Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmizdə Sovet İttifaqının ideologiyasına toxunmadan, onu tənqid etmədən, amma Ulu Öndərin böyük ustalıqla həyata keçirdiyi Azərbaycançılıq siyasəti meydanda idi. Ulu Öndər Azərbaycan dilini 1978-ci ildə ilk dəfə olaraq Sovet Azərbaycanı Konstitusiyasına dövlət dili kimi daxil etdi. Digər tərəfdən isə Azərbaycanın ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə inkişaf etdirilməsinə geniş meydan açdı. Azərbaycanda böyük, görkəmli şəxsiyyətlərimizin yubileyləri keçirilirdi. Bizim nəsil onu çox yaxşı xatırlayır. İmadəddin Nəsiminin yubileyi ölkə miqyasında, Sovet İttifaqı miqyasında və hətta o zaman üçün kapitalist ölkəsi sayılan Fransada, Parisdə - UNESCO-da keçirilməsi bir əfsanə hesab olunur.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda keçdiyi ustad dərsi zamanı deyib.
Akademik İsa Həbibbəyli bildirib ki, Nizami Gəncəvinin 840 illik yubileyini Ulu Öndər keçirməyə nail ola bildi. Bizim nəsil yaxşı bilir ki, Siyasi Büroda məsələ müzakirə olunarkən “840” rəqəminin yuvarlaq rəqəm olmadığını, yubiley rəqəmi olmadığını nəzərə çatdırmışdılar. Ulu Öndərin cavabı belə olmuşdu ki, əvvəlcə Nizami Gəncəvini oxuyun, onda görərsiniz ki, Nizami Gəncəvi bəşəriyyətə o səviyyədə töhfə vermiş adamlardan biridir ki, onun yubileyini yuvarlaq rəqəmlərlə ifadə etmək yox, anadan olmasının hər ilini ayrıca yubiley kimi keçirmək lazımdır.
Nəriman Nərimanovun 100 illik yubileyi böyük çətinliklərlə ölkəmizdə qeyd olundu. Çünki silahdaşlarının nəslindən hələ də sağ olanlar var idi. Stepan Şaumyanın oğlu Moskvada Kreml dairələrinə yaxın bir mövqedə idi. Mikoyan və başqa ermənilər də o dövrün adamları idilər. Ona görə Nərimanovun yubileyini sadəcə yazıçı səviyyəsində keçirməyə Kremlin etirazı yox idi. Amma Heydər Əliyev uzaqgörən dövlət xadimi kimi Nərimanovun yubileyini həm görkəmli dövlət xadimi, həm də böyük yazıçı formatında keçirmək istəyirdi. Yubiley iki il geciksə də, Ulu Öndər Sovet Azərbaycanının rəhbəri kimi buna nail ola bildi. Nəinki yubileyi keçirildi, hətta Bakıda ona əzəmətli heykəl ucaldıldı.
Azərbaycanda azərbaycançılıq, milli-mənəvi varlıq, Azərbaycan dili və dövlətçiliyi başqa respublikalardan fərqli imkanlar qazandı. O zaman Sovet İttifaqı 70-ci illərdə özünün yeni bir inkişaf mərhələsinə - “inkişaf etmiş sosializm cəmiyyəti” mərhələsinə qədəm qoymuşdu. Bu isə sosializm nəzəriyyəsinə görə gələcək kommunizmin birinci fazası hesab olunurdu. Kommunizmin isə əsas prinsipi insanları bərabərləşdirməkdən ibarət idi. Buna görə də sovet ideologiyası “vahid sovet xalqı” ideyasını irəli sürmüşdü. Yəni SSRİ-yə daxil olan xalqların keçmişi, tarixi, şəxsiyyəti və dövlətçilik ənənələri əridilib ortadan çıxarılmalı, onların əvəzinə yeni, hibrid nəsil – “vahid sovet xalqı”, “sovet adamı” anlayışı cəmiyyətə diktə edilməli idi.
Belə bir şəraitdə, Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində milli-mənəvi dəyərlərin əridilməsi siyasətinin həyata keçirildiyi bir vaxtda, onun milli dəyərlərə qayıdış, Azərbaycançılıq siyasəti və görkəmli şəxsiyyətlərin milli iftixar mənbəyinə çevrilməsi üçün atdığı addımlar, əlbəttə, zamanına görə qəhrəmanlıq idi. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil olmasını nəzərə alsaq, bu, sovet dövlətinin apardığı siyasətə tam mütənasib (əslində əks) idi. Sovet dövləti eyniləşdirmə və unutdurmaq siyasəti aparırdı, Heydər Əliyev isə özünü tanımaq, özünə qayıdış və dilini dövlət dilinə çevirmək yolunu tutmuşdu.
15 respublikadan ibarət olan Sovetlər İttifaqında başqa heç bir respublikada bu səviyyədə milli-mənəvi dəyərlərə qayıdış baxımından iş həyata keçirilməmişdir. Hətta bəzi yerlərdə həmin “vahid sovet xalqı” anlayışına töhfə vermək üçün qurultaylar çağırılırdı. Buna ilk dəfə etiraz edən böyük qırğız yazıçısı Çingiz Aytmatov oldu. Onun “Əsrə bərabər gün” əsərini oxumağı tövsiyə edirəm; həmin mövzuda film də var, Milli Dram Teatrı tamaşaya da qoyub. Çingiz Aytmatovun əsərdə təsvir etdiyi “manqurtlaşdırma” siyasəti sovet dövlətinin xalqları eyniləşdirmə siyasətinə etirazın ifadəsi idi. O zaman hətta mahnı da var idi: “Mənim ünvanım nə küçədir, nə evdir, mənim ünvanım Sovetlər İttifaqıdır”. Bu xoru bütün televiziyalar beynimizə yeridirdi, amma Heydər Əliyev Azərbaycançılıq siyasətini həyata keçirirdi.
Hətta o zamanın şərtlərinə uyğun gəlməyən vətənpərvər milli ziyalıları qoruyurdu. Məsələn, Bəxtiyar Vahabzadəni “Gülüstan” poemasına görə cəzadan xilas etdi. Rus dilinin hakim dil olması siyasəti aparılsa da, o, Azərbaycan dilini xilas etdi. Azərbaycanın zorla Rusiya tərkibinə daxil olduğunu açıq şəkildə deyən Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun mövqeyini müdafiə etdi. Onların bir çoxu əsərlərinə görə dövlət mükafatı aldı, deputat seçildi, fəxri ad aldı. Bu cür ziyalılara toxunulmazlıq təmin edərək onların vasitəsilə milli təfəkkürü ölkədə yaymaq siyasətini həyata keçirdi.
Eyni zamanda, Ulu Öndərin sovet dövründə apardığı bu siyasət xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlamağa xidmət edirdi. Həqiqətən də dövlət müstəqilliyi əldə olunanda Azərbaycan xalqı və gəncləri dövlət ideologiyasını müəyyən etmək baxımından heç bir sual qarşısında qalmadı. Heydər Əliyevin toxumlarını səpdiyi azərbaycançılıq ideyaları dərhal müstəqil dövlətin təməlinə çevrildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağda qazandığı böyük Zəfər, 20 ildən artıq rəhbərliyi dövründə əldə etdiyi möhtəşəm qələbələr, suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunması ilə azərbaycançılıq əsasında qurulan müstəqil Azərbaycan dövlətini tam yeni bir inkişaf mərhələsinə gətirib çatdırmışdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qalib xalqın Qalib Lideri kimi nəinki regionda, dünyada böyük nüfuza malik olan dünya liderlərindən biridir. “Söz sahibi Azərbaycan” anlayışı bu cür təkamül prosesləri keçərək, müqavimətləri qıraraq gəlib bu günlərə çatmışdır. Biz bu gün azad, müstəqil və suveren Azərbaycan dövlətinin vətəndaşı olmağımızla qürur duyuruq. Öz bayrağımıza, himnimizə, liderimizə qarşı iftixar duyğusu keçiririk.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.