Cəmiyyətin nəsildən-nəslə ötürdüyü inanc, bilik və təcrübələr olan mədəniyyət insanların yaratdığı və öz varlığını davam etdirdiyi bütün reallıqları əks etdirir. Mədəniyyətin bir millətin sahib olduğu maddi və mənəvi dəyərlərdən ibarət bir bütöv olduğunu düşünsək, deyə bilərik ki, cəmiyyətdəki hər cür biliklər, maraqlar, vərdişlər, dəyər mühakimələri, ümumi münasibətlər sistemi, fikirlər, düşüncələr, davranış kodeksləri və formaları mədəniyyəti təşkil edən elementlərdir. Bu elementlərin başında, əlbəttə ki, cəmiyyətin ümumi ünsiyyətinə xidmət edən dil dayanır. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli ideoloji siyasətin, sosial-hüquqi tənzimləmənin və ictimai şüurun formalaşmasının ən canlı, dinamik mexanizmidir: kommunikativ olaraq dil fərdlər və sosial qruplar arasında informasiya mübadiləsini təmin edir, ictimai münasibətlərin koordinasiyasına xidmət edir və sosial zümrələrin, qurumların fəaliyyətini yönləndirir. Bu funksiya təbii olaraq dilin normativliyini, anlaşıqlılığını və funksional çevikliyini önə çıxarır. Bu prizmadan yanaşdıqda deyə bilərik ki, ideoloji baxımdan dil həm də cəmiyyətin dəyərlər sistemini, siyasi prioritetlərini və milli kimlik şüurunu, identiklik təsəvvürlərini kodlaşdıran əsas faktordur. Dil kommunikativ funksiyası ilə cəmiyyətin struktur bütövlüyünü təmin edir, ideoloji funksiyası ilə sosial-mənəvi yüksəlişə zəmin yaradır, millətin, xalqın mental şüurunu yönləndirir. Bu iki funksiyanın vəhdəti dilin siyasətə, siyasətin isə dilə təsirini, əlbəttə ki, qaçılmaz edir.
Müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesində dil amili yalnız mədəni və milli kimliyin ifadəçisi kimi deyil, həm də siyasi-ictimai, strateji bir bütöv olaraq çıxış edir. Bu mənada siyasətin dili və dilin siyasəti anlayışları bir-birini tamamlayan, davam etdirən, eyni zamanda qarşılıqlı şəkildə şərtləndirən iki mühüm istiqamət kimi ortaya çıxır. Çünki siyasət dili vasitəsilə milli maraqlar qorunur, beynəlxalq arenada anlaşıqlıq və qəbuledilmə təmin edilir, daxili idarəetmədə – siyasi qərarların qəbulunda, cəmiyyətdə sabitliyin təminində, ictimai məmnunluğun formalaşmasında konsensus yaradılır, dil siyasəti isə bu prosesi yalnız ideya və çağırışlar səviyyəsində deyil, hüquqi müstəvidə, rəsmi qanunlar-qaydalar, dövlət və ictimai qurumlar, onların fəaliyyət mexanizmləri ilə idarəsini təmin edir, konkret proqramlarla dilin qorunma və inkişaf xəttinin ideoloji əsaslarını formalaşdırır. Məhz bu qarşılıqlı əlaqə Ümummilli Lider Heydər Əliyevdən Ali Baş Komandan İlham Əliyevə uzanan siyasi varislik xəttində aydın şəkildə özünü göstərir. Ulu öndər Heydər Əliyevin mürəkkəb siyasi şəraitdə formalaşdırdığı balanslı və uzaqgörən siyasi dil modeli Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsinə, onun milli və beynəlxalq səviyyədə legitimləşməsinə xidmət etmişdir. Bu yüksək siyasi iradə təməlində yaradılan model sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən qloballaşma və tolerantlıq şəraitinə uyğun şəkildə inkişaf etdirilərək dil siyasətini konseptual, normativ və iyerarxik çərçivələrdə genişlənməsinə zəmin yaratmışdır.
Tarix boyu müxtəlif dövlətlər quran Azərbaycan xalqı üçün dil həmişə mübarizənin və ideologiyanın mərkəz xətti, birləşdirici faktoruna çevrilmişdir. Sovet ittifaqının çiçəkləndiyi, artıq sovet siyasi xəttinin bütün regionda bərqərar olduğu “ən gözəl vaxtlarda” da Azərbaycan ictimaiyyəti üçün dil məsələsi xüsusi məsələ olmuşdur. Xüsusən 1960-cı illərdə Respublika rəhbərliyində baş verən dəyişikliklər, milli-mənəvi dəyərləri siyasi fəaliyyətinin mərkəzinə qoyan fenomen şəxsin hakim mövqeyə keçməsi Azərbaycan dilinin ictimai-siyasi statusunda çox böyük və mütərəqqi bir keyfiyyət dönüşü yaratdı. 1969–1978-ci illər Azərbaycan tarixində Heydər Əliyevin siyasət maneralarının ən aydın şəkildə müşahidə olunduğu mərhələdir, o mərhələ ki, siyasi dili ilə ən yüksək səviyyədə dil siyasəti yürüdülürdü. Bu dövr SSRİ-nin mərkəzləşdirilmiş idarəetmə mexanizminin sərt ideoloji nəzarəti altında keçsə də, respublika daxilində milli-mənəvi maraqların qorunması məhz özünəməxsus siyasət dili ilə mümkün olmuşdur. Heydər Əliyevin siyasi davranış modeli bu mərhələdə açıq konfrontasiyadan uzaq, lakin məqsədyönlü və ardıcıl milli strategiya üzərində qurulmuşdur. Hətta, 1970-ci illərin əvvəllərində respublikada kadr siyasətində aparılan dəyişikliklər də bu siyasətin praktik təzahürü idi. Milli kadrların irəli çəkilməsi “milliləşdirmə” şüarı altında deyil, “peşəkarlıq”, “yerli xüsusiyyətlərin nəzərə alınması” kimi daha neytral yanaşma ilə əsaslandırılırdı. Və belə bir dövrdə Azərbaycan dili tədricən rəsmi nitqin, siyasi diskursun mühüm elementinə, dövlətin siyasətinin dilinə çevrilirdi. Bu siyasi dillə bir çox mətləblər ümummilli lider Heydər Əliyevin – birinci şəxsin dilindən ən yuxarı kürsülərdə ifadə olunurdu. Dövlət başçısının siyasət dili siyasi səriştə, uzaqgörənlik və “harada nəyi necə demək lazımdır” düsturu kontekstindəki bacarığı ilə ifadə oluna bilər. Burada “siyasət dili” anlayışı klassik mənada yalnız siyasi ritorika və ya rəsmi nitq üslubu kimi deyil, siyasi manevr qabiliyyətinə əsaslanan diskurs strategiyası kimi başa düşülməlidir. Çünki söhbət sərt ideoloji və inzibati təzyiq mühiti şəraitində dövlətin milli-mənəvi maraqlarının qorunmasına xidmət edən, açıq qarşıdurmaya girmədən, məqsədyönlü nəticə əldə etməyə imkan verən siyasi davranış modelindən gedir ki, bu cəhət bütün tərəfləri ilə ümummilli liderin fəaliyyətinin tablosudur. Siyasi rejimin sərt, kəskin təzyiqləri, soyuq münasibətləri qarşısında siyasət dili ilə balans yaratmaq, ideoloji sərhədləri aşmadan milli məzmunu qorumaq uzaqgörən liderin siyasi fəaliyyətinin diskursiv planı idi. Belə demək mümkündürsə, Heydər Əliyevin siyasətində dil açıq mübarizə vasitəsi deyil, siyasi çeviklik və strateji susma-danışma balansının ifadəsi kimi çıxış edirdi. Dahi Liderin siyasət dili birbaşa müqavimət və ya açıq etiraz formasında deyil, xüsusi diskurs, simvolik jestlər, seçilmiş xüsusi leksik vahidlər və situativ mətn vasitəsilə özünü büruzə verirdi. Yəni milli maraqların müdafiəsi ölkə başçısının siyasi dili ilə təmin edilirdi: bir tərəfdən mərkəzi hakimiyyətə balanslı münasibət nümayiş etdirilir, digər tərəfdən isə milli-mənəvi dəyərlər rəsmi diskurs daxilində semantik kodlarla qorunurdu. Bu yanaşma, təbii ki, Ümummilli Liderin siyasi kompromisi yox, strateji davranış forması idi və dövlətçilik düşüncəsinin gələcək mərhələləri üçün ideoloji zəmin yaradırdı.
Beləliklə, xalqın milli ruhu, estetik dünyagörüşü və etnopsixoloji təfəkkürü dil vasitəsilə rejimin sərt ideoloji qəlibləri daxilində ciddiyyətlə, ehtiramla qorunur və gələcəyə ötürülürdü. Bu mərhələdə formalaşan siyasi dil açıq siyasi müstəqillik iddiası irəli sürməsə də, gələcək müstəqil dövlətçilik konsepsiyasının şüuraltı əsaslarını hazırlayırdı. Ana dilində qurulan rəsmi-siyasi diskurs milli özünüdərk prosesini dərinləşdirir, dilin yalnız mədəni deyil, həm də siyasi kapital olduğunu nümayiş etdirirdi. Məhz bu kontekstdə 1975–1978-ci illərdə isə Heydər Əliyevin siyasət dili artıq daha açıq simvolik məna kəsb etməyə başladı. Azərbaycan dili sistemli şəkildə siyasi idarəetmənin legitim, hüquqi dili statusunu qazanmış, formal-şablon siyasi dil xarakterindən çıxaraq, milli məzmun daşıyan ideoloji silaha çevrilmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddə redaktə olunmuş və Ulu öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Bu addım emosional ritorika və ya kəskin siyasi tələb şəklində irəli sürülməmişdi. Əksinə, çox böyük siyasi məharətlə “sosialist xalqlarının bərabərliyi”, “milli mədəniyyətlərin inkişafı” kimi ümumittifaq ideologiyası çərçivəsində təqdim olunmuşdu. Lakin bu addım təbii ki, mərkəzin də anladığı kimi rejimin dil siyasətinin ciddi ideoloji korrektəsi idi. Nəticə etibarilə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi yalnız hüquqi akt deyil, siyasi xarakterli strateji qələbə kimi qiymətləndirilməlidir. Bəli, sovet imperiyasının mərkəzləşdirilmiş və rus dilinin hegemonluğu şəraitində milli dilin konstitusion səviyyədə tanınması sırf normativ dəyişiklik deyil, şüuraltı ideoloji mübarizənin qələbəsi idi. Bu fakt dövlətin hüquqi və siyasi statusunu mərkəzin kölgəsində qalan “kənar əyalət” modelindən nisbətən siyasi müstəqilliyə və subyektliyə sahib respublika mərhələsinə yüksəltdi. Beləliklə, sovet məkanında Azərbaycan dili təkcə məişətin, sənətin, ədəbiyyatın ifadə vasitəsi deyil, həm də dövlətçilik idrakının formalaşmasında iştirak edən siyasi faktor rolunu oynayırdı. Rəsmi nitqlərdə, siyasi çıxışlarda ana dilinin istifadəsi idarəetmə və dövlət-vətəndaş münasibətlərində psixoloji və ideoloji məsafəni yox etdi, hakimiyyətlə cəmiyyət arasında müstəqil gələcəyə yönəlik yaxınlıq yaratdı.
Ulu Öndərin siyasət dili mədəni-ictimai, əxlaqi-mənəvi dəyərlərin legitimləşdirilməsi baxımından da mühüm rol oynayırdı. Milli tarixə, mədəni irsə, mənəvi ənənələrə istinad edən leksik-semantik vahidlərin rəsmi-siyasi nitqə daxil edilməsi dilin ideoloji funksiyasını gücləndirdi: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın, bizim dilimiz nə qədər zəngin, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtyatına malikdir” deyən müdrik Liderin istənilən auditoriyada çıxışı, nitqi, müraciətləri bu xəttin aynası idi. Onun nitqlərində milli-ideoloji məzmunu ardıcıl şəkildə qoruyan üslub hakim idi. Birinci şəxsin dilindən səslənən fikirlər, çıxışlar, müxtəlif auditoriyalarla hədəflənmiş nitqlər zahirən sovet ideoloji diskursuna uyğun təqdim olunsa da, semantik dərinlikdə, sətrlər altında milli dövlətçilik maraqlarını ifadə edən kodlanmış mətnlər idi. Və bu, sadəcə ritorik ustalıq, siyasi natiqlik məharəti deyildi, fenomenal şəxsin siyasi dili, siyasi davranışın dildə ifadə modeli idi.
Ulu Öndərin ikinci hakimiyyəti dövründə bu siyasət ən yüksək, ən ali səviyyədə davam etdirilmişdir. 1995-ci il 31 oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən və Azərbaycan dilinin dövlət dili kimi adlandırılması məsələsinə həsr olunmuş geniş müşavirə dil siyasətinin necə incə siyasi balans və manevr tələb edən sahə olduğunu aydın şəkildə nümayiş etdirdi. Müzakirələrdə səslənən dörd fərqli mövqe – “Azərbaycan dili”, “Azərbaycan türk dili (Azərbaycan türkcəsi)”, “Azərbaycan dili (Azərbaycan türkcəsi)” və “Türk dili” təkcə terminoloji fərqləri deyil, eyni zamanda milli kimlik, tarixi yaddaş və siyasi status arasında cəmiyyətdə mövcud olan gərginliyi və ziddiyyətləri əks etdirirdi. Belə bir həssas məqamda Ulu Öndərin mövqeyi xüsusi əhəmiyyət kəsb edirdi. Məhz dil məsələsinə xüsusi həssaslıqla yanaşan Heydər Əliyev müşavirədə bütün çıxışlara, mülahizə və fikirlərə, əsaslandırmalara diqqətlə qulaq asaraq son nöqtəni məntiqi, tarixi və bütün zamanlar üçün qəbul ediləcək bir şəkildə qoydu. Heydər Əliyev problemi emosional və ya ideoloji kəskinlik müstəvisinə daşımadan, onu rasional və milli dövlətçilik çərçivəsində ümumiləşdirdi. Onun vurğuladığı əsas prinsiplər: Ana dilinin adının müasir ictimai şüur üçün aydın olması; ölkə–xalq–dil adları arasında məntiqi bağlılığın qorunması; milli müstəqilliklə milli mənlik qürurunun zədələnməməsi kimi prinsiplər dil məsələsinin təkcə mədəniyyət hadisəsi kimi deyil, strateji siyasi məsələ kimi dərk edilməli olduğunu göstərirdi.
18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Heydər Əliyevin həyata keçirdiyi dil siyasətinin konseptual yekunu və sistemli nəticəsidir. Bu sənəd Azərbaycan dilinə yalnız normativ-hüquqi status verən akt olmaqla kifayətlənmir, eyni zamanda onun tarixi köklərinə, genezisinə və inkişaf mərhələlərinə dövlət səviyyəsində obyektiv elmi yanaşmanı da ifadə edir. Fərmanda Azərbaycan dilinin türk mənşəli, müstəqil və özünəməxsus inkişaf yolu keçmiş bir dil olması açıq şəkildə təsdiqlənir, dilin təkamül prosesləri ardıcıl və nəzəri cəhətdən əsaslandırılmış şəkildə təqdim olunur.
Ulu Öndər dilimiz haqqında danışarkən ən zərif ifadələrdən istifadə etmişdir: “Bilirsiniz, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dilimiz həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa, çox da olsa öz xidmətini göstərmişdir. Xüsusən bizim yazıcılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər”. Bu fikirləri deyən Ümummilli Lider beynəlxalq müstəvidə də öz siyasi diskursunu ortaya qoymuşdur. Onun siyasi dili yalnız daxili fəaliyətldə öz ifadəsini tapmırdı, eyni zamanda beynəlxalq tribunalarda, ali kürsülərdə, dünya liderlərinin qatıldığı xüsusi iclaslarda Azərbaycan dövlətinin mədəni legitimliyini təmin edən, idarəetmədə konsensus və etimad yaradan kompleks siyasi davranış modelini ortaya qoyurdu.
Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan dil siyasəti modeli bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən sədaqət və ehtiramla, qloballaşma və multikultural şəraitə uyğun şəkildə davam etdirilir.
Qətibə QULİYEVA, AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk Dilləri şöbəsi, filologiya elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.