Müasir dövrdə dünya artıq yeni mərhələyə – rəqəmsal və süni intellekt əsaslı inkişaf mərhələsinə qədəm qoymuşdur. İnformasiya cəmiyyəti mərhələsi tədricən arxivə çevrilir və onun yerini rəqəmsal cəmiyyət tutur. Bu yeni mərhələdə sadəcə informasiya kifayət deyil – əsas tələb intellektual yanaşma və dərin elmi təfəkkürdür.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda keçdiyi ustad dərsi zamanı deyib.
Akademik İsa Həbibbəyli bildirib ki, bu proseslər fonunda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən təşəbbüslər, xüsusilə beynəlxalq tədbirlərin ölkəmizdə təşkili, yeni texnologiyaların və biliklərin Azərbaycana transferinə mühüm töhfə verir. Bu isə cəmiyyətimizdə həm azərbaycançılıq düşüncəsinin, həm də rəqəmsal təfəkkürün paralel inkişafına şərait yaradır.
Rəqəmsal dövrün əsas xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız texnologiya deyil, həm də yeni düşüncə tərzi tələb edir. Bilik və məlumat anlayışları ilə müqayisədə elm daha sistemli və strukturlaşdırılmış yanaşmanı ifadə edir və cəmiyyətin inkişafında həlledici rol oynayır.
Tarix göstərir ki, hansı cəmiyyətdə elm, mədəniyyət və humanitar düşüncə üstün mövqe tutubsa, orada sabitlik, harmoniya və inkişaf təmin olunub. Əksinə, milli-mənəvi dəyərlərin zəif olduğu cəmiyyətlərdə qeyri-sabitlik və inkişaf problemləri daha çox müşahidə olunur.
Bu baxımdan, rəqəmsal təfəkkürlə humanitar düşüncə bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan vəhdət təşkil edir. Müasir inkişaf modeli məhz bu sintez üzərində qurulmalıdır.
Dördüncü Sənaye İnqilabının əsas xüsusiyyəti də bundadır ki, artıq süni intellekt yalnız texniki sahələrə deyil, humanitar elmlərə, tibbə, təhsilə və gündəlik həyatın bütün sahələrinə nüfuz edir. Bu isə bütün bilik sahələrinin inteqrasiyasını zəruri edir.
Beləliklə, müasir dövrdə inkişafın əsas şərti – milli-mənəvi dəyərlərlə zəngin humanitar düşüncə ilə rəqəmsal və texnoloji təfəkkürün vəhdətidir. Bu vəhdət həm cəmiyyətin, həm də ayrı-ayrı fərdlərin inkişafının əsas modelidir.
Dördüncü Sənaye İnqilabının çağırışlarına cavab vermək üçün dövlət başçımız tərəfindən bir sıra mühüm qərarlar qəbul edilmişdir. 2026-cı ildə süni intellekt strategiyası, rəqəmsal inkişaf və Azərbaycanın rəqəmsal arxitekturası haqqında ölkə başçısının sərəncamları imzalanmış, nəhayət, rəqəmsal inkişafın həyata keçirilməsi üçün Dövlət Proqramı və Rəqəmsal İnkişaf Şurası yaradılmışdır. Cənab Prezidentin Fərmanı ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri kimi ölkəmizdə bu prosesin inkişafına mühüm töhfələr verir.
Biz də ölkəmizdə gedən proseslərə uyğun olaraq, 2023-cü ilin yanvar ayında AMEA-nın Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsi yaratmışıq. Bu illər ərzində biz Elektron Akademiya hərəkatına keçmişik və artıq süni intellekt və rəqəmsal inkişafa əsaslanan yeni mərhələyə doğru inkişaf edirik. Dövrün çağırışlarından irəli gələrək, “Elektron Akademiya” şöbəsi və institutlarımızdakı “Elektron xidmətlər” şöbələri “rəqəmsal elm” və “süni intellekt” şöbələri kimi yenidən təşkil edilmişdir. Eyni zamanda institutlarımızda rəqəmsallaşma üzrə direktor müavinləri ştatları ilə bağlı əmrlər hazırlanır. Süni intellekt və rəqəmsallaşma təfəkkürlə yanaşı, idarəetmə sisteminə də sürətlə daxil olur.
Biz rəqəmsal inkişafa xidmət edən elmi tədqiqatların aparılmasını təmin etmək istəyirik. Bunun üçün rəqəmsal şöbələr köməkçi strukturdan çıxarılaraq elmi tədqiqat şöbələrinə çevrilir. Yəni rəqəmsal intellekt şöbəsi yalnız texnoloji tətbiqlərlə deyil, həm də ədəbiyyatın, mədəniyyətin, incəsənətin və tarixin tədqiqi ilə məşğul olur.
Rəqəmsal texnologiya ilə rəqəmsal təfəkkür bir-birini tamamlamalıdır. Rəqəmsal texnologiya, rəqəmsal təfəkkür və humanitar düşüncə ictimai fikir sistemində bir yerdə olduqda xalq, dövlət, Akademiya və elm daha güclü olur.
Mən bu çıxışımda qeyd etdiyim məsələlərin artıq elmi ədəbiyyatda yer almalı olduğunu hesab edirəm. Əgər bu proseslər həyata keçirilməsə, humanitar təfəkkürün azərbaycançılıq əsasında formalaşması, dövlətçilik və ədəbi şəxsiyyətlərin tədqiqi, texnoloji inkişafla paralel getməsi mümkün olmayacaqdır.
Biz nə qədər xarici dil bilsək də, əsas olan öz milli düşüncə sistemimizi qorumaqdır. Akademiyanın 80 illik yubileyində ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan dili və azərbaycançılıq dəyərləri ilə bağlı verilən çağırışlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Prezidentin çağırışına uyğun olaraq, Azərbaycan dilinin saflığının qorunması istiqamətində bir sıra tədbirlər görülmüşdür. Orfoqrafiya lüğəti yeni formatda hazırlanır və dil korpusu üzərində işlər davam edir. Bu sahədə ilk dəfə olaraq geniş korpus layihəsi gələn il tamamlanacaq.
Biz humanitar təfəkkürün müasir Azərbaycanın reallıqlarına uyğunlaşdırılmasını, keçmişdən gələn artıq elementlərdən təmizlənməsini və elmi əsaslarla inkişafını təmin etməliyik. Eyni zamanda, tədqiqatçılar və intellektual şəxslər ölkənin tarixini, mədəniyyətini və şəxsiyyətlərini milli və dövlətçilik prizmasından dəyərləndirməlidirlər.
XXI əsrdə yeni tipli vətəndaş həm humanitar, həm də rəqəmsal təfəkkürə malik olmalıdır. Süni intellekt və rəqəmsal sənaye inqilabı bu yeni mərhələnin əsas tələblərini formalaşdırır.
İnanıram ki, bu gün apardığımız müzakirələr sizə daha dərindən düşünmək, tədqiqatları genişləndirmək və proseslərə daha sistemli yanaşmaq imkanı verəcək”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.