman sizin dininizdir, sizin millətinizin adı azərbaycanlıdır. Müəllif yazır ki, indiyə qədər bizim axundlarımızın heç biri bizə millətimiz haqqında bir söz deməmişdir. Yalnız müsəlman olmağımız haqqında eşitmişdik.

Beləliklə, milli oyanış, milli-mənəvi özünüdərk və Azərbaycan kimliyinin tanınması real olaraq başlandı. Uzun əsrlər boyu xalqımız ümumi adlarla - türk, müsəlman, tatar adlandırılmışdı. Türk bizim mənşəyimizdir, kökümüzdür. Amma milli oyanış, özünüdərk, özünə qayıdış və özünü tanımaq XIX əsrin ikinci yarısından başlamışdır. Mən bu prosesdə Mirzə Fətəli Axundzadənin dramaturgiyasını, Azərbaycan teatrının yaranmasını və XIX əsrdə Azərbaycan milli mətbuatının fəaliyyətə başlamasını milli oyanışın əsas atributları hesab edirəm. XX əsrin əvvəllərində artıq Azərbaycanda “Mən kiməm?” sualına aydın cavab verildi.

Buna ən yaxşı nümunə Cəlil Məmmədquluzadənin 1920-ci ildə Şuşada yazdığı “Anamın kitabı” əsəridir. Məncə, “Anamın kitabı” tam mənası ilə Azərbaycanın tale kitabıdır. Yeri gəlmişkən deyim ki, mənim fikrimcə, XX əsr ərzində cəmi dörd belə əsər - bizim milli kimliyimizin proqramı və nizamnaməsi olan dörd müəllifin əsəri çap olunub. Onlardan biri və birincisi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəridir. İkincisi hesab edirəm Anarın “Ağ qoç, qara qoç” əsərini, üçüncüsü Məmməd Arazın “Atamın kitabı” poemasını, dördüncüsü isə Sabir Rüstəmxanlının “Ömür kitabı”nı. Bu dörd əsər, məncə, Azərbaycanın tale kitablarıdır. Hərəsi bir dövrdə milli-mənəvi özünüdərkin, milli kimliyin pasportu olmuş kitablardır.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri azərbaycançılığın proqram əsəridir, nizamnaməsidir. Və Mirzə Cəlilin 1917-ci ildə yazdığı “Azərbaycan” məqaləsi həcmcə cəmi iki səhifədən ibarət olsa da, bu da azərbaycançılıq anlayışının təməli hesab olunmağa layiqdir. Məqalədə deyirdi: “Bəzən otururam, papağımı qoyub qabağıma fikirləşirəm: mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki, mənim anam rəhmətlik Zəhrəbanu bacı idi. Dilim nə dilidir? Azərbaycan dilidir. Vilayətim Azərbaycan vilayətidir”. Bu sual ilk dəfə idi qoyulurdu. Ondan əvvəl “mən kiməm?”, “dilim nədir?”, “ərazi nədir?” müzakirə olunurdu. Amma ilk dəfə Azərbaycan ədəbiyyatında və ictimai fikrində bu suallar 1917-ci ildə Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsində göstərilmişdi.

Onun digər əsərlərinə də müraciət edərək Mirzə Cəlilin cızdığı Azərbaycan coğrafiyasını sizə çatdırmaq istəyirəm. “Azərbaycan” məqaləsində və digər yazılarında qeyd olunduğu kimi, Azərbaycan bir vilayətdir ki, mərkəzi Təbriz şəhəridir, o zamana görə Dəmirqapı Dərbənddən Borçalı çökəyinə, Ağrı dağından, Həmədandan Zəncana və Quzğun dənizinə - Xəzər dənizinə qədər olan ərazini Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycanın coğrafiyası hesab etmişdir. Təxminən Şah İsmayıl Xətainin qılıncı ilə cızdığı əraziləri Mirzə Cəlil qələmi ilə çəkmişdir. Nəyin uğrunda mübarizə aparmaq, hansı coğrafiyada təmsil olunmaq sualına cavab verərkən bunu göstərmişdir.

Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dili və varlığı dövlət səviyyəsində yenidən dərinləşməyə və möhkəmlənməyə doğru irəlilədi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşaması ilə və uzun illər bizim sovet ideologiyasında bu dövrün tam unudulması ilə bu proses dayandı. Sovet hakimiyyəti illərində azərbaycançılıq yalnız bir ideologiya idi. Vətənpərvərlik və sovet vətənpərvərliyinin içərisində Azərbaycan vətənpərvərliyi də etiraf olunan həqiqətlər idi. Bizim şairlərimiz, yazıçılarımız vətəni tərənnüm edən şeirlər yazmaqla, bir tərəfdən, Azərbaycan dilinin möhtəşəmliyini qoruyurdular, digər tərəfdən isə azərbaycançılıq tərbiyəsi, vətənpərvərlik tərbiyəsi aşılayırdılar.

Hesab edirəm ki, son 100 ildə, bu gün də daxil olmaqla, Azərbaycan haqqında ən mükəmməl, ən populyar şeir Səməd Vurğunun 29 yaşında, 1935-ci ildə yazdığı “Azərbaycan” şeiridir. Ondan sonra Azərbaycan mövzusunda onlarla şairimiz xeyli dərəcədə istedadla yazılmış mükəmməl şeirlər meydana qoysa da, hələ də Səməd Vurğunun “El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən” misraları ilə başlayan şeirinin zirvəsi fəth olunmamışdır. Əlbəttə, layiqli nümunələr də var. Böyük şairimiz Məmməd Arazın “Azərbaycan - mayası nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər” misraları ilə başlayan şeiri populyar əsərlərdən biri sayılır. Belə nümunələr kifayət qədərdir. Bütövlükdə, bu şeirlər, Azərbaycan mövzusunda yazılan digər əsərlər sovet rejiminin beynəlmiləlçilik mühiti içərisində bizim milli kimliyimizi, milli dilimizin və vətənimizin varlığını qoruyub saxlamasına özünün böyük töhfəsini vermişdir.

Milli kimliyin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin rolu xüsusi qeyd olunmalıdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmizdə Sovet İttifaqının ideologiyasına toxunmadan, onu tənqid etmədən, amma Ulu Öndərin böyük ustalıqla həyata keçirdiyi Azərbaycançılıq siyasəti meydanda idi. Ulu Öndər Azərbaycan dilini 1978-ci ildə ilk dəfə olaraq Sovet Azərbaycanı Konstitusiyasına dövlət dili kimi daxil etdi. Digər tərəfdən isə Azərbaycanın ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə inkişaf etdirilməsinə geniş meydan açdı. Azərbaycanda böyük, görkəmli şəxsiyyətlərimizin yubileyləri keçirilirdi. Bizim nəsil onu çox yaxşı xatırlayır. İmadəddin Nəsiminin yubileyi ölkə miqyasında, Sovet İttifaqı miqyasında və hətta o zaman üçün kapitalist ölkəsi sayılan Fransada, Parisdə - UNESCO-da keçirilməsi bir əfsanə hesab olunur.

Nizami Gəncəvinin 840 illik yubileyini Ulu Öndər keçirməyə nail ola bildi. Bizim nəsil yaxşı bilir ki, Siyasi Büroda məsələ müzakirə olunarkən “840” rəqəminin yuvarlaq rəqəm olmadığını, yubiley rəqəmi olmadığını nəzərə çatdırmışdılar. Ulu Öndərin cavabı belə olmuşdu ki, əvvəlcə Nizami Gəncəvini oxuyun, onda görərsiniz ki, Nizami Gəncəvi bəşəriyyətə o səviyyədə töhfə vermiş adamlardan biridir ki, onun yubileyini yuvarlaq rəqəmlərlə ifadə etmək yox, anadan olmasının hər ilini ayrıca yubiley kimi keçirmək lazımdır.

Nəriman Nərimanovun 100 illik yubileyi böyük çətinliklərlə ölkəmizdə qeyd olundu. Çünki silahdaşlarının nəslindən hələ də sağ olanlar var idi. Stepan Şaumyanın oğlu Moskvada Kreml dairələrinə yaxın bir mövqedə idi. Mikoyan və başqa ermənilər də o dövrün adamları idilər. Ona görə Nərimanovun yubileyini sadəcə yazıçı səviyyəsində keçirməyə Kremlin etirazı yox idi. Amma Heydər Əliyev uzaqgörən dövlət xadimi kimi Nərimanovun yubileyini həm görkəmli dövlət xadimi, həm də böyük yazıçı formatında keçirmək istəyirdi. Yubiley iki il geciksə də, Ulu Öndər Sovet Azərbaycanının rəhbəri kimi buna nail ola bildi. Nəinki yubileyi keçirildi, hətta Bakıda ona əzəmətli heykəl ucaldıldı.

Azərbaycanda azərbaycançılıq, milli-mənəvi varlıq, Azərbaycan dili və dövlətçiliyi başqa respublikalardan fərqli imkanlar qazandı. O zaman Sovet İttifaqı 70-ci illərdə özünün yeni bir inkişaf mərhələsinə - “inkişaf etmiş sosializm cəmiyyəti” mərhələsinə qədəm qoymuşdu. Bu isə sosializm nəzəriyyəsinə görə gələcək kommunizmin birinci fazası hesab olunurdu. Kommunizmin isə əsas prinsipi insanları bərabərləşdirməkdən ibarət idi. Buna görə də sovet ideologiyası “vahid sovet xalqı” ideyasını irəli sürmüşdü. Yəni SSRİ-yə daxil olan xalqların keçmişi, tarixi, şəxsiyyəti və dövlətçilik ənənələri əridilib ortadan çıxarılmalı, onların əvəzinə yeni, hibrid nəsil – “vahid sovet xalqı”, “sovet adamı” anlayışı cəmiyyətə diktə edilməli idi.

Belə bir şəraitdə, Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində milli-mənəvi dəyərlərin əridilməsi siyasətinin həyata keçirildiyi bir vaxtda, onun milli dəyərlərə qayıdış, Azərbaycançılıq siyasəti və görkəmli şəxsiyyətlərin milli iftixar mənbəyinə çevrilməsi üçün atdığı addımlar, əlbəttə, zamanına görə qəhrəmanlıq idi. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil olmasını nəzərə alsaq, bu, sovet dövlətinin apardığı siyasətə tam mütənasib (əslində əks) idi. Sovet dövləti eyniləşdirmə və unutdurmaq siyasəti aparırdı, Heydər Əliyev isə özünü tanımaq, özünə qayıdış və dilini dövlət dilinə çevirmək yolunu tutmuşdu.

15 respublikadan ibarət olan Sovetlər İttifaqında başqa heç bir respublikada bu səviyyədə milli-mənəvi dəyərlərə qayıdış baxımından iş həyata keçirilməmişdir. Hətta bəzi yerlərdə həmin “vahid sovet xalqı” anlayışına töhfə vermək üçün qurultaylar çağırılırdı. Buna ilk dəfə etiraz edən böyük qırğız yazıçısı Çingiz Aytmatov oldu. Onun “Əsrə bərabər gün” əsərini oxumağı tövsiyə edirəm; həmin mövzuda film də var, Milli Dram Teatrı tamaşaya da qoyub. Çingiz Aytmatovun əsərdə təsvir etdiyi “manqurtlaşdırma” siyasəti sovet dövlətinin xalqları eyniləşdirmə siyasətinə etirazın ifadəsi idi. O zaman hətta mahnı da var idi: “Mənim ünvanım nə küçədir, nə evdir, mənim ünvanım Sovetlər İttifaqıdır”. Bu xoru bütün televiziyalar beynimizə yeridirdi, amma Heydər Əliyev Azərbaycançılıq siyasətini həyata keçirirdi.

Hətta o zamanın şərtlərinə uyğun gəlməyən vətənpərvər milli ziyalıları qoruyurdu. Məsələn, Bəxtiyar Vahabzadəni “Gülüstan” poemasına görə cəzadan xilas etdi. Rus dilinin hakim dil olması siyasəti aparılsa da, o, Azərbaycan dilini xilas etdi. Azərbaycanın zorla Rusiya tərkibinə daxil olduğunu açıq şəkildə deyən Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun mövqeyini müdafiə etdi. Onların bir çoxu əsərlərinə görə dövlət mükafatı aldı, deputat seçildi, fəxri ad aldı. Bu cür ziyalılara toxunulmazlıq təmin edərək onların vasitəsilə milli təfəkkürü ölkədə yaymaq siyasətini həyata keçirdi.

Eyni zamanda, Ulu Öndərin sovet dövründə apardığı bu siyasət xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlamağa xidmət edirdi. Həqiqətən də dövlət müstəqilliyi əldə olunanda Azərbaycan xalqı və gəncləri dövlət ideologiyasını müəyyən etmək baxımından heç bir sual qarşısında qalmadı. Heydər Əliyevin toxumlarını səpdiyi azərbaycançılıq ideyaları dərhal müstəqil dövlətin təməlinə çevrildi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağda qazandığı böyük Zəfər, 20 ildən artıq rəhbərliyi dövründə əldə etdiyi möhtəşəm qələbələr, suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunması ilə azərbaycançılıq əsasında qurulan müstəqil Azərbaycan dövlətini tam yeni bir inkişaf mərhələsinə gətirib çatdırmışdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qalib xalqın Qalib Lideri kimi nəinki regionda, dünyada böyük nüfuza malik olan dünya liderlərindən biridir. “Söz sahibi Azərbaycan” anlayışı bu cür təkamül prosesləri keçərək, müqavimətləri qıraraq gəlib bu günlərə çatmışdır. Biz bu gün azad, müstəqil və suveren Azərbaycan dövlətinin vətəndaşı olmağımızla qürur duyuruq. Öz bayrağımıza, himnimizə, liderimizə qarşı iftixar duyğusu keçiririk.

Azərbaycan dövlətçiliyi müxtəlif mərhələlərdən keçmişdir. 1918-1920-ci illərdə olan Azərbaycan Xalq Cümhuriyyətindən sonra Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin tərkib hissəsi idi, müstəqil deyildi. Biz müstəqil dövlət kimi yenidən 1991-ci ildə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyduq. Müstəqil Azərbaycan dövləti də özlüyündə bir neçə mərhələdən keçmişdir və Azərbaycanın humanitar-ictimai düşüncəsinə aid olan bu məsələni də burada sizə deməyi vacib sayıram.

Müstəqilliyimizin başlanğıc illərində sosialist dövlətdən hüquqi, demokratik dövlətə doğru addım atıldı. Müstəqil respublikanın hüquqi, demokratik inkişafı dünyada gedən proseslərlə həmahəng idi. Dünyada “informasiya cəmiyyəti” yarandı. XX əsrin 90-cı illərinin ortalarından başlayaraq XXI əsrin əvvəllərinə qədər bütün dünya informasiya cəmiyyəti deyilən bir dövrə qədəm qoydu. Azərbaycan da bu texnoloji cəmiyyətin prinsiplərinə uyğun inkişaf etdi. Bu, ikinci mərhələ idi.

Üçüncü mərhələ, məncə, 2011-ci ildə elan olunan Dördüncü Sənaye İnqilabının çağırışları ilə meydana gələn “rəqəmsal cəmiyyət” dövrüdür. Hazırda müstəqil Azərbaycan dövləti öz inkişafının rəqəmsal cəmiyyət dövrünü yaşayır. Bildiyiniz kimi, Birinci sənaye inqilabı XVIII əsrin ikinci yarısında Qərbi Avropada meydana gəldi. Ən böyük kəşfi buxar mühərrikinin yaradılması idi. Bu, əl əməyindən və kustar təsərrüfatdan sənayeyə keçid üçün başlanğıc oldu. Dünya bu inqilabla böyük bir sıçrayış etdi və bu proses XIX əsr boyu davam etdi.

XIX əsrin axırlarına yaxın enerji faktoru meydana çıxdı. Elektrik enerjisinin kəşfi ilə dünyada ikinci böyük sənaye inqilabı baş verdi. Təyyarələr, teleqraf, radio və s. yarandı, bəşəriyyət tam yeni bir cəmiyyətə qədəm qoydu. Birinci Dünya Müharibəsinin 1914-cü ildə başlaması ilə İkinci Sənaye İnqilabı bir növ öz mərhələsini tamamladı. Üçüncü Sənaye İnqilabı isə XX əsrin ortalarından başladı. Bu, daha çox elektronikanın və internetin meydana gəlməsi ilə əlaqədardır. Siyasi fikirdə və humanitar təfəkkürdə bu, “elmi-texniki inqilab” kimi səciyyələndirilir. Kosmosun fəthi, internetin yayılması və elektronikanın inkişafı bu dövrün nailiyyətləridir.

Dördüncü Sənaye İnqilabı 2011-ci ildə elan olundu, sürətlə yayıldı və artıq 2013-2014-cü illərdə bütün dünya bu inqilabın tərkibində olduğunu etiraf etdi. Bunun əsasında isə süni intellekt dayanır. Biz buxar mühərrikindən süni intellektə qədər üç yüz ilə yaxın bir inkişaf yolu keçmişik. Bu, həm texnoloji, həm də ictimai-siyasi və humanitar təfəkkürün dəyişməsinin əsas parametridir. Bu hərəkətverici qüvvələrin içərisində millətin öz milli varlığını qoruyub saxlaması, yəni iqtisadi və texnoloji inkişafla yanaşı, milli-mənəvi dəyərləri qorumaq hər xalqın öz üzərinə düşən vəzifədir.

Bizim üçün, bayaq dediyim kimi, XIX əsrdən etibarən oyanış dövrü başladı. “Azərbaycan” sözü bir kəlmədən mənəviyyata, millətin qəlbinə köçdü və biz öz milli varlığımızı inkişaf etdirdik. Dünyada yüzlərlə kiçik xalqlar var ki, lideri olmadığına, asılı dövlət olduğuna və ya müstəmləkə olduğuna görə əriyib bitdi. Son 100 ildə dilini itirən, başqa millətlərin içində əriyən yüzlərlə etnik qrup var. Azərbaycan isə inkişaf etdi və bu dəyərləri günümüzə qədər çatdıra bildi.

Yekun olaraq bu hissəyə belə demək olar: Azərbaycan bizim vətənimiz və idealımızdır, Azərbaycançılıq isə müstəqil dövlətimizin dövlətçilik ideologiyasıdır.

Azərbaycanşünaslıq nədir? Azərbaycanşünaslıq - harada yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının ölkəsini, coğrafiyasını, mədəniyyətini, iqtisadiyyatını, milli mənsubiyyətini bütün yönləri ilə (elmi, texniki, ictimai, humanitar) öyrənən elmdir. Azərbaycanşünaslıq Azərbaycançılıq ideologiyasının tərkibinə daxildir. Azərbaycan dili, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi və Azərbaycan milli-mənəvi dəyərləri - Azərbaycançılıq konsepsiyasının dörd əsas təməl dəyəridir.

Bizim Akademiya humanitar və ictimai elmlər yönümlü olduğuna görə, biz ədəbiyyatda, tarixdə, fəlsəfədə və sosiologiyada məhz Azərbaycan xalqının təkamülünü və azərbaycançılığın formalaşma mərhələlərini dərindən bilməliyik. Bu, bizim ana dili və vətən qarşısındakı mənəvi borcumuzdur. “Azərbaycan dili” anlayışı XIX əsrdə mətbuatda çıxsa da, 1978-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Konstitusiyaya daxil edilənə qədər rəsmi dövlət statusu belə möhkəm deyildi. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada da bu, dövlət dili kimi təsdiq olundu.

“Azərbaycan xalqı” anlayışı da çox maraqlıdır. Bu anlayış Azərbaycan coğrafiyasında yaşayan bütün xalqları özündə birləşdirir. Ölkəmizdə onlarla etnik qrup yaşayır və Azərbaycan dili onların hər birinin dilidir. Məncə, “Azərbaycan dili” və “Azərbaycan xalqı” anlayışı Ulu Öndər Heydər Əliyevin görkəmli dövlət xadimi kimi bir kəşfidir. Bu, çoxmillətli dövlətdə bütün xalqları və etnik qrupları birləşdirən mükəmməl bir təlimdir. Məhz bu təlim sayəsində bizim multikultural cəmiyyətimiz ahəngdar şəkildə yaşayır və heç bir ayrı-seçkiliyə yer qoymur.

Azərbaycanşünaslıq özündə təbiət elmlərini, texniki və dəqiq elmləri də birləşdirir. Kimya, biologiya, fizika, riyaziyyat - hamısı bu sahənin tərkib hissələridir. Lakin etiraf edək ki, azərbaycanşünaslığın əsas hərəkətverici qüvvəsi ictimai və humanitar elmlərdir: tarix, ədəbiyyat, dil, incəsənət, arxeologiya və etnoqrafiya onun təməl istiqamətləridir. Milli Elmlər Akademiyası Azərbaycanşünaslığın əsas mərkəzidir. Biz Azərbaycan xalqının milli mənafelərini dövlət maraqlarına və bəşəri dəyərlərə uyğun öyrənməliyik.

Müstəqilliyimizin 35 illiyini qeyd etdiyimiz bu dövrdə qarşımızda hələ də keçmişdən qalan bəzi problemlər var. Gənc tədqiqatçılara bunları deməyi borc bilirəm. Birincisi, Azərbaycan elmində ədəbi və tarixi şəxsiyyətlərin arzuolunan səviyyədə öyrənilməməsidir. Sovet dövründə “vahid sovet xalqı” nəzəriyyəsinə görə, şəxsiyyətlərin tədqiqi deyil, yalnız problemlərin öyrənilməsi məqsəd qoyulmuşdu. Məsələn, Səfəvi dövlətində ordu, xarici siyasət və iqtisadiyyat öyrənilirdi, amma dövlətin rəhbəri Şah İsmayıl Xətai haqqında real elmi biz uzun zaman yalnız xarici müəlliflərdən oxuyurduq. Eyni sözləri Əfşarlar dövləti haqqında da demək olar.

Mən şadam ki, biz müstəqilliyin 35-ci ilində Nadir şah haqqında kitabın təqdimatını keçirdik. O, bizim xalqımızın qəhrəmanıdır. Babək haqqında da - mütəxəssislər buradadır; məsuliyyətlə deyirəm, - bu gün əlimizdə azərbaycanlı müəllifin azərbaycançılıq əsasında yazdığı fundamental kitablar hələ də azdır; daha çox xarici mənbələrə istinad edirik. Filosofumuz Əbülhəsən Bəhmənyar X əsrdə özünə “Azərbaycanlı” təxəllüsü götürmüşdü. Bu, böyük bir mesajdır. Amma Bəhmənyar haqqında bir monoqrafik tədqiqatımız varmı? Əbdülqadir Marağayi orta əsr musiqi nəzəriyyəsini yaratmışdır, hamı ondan iftixarla danışır, amma onun kimliyinə cavab verən kitabımız varmı? Yoxdur.

Azərbaycan xalqı ensiklopediyalara sığmayacaq qədər böyük şəxsiyyətlər yetirmişdir, amma kitabxanalarımızı dolduracaq qədər onlar haqqında kitab yoxdur. Biz həm problemləri, həm də şəxsiyyətləri paralel öyrənməliyik. Artıq Akademiyada ədəbi-tarixi şəxsiyyətlərə yenidən qayıtmaq haqqında qərar qəbul etmişik. Elmi planlarda dəyişikliklər olub. Məsələn, Ədəbiyyat İnstitutunda sənətkarın elmi pasportunu əks etdirən kitabların sayı altmışı keçdi.

Bu yanaşma həm tariximizin daha dolğun öyrənilməsi, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacibdir. Çünki tarixi şəxsiyyətlər milli kimliyin canlı daşıyıcılarıdır. Onların öyrənilməsi yeni nəsillərdə milli qürur və mənəvi bağlılıq formalaşdırır.

Digər mühüm məsələlərdən biri Azərbaycan xalqının mənşəyi, etnogenez məsələsidir. Bu sahədə müxtəlif nəzəriyyələr mövcud olsa da, hələ də yekdil elmi nəticə formalaşmamışdır.

Eyni zamanda tariximizin və mədəniyyətimizin dövrləşdirilməsi məsələsi də yenidən nəzərdən keçirilməlidir. Sovet dövründə bu proses əsasən marksist yanaşma ilə ictimai-iqtisadi formasiya nəzəriyyəsinə əsaslanaraq aparılmışdır. Lakin bu model bütün xalqlar üçün universal deyil.

Azərbaycan xalqının inkişaf yolunu öyrənərkən əsas prinsip azərbaycançılıq olmalıdır. Bununla yanaşı, dünya sivilizasiyası ilə qarşılıqlı əlaqələr də nəzərə alınmalıdır. Çünki Azərbaycan həm milli, həm də qlobal inkişaf proseslərinin bir hissəsidir.

Xalqın keçdiyi real tarixi, ictimai və siyasi inkişaf yolu, azərbaycançılıq amili və bəşər sivilizasiyası kontekstində birgə şəkildə araşdırılmalıdır. Məncə, bu yanaşma müstəqillik dövründə tarixə, ədəbiyyata, mədəniyyətə və ümumilikdə təkamül proseslərinə baxışın əsasını təşkil etməlidir.

Azərbaycan ədəbiyyatı tarixinin artıq yeni dövrləşmə konsepsiyası əsasında yeddi cildi nəşr olunmuşdur. Marksist dörd mərhələli bölgü əvəzinə, ədəbiyyatın inkişaf yolu daha geniş və əsaslandırılmış mərhələlər üzrə təsnif edilmişdir. Bu qərar çoxsaylı müzakirələrdən sonra həm ölkəmizdə, həm də Türk dünyasında qəbul olunmuşdur.

Həmçinin AMEA-nın Tarix və Etnologiya İnstitutu artıq dövrləşməni marksist sxem əsasında deyil, Azərbaycan dövlətçiliyinin mərhələləri əsasında qurur. Qədim dövlət qurumlarından başlayaraq müasir dövrə qədər uzanan bu yanaşma həm elmi baxımdan əsaslıdır, həm də dövlət xadimlərinin, sərkərdələrin və tarixi şəxsiyyətlərin rolunu daha dolğun şəkildə təqdim etməyə imkan yaradır.

Memarlıq və incəsənət sahəsində də dövrləşmə ilə bağlı yeni elmi axtarışlar aparılır. Azərbaycan musiqişünaslığı və ümumilikdə incəsənətin inkişaf mərhələləri ilə bağlı tədqiqatlar bunu sübut edir. Lakin təəssüf ki, bu proseslərdən gənc nəsil kifayət qədər xəbərdar deyil. Bu baxımdan humanitar elmlərdə düşüncə tərzinin yenilənməsi zəruridir. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan azərbaycançılıq fəlsəfəsinə keçid prosesi elmi mühitdə daha geniş şəkildə mənimsənilməlidir. Bu istiqamətdə elmi şuralar və akademik strukturlar səviyyəsində müzakirələr aparılır və müəyyən təşkilati addımlar atılır.

Gənc tədqiqatçılar Azərbaycan tarixinin, ədəbiyyatının və ictimai fikrinin yeni dövrləşmə prinsiplərini dərindən mənimsəməli və öz elmi fəaliyyətlərində bu yanaşmanı tətbiq etməlidirlər. Yalnız bu halda müstəqil dövlətin ideologiyasına uyğun, yeni elmi təfəkkürə malik nəsil formalaşdırmaq mümkün olacaqdır.

Eyni zamanda, keçmişdən qalan stereotiplərdən də imtina olunmalıdır. Tarixi şəxsiyyətlərə birtərəfli yanaşma, onları yalnız “istismarçı sinif” kimi qiymətləndirmək kimi köhnə yanaşmalar artıq öz aktuallığını itirmişdir. Bu şəxsiyyətlərə milli tariximizin və mədəniyyətimizin ayrılmaz hissəsi kimi obyektiv yanaşmaq lazımdır.

Müasir dövrdə dünya artıq yeni mərhələyə – rəqəmsal və süni intellekt əsaslı inkişaf mərhələsinə qədəm qoymuşdur. İnformasiya cəmiyyəti mərhələsi tədricən arxivə çevrilir və onun yerini rəqəmsal cəmiyyət tutur. Bu yeni mərhələdə sadəcə informasiya kifayət deyil – əsas tələb intellektual yanaşma və dərin elmi təfəkkürdür.

Bu proseslər fonunda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən təşəbbüslər, xüsusilə beynəlxalq tədbirlərin ölkəmizdə təşkili, yeni texnologiyaların və biliklərin Azərbaycana transferinə mühüm töhfə verir. Bu isə cəmiyyətimizdə həm azərbaycançılıq düşüncəsinin, həm də rəqəmsal təfəkkürün paralel inkişafına şərait yaradır.

Rəqəmsal dövrün əsas xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız texnologiya deyil, həm də yeni düşüncə tərzi tələb edir. Bilik və məlumat anlayışları ilə müqayisədə elm daha sistemli və strukturlaşdırılmış yanaşmanı ifadə edir və cəmiyyətin inkişafında həlledici rol oynayır.

Tarix göstərir ki, hansı cəmiyyətdə elm, mədəniyyət və humanitar düşüncə üstün mövqe tutubsa, orada sabitlik, harmoniya və inkişaf təmin olunub. Əksinə, milli-mənəvi dəyərlərin zəif olduğu cəmiyyətlərdə qeyri-sabitlik və inkişaf problemləri daha çox müşahidə olunur.

Bu baxımdan, rəqəmsal təfəkkürlə humanitar düşüncə bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan vəhdət təşkil edir. Müasir inkişaf modeli məhz bu sintez üzərində qurulmalıdır.

Dördüncü Sənaye İnqilabının əsas xüsusiyyəti də bundadır ki, artıq süni intellekt yalnız texniki sahələrə deyil, humanitar elmlərə, tibbə, təhsilə və gündəlik həyatın bütün sahələrinə nüfuz edir. Bu isə bütün bilik sahələrinin inteqrasiyasını zəruri edir.

Beləliklə, müasir dövrdə inkişafın əsas şərti – milli-mənəvi dəyərlərlə zəngin humanitar düşüncə ilə rəqəmsal və texnoloji təfəkkürün vəhdətidir. Bu vəhdət həm cəmiyyətin, həm də ayrı-ayrı fərdlərin inkişafının əsas modelidir.

Dördüncü Sənaye İnqilabının çağırışlarına cavab vermək üçün dövlət başçımız tərəfindən bir sıra mühüm qərarlar qəbul edilmişdir. 2026-cı ildə süni intellekt strategiyası, rəqəmsal inkişaf və Azərbaycanın rəqəmsal arxitekturası haqqında ölkə başçısının sərəncamları imzalanmış, nəhayət, rəqəmsal inkişafın həyata keçirilməsi üçün Dövlət Proqramı və Rəqəmsal İnkişaf Şurası yaradılmışdır. Cənab Prezidentin Fərmanı ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri kimi ölkəmizdə bu prosesin inkişafına mühüm töhfələr verir.

Biz də ölkəmizdə gedən proseslərə uyğun olaraq, 2023-cü ilin yanvar ayında AMEA-nın Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsi yaratmışıq. Bu illər ərzində biz Elektron Akademiya hərəkatına keçmişik və artıq süni intellekt və rəqəmsal inkişafa əsaslanan yeni mərhələyə doğru inkişaf edirik. Dövrün çağırışlarından irəli gələrək, “Elektron Akademiya” şöbəsi və institutlarımızdakı “Elektron xidmətlər” şöbələri “rəqəmsal elm” və “süni intellekt” şöbələri kimi yenidən təşkil edilmişdir. Eyni zamanda institutlarımızda rəqəmsallaşma üzrə direktor müavinləri ştatları ilə bağlı əmrlər hazırlanır. Süni intellekt və rəqəmsallaşma təfəkkürlə yanaşı, idarəetmə sisteminə də sürətlə daxil olur.

Biz rəqəmsal inkişafa xidmət edən elmi tədqiqatların aparılmasını təmin etmək istəyirik. Bunun üçün rəqəmsal şöbələr köməkçi strukturdan çıxarılaraq elmi tədqiqat şöbələrinə çevrilir. Yəni rəqəmsal intellekt şöbəsi yalnız texnoloji tətbiqlərlə deyil, həm də ədəbiyyatın, mədəniyyətin, incəsənətin və tarixin tədqiqi ilə məşğul olur.

Rəqəmsal texnologiya ilə rəqəmsal təfəkkür bir-birini tamamlamalıdır. Rəqəmsal texnologiya, rəqəmsal təfəkkür və humanitar düşüncə ictimai fikir sistemində bir yerdə olduqda xalq, dövlət, Akademiya və elm daha güclü olur.

Mən bu çıxışımda qeyd etdiyim məsələlərin artıq elmi ədəbiyyatda yer almalı olduğunu hesab edirəm. Əgər bu proseslər həyata keçirilməsə, humanitar təfəkkürün azərbaycançılıq əsasında formalaşması, dövlətçilik və ədəbi şəxsiyyətlərin tədqiqi, texnoloji inkişafla paralel getməsi mümkün olmayacaqdır.

Biz nə qədər xarici dil bilsək də, əsas olan öz milli düşüncə sistemimizi qorumaqdır. Akademiyanın 80 illik yubileyində ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan dili və azərbaycançılıq dəyərləri ilə bağlı verilən çağırışlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Prezidentin çağırışına uyğun olaraq, Azərbaycan dilinin saflığının qorunması istiqamətində bir sıra tədbirlər görülmüşdür. Orfoqrafiya lüğəti yeni formatda hazırlanır və dil korpusu üzərində işlər davam edir. Bu sahədə ilk dəfə olaraq geniş korpus layihəsi gələn il tamamlanacaq.

Biz humanitar təfəkkürün müasir Azərbaycanın reallıqlarına uyğunlaşdırılmasını, keçmişdən gələn artıq elementlərdən təmizlənməsini və elmi əsaslarla inkişafını təmin etməliyik. Eyni zamanda, tədqiqatçılar və intellektual şəxslər ölkənin tarixini, mədəniyyətini və şəxsiyyətlərini milli və dövlətçilik prizmasından dəyərləndirməlidirlər.

XXI əsrdə yeni tipli vətəndaş həm humanitar, həm də rəqəmsal təfəkkürə malik olmalıdır. Süni intellekt və rəqəmsal sənaye inqilabı bu yeni mərhələnin əsas tələblərini formalaşdırır.

İnanıram ki, bu gün apardığımız müzakirələr sizə daha dərindən düşünmək, tədqiqatları genişləndirmək və proseslərə daha sistemli yanaşmaq imkanı verəcək”.

Akademik İsa Həbibbəyli ustad dərsinin sonunda Məmməd Aslanın “Mənim ürəyimdə” şeirini səsləndirib, iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: