Dünyada yüzlərlə kiçik xalqlar var ki, lideri olmadığına, asılı dövlət olduğuna və ya müstəmləkə olduğuna görə əriyib bitdi. Son 100 ildə dilini itirən, başqa millətlərin içində əriyən yüzlərlə etnik qrup var. Azərbaycan isə inkişaf etdi və bu dəyərləri günümüzə qədər çatdıra bildi.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda keçdiyi ustad dərsi zamanı deyib.
Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan bizim vətənimiz və idealımızdır, Azərbaycançılıq isə müstəqil dövlətimizin dövlətçilik ideologiyasıdır.
Azərbaycanşünaslıq nədir? Azərbaycanşünaslıq - harada yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının ölkəsini, coğrafiyasını, mədəniyyətini, iqtisadiyyatını, milli mənsubiyyətini bütün yönləri ilə (elmi, texniki, ictimai, humanitar) öyrənən elmdir. Azərbaycanşünaslıq Azərbaycançılıq ideologiyasının tərkibinə daxildir. Azərbaycan dili, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi və Azərbaycan milli-mənəvi dəyərləri - Azərbaycançılıq konsepsiyasının dörd əsas təməl dəyəridir.
Bizim Akademiya humanitar və ictimai elmlər yönümlü olduğuna görə, biz ədəbiyyatda, tarixdə, fəlsəfədə və sosiologiyada məhz Azərbaycan xalqının təkamülünü və azərbaycançılığın formalaşma mərhələlərini dərindən bilməliyik. Bu, bizim ana dili və vətən qarşısındakı mənəvi borcumuzdur. “Azərbaycan dili” anlayışı XIX əsrdə mətbuatda çıxsa da, 1978-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Konstitusiyaya daxil edilənə qədər rəsmi dövlət statusu belə möhkəm deyildi. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada da bu, dövlət dili kimi təsdiq olundu.
“Azərbaycan xalqı” anlayışı da çox maraqlıdır. Bu anlayış Azərbaycan coğrafiyasında yaşayan bütün xalqları özündə birləşdirir. Ölkəmizdə onlarla etnik qrup yaşayır və Azərbaycan dili onların hər birinin dilidir. Məncə, “Azərbaycan dili” və “Azərbaycan xalqı” anlayışı Ulu Öndər Heydər Əliyevin görkəmli dövlət xadimi kimi bir kəşfidir. Bu, çoxmillətli dövlətdə bütün xalqları və etnik qrupları birləşdirən mükəmməl bir təlimdir. Məhz bu təlim sayəsində bizim multikultural cəmiyyətimiz ahəngdar şəkildə yaşayır və heç bir ayrı-seçkiliyə yer qoymur.
Azərbaycanşünaslıq özündə təbiət elmlərini, texniki və dəqiq elmləri də birləşdirir. Kimya, biologiya, fizika, riyaziyyat - hamısı bu sahənin tərkib hissələridir. Lakin etiraf edək ki, azərbaycanşünaslığın əsas hərəkətverici qüvvəsi ictimai və humanitar elmlərdir: tarix, ədəbiyyat, dil, incəsənət, arxeologiya və etnoqrafiya onun təməl istiqamətləridir. Milli Elmlər Akademiyası Azərbaycanşünaslığın əsas mərkəzidir. Biz Azərbaycan xalqının milli mənafelərini dövlət maraqlarına və bəşəri dəyərlərə uyğun öyrənməliyik.
Müstəqilliyimizin 35 illiyini qeyd etdiyimiz bu dövrdə qarşımızda hələ də keçmişdən qalan bəzi problemlər var. Gənc tədqiqatçılara bunları deməyi borc bilirəm. Birincisi, Azərbaycan elmində ədəbi və tarixi şəxsiyyətlərin arzuolunan səviyyədə öyrənilməməsidir. Sovet dövründə “vahid sovet xalqı” nəzəriyyəsinə görə, şəxsiyyətlərin tədqiqi deyil, yalnız problemlərin öyrənilməsi məqsəd qoyulmuşdu. Məsələn, Səfəvi dövlətində ordu, xarici siyasət və iqtisadiyyat öyrənilirdi, amma dövlətin rəhbəri Şah İsmayıl Xətai haqqında real elmi biz uzun zaman yalnız xarici müəlliflərdən oxuyurduq. Eyni sözləri Əfşarlar dövləti haqqında da demək olar.
Mən şadam ki, biz müstəqilliyin 35-ci ilində Nadir şah haqqında kitabın təqdimatını keçirdik. O, bizim xalqımızın qəhrəmanıdır. Babək haqqında da - mütəxəssislər buradadır; məsuliyyətlə deyirəm, - bu gün əlimizdə azərbaycanlı müəllifin azərbaycançılıq əsasında yazdığı fundamental kitablar hələ də azdır; daha çox xarici mənbələrə istinad edirik. Filosofumuz Əbülhəsən Bəhmənyar X əsrdə özünə “Azərbaycanlı” təxəllüsü götürmüşdü. Bu, böyük bir mesajdır. Amma Bəhmənyar haqqında bir monoqrafik tədqiqatımız varmı? Əbdülqadir Marağayi orta əsr musiqi nəzəriyyəsini yaratmışdır, hamı ondan iftixarla danışır, amma onun kimliyinə cavab verən kitabımız varmı? Yoxdur.
Azərbaycan xalqı ensiklopediyalara sığmayacaq qədər böyük şəxsiyyətlər yetirmişdir, amma kitabxanalarımızı dolduracaq qədər onlar haqqında kitab yoxdur. Biz həm problemləri, həm də şəxsiyyətləri paralel öyrənməliyik. Artıq Akademiyada ədəbi-tarixi şəxsiyyətlərə yenidən qayıtmaq haqqında qərar qəbul etmişik. Elmi planlarda dəyişikliklər olub. Məsələn, Ədəbiyyat İnstitutunda sənətkarın elmi pasportunu əks etdirən kitabların sayı altmışı keçdi.
Bu yanaşma həm tariximizin daha dolğun öyrənilməsi, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacibdir. Çünki tarixi şəxsiyyətlər milli kimliyin canlı daşıyıcılarıdır. Onların öyrənilməsi yeni nəsillərdə milli qürur və mənəvi bağlılıq formalaşdırır.
Digər mühüm məsələlərdən biri Azərbaycan xalqının mənşəyi, etnogenez məsələsidir. Bu sahədə müxtəlif nəzəriyyələr mövcud olsa da, hələ də yekdil elmi nəticə formalaşmamışdır.
Eyni zamanda tariximizin və mədəniyyətimizin dövrləşdirilməsi məsələsi də yenidən nəzərdən keçirilməlidir. Sovet dövründə bu proses əsasən marksist yanaşma ilə ictimai-iqtisadi formasiya nəzəriyyəsinə əsaslanaraq aparılmışdır. Lakin bu model bütün xalqlar üçün universal deyil.
Azərbaycan xalqının inkişaf yolunu öyrənərkən əsas prinsip azərbaycançılıq olmalıdır. Bununla yanaşı, dünya sivilizasiyası ilə qarşılıqlı əlaqələr də nəzərə alınmalıdır. Çünki Azərbaycan həm milli, həm də qlobal inkişaf proseslərinin bir hissəsidir.
Xalqın keçdiyi real tarixi, ictimai və siyasi inkişaf yolu, azərbaycançılıq amili və bəşər sivilizasiyası kontekstində birgə şəkildə araşdırılmalıdır. Məncə, bu yanaşma müstəqillik dövründə tarixə, ədəbiyyata, mədəniyyətə və ümumilikdə təkamül proseslərinə baxışın əsasını təşkil etməlidir.
Azərbaycan ədəbiyyatı tarixinin artıq yeni dövrləşmə konsepsiyası əsasında yeddi cildi nəşr olunmuşdur. Marksist dörd mərhələli bölgü əvəzinə, ədəbiyyatın inkişaf yolu daha geniş və əsaslandırılmış mərhələlər üzrə təsnif edilmişdir. Bu qərar çoxsaylı müzakirələrdən sonra həm ölkəmizdə, həm də Türk dünyasında qəbul olunmuşdur.
Həmçinin AMEA-nın Tarix və Etnologiya İnstitutu artıq dövrləşməni marksist sxem əsasında deyil, Azərbaycan dövlətçiliyinin mərhələləri əsasında qurur. Qədim dövlət qurumlarından başlayaraq müasir dövrə qədər uzanan bu yanaşma həm elmi baxımdan əsaslıdır, həm də dövlət xadimlərinin, sərkərdələrin və tarixi şəxsiyyətlərin rolunu daha dolğun şəkildə təqdim etməyə imkan yaradır.
Memarlıq və incəsənət sahəsində də dövrləşmə ilə bağlı yeni elmi axtarışlar aparılır. Azərbaycan musiqişünaslığı və ümumilikdə incəsənətin inkişaf mərhələləri ilə bağlı tədqiqatlar bunu sübut edir. Lakin təəssüf ki, bu proseslərdən gənc nəsil kifayət qədər xəbərdar deyil. Bu baxımdan humanitar elmlərdə düşüncə tərzinin yenilənməsi zəruridir. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan azərbaycançılıq fəlsəfəsinə keçid prosesi elmi mühitdə daha geniş şəkildə mənimsənilməlidir. Bu istiqamətdə elmi şuralar və akademik strukturlar səviyyəsində müzakirələr aparılır və müəyyən təşkilati addımlar atılır.
Gənc tədqiqatçılar Azərbaycan tarixinin, ədəbiyyatının və ictimai fikrinin yeni dövrləşmə prinsiplərini dərindən mənimsəməli və öz elmi fəaliyyətlərində bu yanaşmanı tətbiq etməlidirlər. Yalnız bu halda müstəqil dövlətin ideologiyasına uyğun, yeni elmi təfəkkürə malik nəsil formalaşdırmaq mümkün olacaqdır.
Eyni zamanda, keçmişdən qalan stereotiplərdən də imtina olunmalıdır. Tarixi şəxsiyyətlərə birtərəfli yanaşma, onları yalnız “istismarçı sinif” kimi qiymətləndirmək kimi köhnə yanaşmalar artıq öz aktuallığını itirmişdir. Bu şəxsiyyətlərə milli tariximizin və mədəniyyətimizin ayrılmaz hissəsi kimi obyektiv yanaşmaq lazımdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.