Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Anar Eminov: “Prezident İlham Əliyevin siyasi iradəsi Birinci Türkoloji Qurultayın ideyalarını XXI əsrin strateji yol xəritəsinə çevirir”
12.05.2026 20:00
  • A-
  • A
  • A+

Anar Eminov: “Prezident İlham Əliyevin siyasi iradəsi Birinci Türkoloji Qurultayın ideyalarını XXI əsrin strateji yol xəritəsinə çevirir”

Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam və həmin sənədə uyğun olaraq il ərzində keçirilən silsilə tədbirlər Türk dünyasının ortaq elmi-mədəni yaddaşının yenidən aktuallaşdırılması, türkologiyanın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və ümumtürk inteqrasiyasının strateji əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır.

Bu qərar 1926-cı ildə Bakıda keçirilmiş və türkdilli xalqların ortaq elmi-mədəni gələcəyini formalaşdıran Birinci Türkoloji Qurultayın ideyalarının XXI əsrdə elmi əsaslarla yenidən aktuallaşdırılması üçün möhkəm zəmin yaradır.

1926-cı ilin 26 fevral–6 mart tarixlərində Bakının İsmailiyyə Sarayında keçirilmiş Qurultay türkdilli xalqlar arasında dil, ədəbiyyat, tarix, etnoqrafiya və maarif sahələrində qarşılıqlı əməkdaşlığın elmi əsasda təşkili baxımından mühüm mərhələ olmuşdur. Qurultayda 131 nümayəndə iştirak etmiş, dövrün görkəmli alimləri Vasili Bartold, Fuad Köprülüzadə, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Əhməd Baytursunov, Osman Akçökraklı və digər tanınmış türkoloqların çıxışları toplantının elmi nüfuzunu beynəlxalq səviyyəyə qaldırmışdır.

Qurultayda latın qrafikasına əsaslanan vahid ümumtürk əlifbasına keçid, ortaq terminologiyanın formalaşdırılması, dialektlərin təsnifatı və ümumi ədəbi dilin yaradılması kimi fundamental məsələlər müzakirə olunmuş, türk xalqları arasında maarif sisteminin harmonizasiyası və elmi əməkdaşlığın institusional prinsipləri müəyyənləşdirilmişdir. Bu təşəbbüslər Azərbaycanı türkoloji tədqiqatların aparıcı mərkəzlərindən birinə çevirmiş, ümumtürk mədəni inteqrasiyasının elmi-sistemli bünövrəsini formalaşdırmışdır.

Lakin tarixi reallığın acı ironiyası ondan ibarət olmuşdur ki, həmin dövrdə türk xalqlarının birliyi ideyası Sovet ideoloji sisteminə zidd sayılmış və Qurultayın aparıcı simaları olan Bəkir Çobanzadə, Ruhulla Axundov, Əhməd Baytursunov, Hənəfi Zeynallı, Vəli Xuluflu və başqaları 1930-cu illərin repressiya dalğasının qurbanına çevrilmişdilər. Bu, türkoloji elmin və milli mədəni irsin sistemli şəkildə zəiflədilməsinə yönəlmiş siyasətin tərkib hissəsi idi. Lakin Qurultayın ideyaları xalqın elmi və tarixi yaddaşından silinməmiş, akademik Ziya Bünyadov, professor Adil Babayev kimi görkəmli alimlərin araşdırmaları bu irsin bərpasına və elmi dövriyyəyə qaytarılmasına ciddi töhfə vermişdir. 2006-cı ildə Qurultayın 80, 2016-cı ildə isə 90 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması həmin elmi ənənənin davamlı inkişafına zəmin yaratmışdır.

Bu mənada, dövlət başçımızın imzaladığı Sərəncam Birinci Türkoloji Qurultayın ideyalarını XXI əsrin elmi, siyasi və mədəni reallıqları ilə uzlaşdırmaqla, onların müasir dövrdə praktik tətbiqinə yeni imkanlar açır. Bu təşəbbüs yalnız tarixi hadisənin xatırladılması deyil, həm də türkologiya elminin müasir inkişaf strategiyasının müəyyənləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində elmi və dil siyasətinin vahid platformada koordinasiyasına yönəlmiş konseptual addımdır.

Bu çərçivədə Mingəçevir Dövlət Universitetində (MDU) Prezident Sərəncamından irəli gələn və onun strateji mahiyyətinə uyğun olaraq il ərzində silsilə elmi tədbirlər həyata keçirilmişdir. Universitetdə keçirilən konfranslar, təqdimatlar və elmi müzakirələr Birinci Türkoloji Qurultayın ideyalarının müasir akademik mühitdə daha dərindən öyrənilməsinə və gənc tədqiqatçılar arasında geniş təbliğinə xidmət etmişdir. MDU-da təşkil olunan bu tədbirlər türkoloji irsin qorunması, öyrənilməsi və Türk dünyası ilə elmi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün latın qrafikasına əsaslanan ortaq yazı sistemi məsələsi yenidən aktuallıq qazanmışdır. Qazaxıstan və Özbəkistanın latın qrafikasına keçməsi, Azərbaycan və Türkiyənin təcrübəsi ümumtürk yazı sisteminin real elmi-linqvistik bazasını gücləndirir. Ortaq əlifba təkcə texniki məsələ deyil, həm də ortaq kimlik, mədəni yaddaş və mənəvi inteqrasiyanın simvoludur. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı həm elmi, həm də ideoloji müstəvidə Türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən strateji sənəddir.

Bir əsr əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türkdilli xalqların elmi və mədəni həmrəyliyinin təməlini qoymuş, bu gün həmin ideyalar Azərbaycan dövlətinin strateji dünyagörüşünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı təkcə yubiley tədbirinə dair qərar deyil, həm də tarixi ədalətin bərpası, elmi irsin qorunması və milli yaddaşın dirçəldilməsi istiqamətində mühüm siyasi-ideoloji addımdır.

Bir əsr öncə İsmailiyyə Sarayında səslənən “ortaq dil, ortaq əlifba və ortaq mədəniyyət” ideyaları bu gün Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində XXI əsrin elmi reallığına çevrilərək Türk dünyasının gələcək inteqrasiyasına yeni elmi və mənəvi yol xəritəsi təqdim edir. Ümidvarıq ki, qurultayla bağlı imzalanan sərəncam Türk dünyasının elmi-mədəni inteqrasiyasına xidmət edən konseptual proqram kimi səciyyələnərək türkologiyanın gələcək inkişafını istiqamətləndirən elmi-strateji bələdçi rolunu oynayacaq.

Anar Eminov

Mingəçevir Dövlət Universitetinin rektoru

12 may 2026

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: