Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

“Azərbaycan xalqı şəhərsalma və memarlıq sahəsində böyük və güclü ənənələrə malikdir”
13.05.2026 10:52
  • A-
  • A
  • A+

“Azərbaycan xalqı şəhərsalma və memarlıq sahəsində böyük və güclü ənənələrə malikdir”

Müsahibim Əməkdar elm xadimi, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin məsləhətçi-professoru, Hacıfəxrəddin Səfərlidir.  Hacıfəxrəddin müəllim elmi-pedaqoji fəaliyyəti, zəngin tədqiqatları və tariximizin araşdırılması istiqamətindəki xidmətləri ilə böyük nüfuz qazanıb. Onunla yorulmaz elmi fəaliyyəti, Naxçıvanın qədim memarlıq abidələri, gənc tədqiqatçıların yetişdirilməsi, yetirməsi və əməkdaşı olduğu NDU-nun dünəni, bu günü barədə söhbətləşdik.

- Hörmətli Hacıfəxrəddin müəllim, həyatınızın böyük bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlı olub. Bu gün də məsləhətçi professor, dəyərli pedaqoq kimi NDU-da Tarix elminin inkişafına, gələcək tarixçilərin yetişməsinə töhfə verirsiniz. İlk sualımı belə vermək istərdim. Kimlər gəldi, kimlər keçdi bu universitetdən? İz qoyanlardan, hələ də izi yaşadılanlardan kimlərin adını çəkə bilərsiniz?

- Hörmətli Gülay xanım, qeyd etdiyiniz kimi, mənim həyatımın böyük bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə sıx bağlı olub. Öncə qeyd edim ki, mən bazasında bu universitetin yarandığı Azərbaycan Pedaqoji Universitetinin 1967-ci ildə yaradılan Naxçıvan Filialının ilk tələbələrindən və ilk məzunlarından biriyəm. Filialı bitirdikdən sonra orta məktəbdə müəllim, 1979-cu ildən akademiya sistemində işləmişəm. Həmin dövrdə müstəqil fəaliyyət göstərən Naxçıvan Dövlət Pedaqoji İnstitutunun müəllimləri ilə tez-tez görüşür, əlaqə saxlayırdım. 1995-ci ildən isə universitetdə fəaliyyət göstərməyə başlamışam. Ona görə də, universitetin inkişafını, keçdiyi yolu yaxından izləyə bilmişəm. Deyə bilərəm ki, universitet 59 il müddətində çox böyük inkişaf yolu keçib, kiçik bir kollektivdən Azərbaycanın aparıcı universitetlərindən birinə, geniş beynəlxalq əlaqələrə malik olan bir univesitetə çevrilib. Universitetin bazasında fəaliyyət göstərən filialın ilk direktoru dosent Əli Əliyev onun inkişafı üçün çox işlər görüb. Onu direktorluqda əvəz edən dosent Səfərəli Babayevin də bu sahədə əməyini qeyd etmək lazımdır. 1972-ci ildə müstəqil instituta çevrildikdən sonra ona professorlardan İsrafil Məmmədov, İsaq Məmmədov, İsgəndər Cəfərov, Qasım Hüseynov, İsa Həbibbəyli və Saleh Məhərrəmov rəhbərlik edib. Bu rektorların hər birinin universitetin inkişafında özünəməxsus rolu olub. Hazırda, 2019-cu ildən bu ali təhsil müəssisəsinə universitetin yetirməsi Elbrus İsayev uğurla rəhbərlik edir.

- Tədqiqat sahəniz çox maraqlı, həm də çox çətindir. Epiqrafik abidələri araşdırmaq, tarixin gizli səhifələrini vərəqləmək, keçmişi danışdırmaq prosesində sizi ən çox təəccübləndirən, sevindirən məqamlar hansılar olub?

- Mənim tədqiqat sahəm tarixin təhrif olunmamış, obyektiv mənbələrindən olan müsəlman epiqrafikası abidələridir - ərəb əlfbasının müxtəlif xətləri ilə həkk olunmuş kitabələrdir. Bu elm sahəsinin özünəməxsus çətinlikləri var. İlk növbədə yayın istisində, qızmar günəşin altında unudulmuş qəbiristanlıqlarda, xaraba tikililərdə kitabələr qeydə alınmalı, fotosu, estampı götürülməli, kalkaya köçürülməli, mətnləri oxunmalı, tərcümə olunmalı və tarix-mədəniyyət abidəsi kimi əhəmiyyəti açıqlanmalıdır. Bu isə tədqiqatçıdan böyük bacarıq, dözüm, səbir, təmkin, işgüzarlıq tələb edir. Bu kimi iş prosesindən keçən kitabələr tarix və mədəniyyətimiz üçün çox əhəmiyyətli mənbələr sayılırlar. Çünki sıravi vətəndaşın ölümündən tutmuş çox böyük siyasi-iqtisadi və mədəni tarixi ilə əlaqədar qısa, yaxud da geniş məlumatlar verən bu kitabələr bəzən heç bir mənbədən məlum olmayan yeni faktlar təqdim edirlər və tariximizin müxtəlif problemləri ilə əlaqədar bilik dairəmizi genişləndirirlər, bununla da tariximizin bir sıra qaranlıq səhifələrinin obyektiv, hərtərəfli və dərindən öyrənilməsində müstəsna rol oynayırlar. Məsələn, Ordubad şəhərində tədqiq etdiyimiz bir kitabə Nadir şah Əfşarın Hindistana yürüşü haqqında məlumat verir. Yaxud da Culfa rayonunun Xanəgah kəndində aşkar olunan bir kitabədə Qaraqoyunlu hökmdarı Cahanşahın, Əlincəqalanın Teymur ordusundan müdafiəsi zamanı qala rəisi olaraq müdafiəyə rəhbərlik etmiş əmir Seyid Əhməd Oğulşaminin və digər görkəmli şəxsiyyətlərin adı xatırlanır. Qeyd etmək istərdim ki, bu və digər bu kimi kitabələr Azərbaycanın epiqrafik abidələri sırasında nadir nümunələr kimi fərqlənirlər. İndiyədək Naxçıvan Muxtar Respublikasının yaşayış məskənlərində 600-dən artıq müxtəlif təyinatlı kitabə qeydə alınmış, onlar Azərbaycanın Orta əsrlər dövrü tarix və mədəniyyətinin mənbəyi kimi öyrənilmişdir. Tədqiqatlar nəticəsində yeni tarixi faktlar aşkar olunmuş, Orta əsrlər zamanı yaşamış və fəaliyyət göstərmiş çoxlu görkəmli şəxsiyyətin, o cümlədən dövlət xadimlərinin, alimlərin, sufi şeyxlərinin, sənətkarların və s. adları, qəbirlərinin yeri, orta əsr feodal cəmiyyətində tutduqları mövqe və digər cəhətlər təhlil olunaraq elmi dövriyyəyə daxil edilmişdir.   

- Növbəti sualımı sizin həm də həmyerliniz olaraq vermək istəyirəm. Doğulub boya-başa çatdığınız Cəhri kəndi (indi qəsəbə) tarixi özündə necə yaşadır? Və yenə gəlmişlər-keçmişlər deyəndə Cəhri qəsəbəsindən kimləri xatırlayırsınız?

- Hazırda Naxçıvan MR-nın ən böyük yaşayış məskənlərindən biri olan Cəhri qəsəbəsi ərazisində sistemli arxeoloji tədqiqatlar aparılmadığı üçün onun yaranma tarixi haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq kəndin ərazisində indiyədək qalan yaşayış məskənlərinin (Meydantəpə, İşıqlar, Kəndtəpə, Qaracalar, Şahtaxtı və s.) və nekropolların qalıqları təsdiq edir ki, bu ərazidə ən geci Antik dövrdən (eramızdan əvvəl I minillikdən) yaşayış başlanmışdır.  Hazırda qəsəbə statusunda olan Cəhri kəndi böyük inkişaf yolu keçmişdir. Bu inkişafın nəticəsi olaraq Cəhri sovet hakimiyyəti qurulduqdan sonra muxtar respublikada yaradılan rayonlardan birinin - 20 kənddən ibarət Cəhri rayonunun  mərkəzinə çevrilmişdi. Kəndin əhalisi Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında yaxından və fəal iştirak etmişdir. 1918-1920-ci illərdə Naxçıvan ərazisinin erməni təcavüzündən qorumasında cəhrililərdən Kərbəlayi Abbas, Kalba Kərim, Məşədi Abbas kimi adamlar mühüm rol oynamışlar. Həmin vaxt erməni təcavüzünü dəf etmək üçün yaradılan könüllü batolyonlardan biri Kalba Kərimin başçılığı ilə cəhrili gənclərdən təşkil olunmuşdu. İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmaı adı almış üç naxçıvanlıdan biri – Qəzənfər Əkbərov cəhrili olmuşdur. Birinci və ikinci Qarabağ müharibəsində Cəhri qəsəbəsi 8 şəhid vermişdir. Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə çoxlu cəhrili orden və medallar ilə təltif olunmuşdur. İkinci Qarabağ müharibəsində “Zəfər” ordeninə layiq görülmüş 33 nəfərdən biri – Samir Məmmədov Cəhrinin yetirməsidir.

- Bildiyiniz kimi, 2026-cı il ölkəmizdə “Şəhərasalma və Memarlıq İli”dir. Naxçıvan memarlığı həm də dini və dünyəvi elementlərin vəhdəti ilə diqqəti cəlb edir. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci ildə imzaladığı Sərəncamla 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Məlumdur ki, Azərbaycan xalqı şəhərsalma və memarlıq sahəsində böyük və güclü ənənələrə malikdir. Bu ənənələrin yaranmasının tarixi minilliklərlə ölçülür. Artıq elmdə sübut olunmuşdur ki, Azərbaycan, xüsusilə onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan bölgəsi ilkin şəhər mədəniyyətinin yarandığı və ətraf ərazilərə yayıldığı mərkəz olmuşdur. Beş min il bundan əvvəl bu ərazidə Naxçıvan şəhərinin timsalında meydana gələn ilkin şəhər mədəniyyəti digər ölkələrdə də şəhərlərin əmələ gəlməsində, başqa sözlə desək şəhərləşmə prosesinin inkişafında mühüm rol oynamışdır. Mühüm ticarət yollarının keçdiyi Azərbaycanda böyük və gözəl şəhərlərin meydana gəlməsində və inkişafında Azərbaycan-türk memarlıq ənənələrinin rolu və təsiri xüsusilə qeyd olunmalıdır. Nəticədə bütün Azərbaycan ərazisində memarlıq yüksək səviyyədə inkişaf etmiş, hətta burada möhtəşəm memarlıq məktəbləri (Aran, Şirvan-Abşeron, Naxçıvan və s.) yaranmışdır. Bu memarlıq məktəblərində dünya memarlıq tarixinə dəyərli töhfə olan çoxlu möhtəşəm abidələr tikilmiş və həmin abidələri ucaldan görkəmli memarlar yetişmişdir. Azərbaycan memarlığının ən möhtəşəm qollarından olan Naxçıvan məktəbinin timsalında biz bunu aydın şəkildə görürük. Bu məktəb memarlıq tariximizə Əcəmi Əbubəkr oğlu Naxçıvani (XII əsr), Əmirəddin Məsud Naxçıvani (XII əsr), Xacə Cəmaləddin (XII-XIII əsrlər), Əhməd Əyyub oğlu Əl-Hafiz Naxçıvani (XIII-XIV əsrlər) və başqaları kimi dahi memarlar bəxş etmişdir. Bu memarların içərisində məktəb yaradanlar, ucaltdıqları abidələr vasitəsilə ətraf ölkələrin memarlığına güclü təsir göstərənlər, iz buraxanlar da olmuşdur. Məsələn, Naxçıvan memarlıq məktəbinin yaradıcısı sayılan Əcəmi Naxçıvani yaradıcılığının təsir dairəsi Anadolu, İran, Türküstan və s. əraziləri əhatə etmişdir.

Sualın ikinci hissəsinə gəldikdə isə deyə bilərəm ki, VII əsrin ortalarından başlayaraq əhalimiz müsəlmanlaşdıqdan sonra Azərbaycan özünün həmin vaxtadək əldə etdiyi bütün elmi və mədəni nailiyyətləri ilə birlikdə yeni yaranan ümumislam mədəniyyətinə daxil oldu və onun tərkib hissəsinə çevrildi. Bundan sonra yaranan digər əsərlər kimi memarlıq nümunələri də özündə ümumtürk ənənələrini saxlamaqla yanaşı həm də islami məzmun daşımağa başladı. Ümumiyyətlə, Orta əsr Azərbaycan mədəniyyətini İslam dinindən kənarda təsəvvür etmək olmaz. Məhz bunun nəticəsidir ki, 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə isə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir.

- Naxçıvan Dövlət Universitetinin dünəni və bu günü... Nələr dəyişib, Hacıfəxrəddin müəllim?

- Əvvəldə qeyd etdiyim kimi, mən Naxçıvan Dövlət Universitetini yetirməsiyəm. 1995-ci ildən etibarən Universitetdə işləyirəm. Mən burada doktorluq dissertasiyası müdafiə etmiş, dosent və professor elmi adlarını almışam. 2007-ci ildə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya institutunun direktoru təyin olunsam da, mənim üçün çox əziz olan bu ali təhsil ocağı ilə əlaqəm kəsilməmiş, 0,5 ştat professor kimi orada çalışmışam. Hazırda universitetdə məsləhətçi-professor kimi fəaliyyət göstərirəm. Ona görə də universitetdə aparılan məqsədyönlü və sistemli işləri ardıcıl olaraq izləmək imkanım olmuşdur. 1967-ci ilin sentyabrın 1-də 103 tələbə, 3 müəllim ilə fəaliyyətə başlayan filial böyük inkişaf yolu keçmiş, 1972-ci ildə Dövlət Pedaqoji İnstitutuna, 1990-cı ildə isə Dövlət Universitetinə çevrilmişdir. Qeyd etmək istəyirəm ki, universitetin ilk məzunlarından akademik İsa Həbibbəylinin rektorluğu dövründə bu ali təhsil müəssisəsində başlanan inkişaf və yüksəliş, universitetin digər yetirməsi Elbrus İsayevin rektorluğu dövründə daha da geniş vüsət almışdır.  Daim yüksələn xətlə inkişaf edən Universitet heç vaxt indiki səviyyədə olmamışdır. Hazırda universitet 10 fakültəsi, Xarici tələbələrlə iş üzrə dekanlığı, 45 kafedrası, elektron Elmi kitabxanası, Magistratura və doktorantura mərkəzi, 2 elmi-tədqiqat institutu, 3 kolleci, gimnaziyası, Beynəlxalq Kembric məktəbi, 12000 nəfərə yaxın tələbəsi, magistrantları, rezidentləri, 600-dən artıq professor-müəllim heyəti (31-i elmlər doktoru, 200-dən çoxu fəlsəfə doktoru, 20-yə yaxını professor, 2 nəfəri AMEA-nın həqiqi, 5 nəfəri müxbir üzvü), televiziyası, radiosu, 3 internet mərkəzi, “Elmi əsərlər” jurnalı, qəzeti, nəşriyyatı, bir neçə muzeyi, qonaq evi, tələbə evi, geniş beynəlxalq əlaqələri olan, 50-dən artıq əcnəbi professor və dosentin dərs dediyi nəhəng bir ali təhsil müəssisəsinə çevrilmişdir. Universitetdə bakalavriat, magistratura, doktorantura, rezidentura səviyyələrində ümumlikdə, 250 ixtisas üzrə kadr hazırlığı aparılır.  Universitetdə 20 müxtəlif ölkədən 1800-dən artıq xarici tələbə təhsil alır və bu cəhətdən universitet Azərbaycan ali məktəbləri arasında liderdir. 1971-ci ildə Naxçıvan Filialının 105 nəfər məzunu olmuşdursa, 2025-ci ildə bu rəqəm 2198 olmuşdur.

Mübaliğəsiz olaraq deyə bilərəm ki, Universitetdə demək olar hər həftə bir ilkə imza atılır, o qədər yeniliklər baş verir, uğurlar əldə edilir ki, bu haqda verilən xəbərlərin hamısını çatdırıb izləmək mümkün olmur. Bu tədbirlər içərisində gənclərin vətənə məhəbbət, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirilən tədbirlər xüsusi yer tutur. Belə tədbirlərdən 2023-cü ildə universitetdə, 2024-cü ildə isə Batabatda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi hətta Ermənistanda çox böyük əks-səda doğurmuşdu. Yaxud da, universitetin rektoru Elbrus İsayevin bu ilin aprel ayının sonlarında Çin Xalq Respublikasına səfəri zamanı keçirilən görüşlər, görülən işlər, bağlanan müqavilələr, hətta Çin  TV kanallarında Naxçıvan Dövlət Universiteti haqqında reportaj təqdim olunması və s. bu kimi işlər hər bir naxçıvanlıda qürur yaradır. Bu kimi göstəricilərə görə də, Universitet nəinki Azərbaycanın, hətta qonşu ölkələrin, dünyanın inkişaf etmiş ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Bütün bunlar isə təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində baş vermişdir. Universitetin rektoru Elbrus İsayev göstərilən dövlət qayğısından səmərəli şəkildə yararlanaraq Naxçıvan Dövlət Universitetini inkişaf etmiş Universitetlər sırasına çıxara bilmiş, sözün əsl mənasında, müasir bir universitetin formalaşmasına nail olmuşdur. Çox səmimi və işgüzar bir kollektivin yaranmasına nail olan Elbrus İsayev müasir rektorun necə, hansı keyfiyyətlərə malik olması nümunəsini göstərmişdir. Əlbəttə, bütün bunlar universitetin ilk tələbəsi və yetirməsi kimi məni sevindirir, qürurlandırır.

- Sizcə, hazırda NDU auditoriyalarında gələcəyin sizin kimi böyük elm adamları yetişirmi? Tələbələrimiz barədə nə deyə bilərsiniz?

- Əlbəttə, buna şübhə ilə yanaşmaq üçün heç bir əsas yoxdur. Naxçıvan tarixən Azərbaycanın ən çox inkişaf etmiş elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Naxçıvan əhalisi qədim və Orta əsrlər dövründən başlayaraq Azərbaycan dövlətçiliyinə, elminə, mədəniyyətinə  çox böyük simalar bəxş etmişdir. Bu proses indi də davam edir. Qeyd etmək istəyirəm ki, universitetin Tarix ixtisasının ilk, 1971-ci il buraxılışından 2 nəfər AMEA-nın müxbir üzvü, 1 elmlər doktoru, 2 fəlsəfə doktoru yetişmişdir. Bu il aprelin 17-də keçirilən NDU Tələbə Elmi Cəmiyyəti (TEC) xətti ilə aparılan elmi-tədqiqat işlərinin başlanğıc konfransında qeyd olunan uğurlar gələcəyə nikbinliklə baxmağa tam əsas verir.  Məlum olduğu kimi, 2025-2026-cı tədris ilində universitet tələbələrinin 24,2 faizi (1700 nəfər) elmi-tədqiqatla məşğul olur. Universitetdə aparılan işlərə, tələbələrin hətta Scopus, Web of Science bazasında indeksləşən və digər nüfuzlu jurnallarda məqalələr nəşr etdirməsinə əsaslanaraq demək olar ki, bu günkü tədqiqatçı tələbələrin içərisindən çox görkəmli alimlər yetişəcək.

- Son olaraq, elm yolunda irəliləyən gənclərə tövsiyələrinizi öyrənmək istərdim.

- Naxçıvan Dövlət Universitetinin tələbələrinin timsalında əminliklə deyə bilərəm ki, Azərbaycanda, o cümlədən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda çox perspektivli, ümidverici bir gənclik yetişməkdədir. Gənclərə ən başlıca tövsiyəm ondan ibarətdir ki, yaxşı oxumaqla, ixtisas biliklərini artırmaqla yanaşı çox mütaliə etsinlər, xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini hərtərəfli öyrənsinlər. Çünki tarixini, ədəbiyyatını, mədəniyyətini bilməyən bir kəs  öz ixtisasını nə qədər dərindən bilsə, peşəsi üzrə görkəmli mütəxəssis kimi yetişsə də onu onu yaxşı ziyalı, vətəndaş saymaq olmaz. Bunun üçün isə çoxlu oxumaq, mütaliə etmək lazımdır. Ancaq bəzi gənclərimiz bu mühüm cəhəti lazımi qədər qiymətləndirmir, mütaliə etmirlər, bəddii ədəbiyyatdan zövq almağı bacarmırlar. Fikrimcə, heç bir internet və digər elektron vasitələr kitabı əvəz edə bilməz. Ona görə də, mütləq kitablardan istifadə etmək lazımdır.

Dil məsələsinə toxunmaq istərdim. Bizim gənclik dövründə rus dilini bilmək lazımlı idisə, bu tələb müasir dövrdə öz yerini ingilis dilinə və digər əcnəbi dillərə verib. Əlbəttə, bu çox yaxşı haldır və vacibdir. Nə qədər çox dil bilsən bir o qədər yaxşıdır. Qürurverici haldır ki, gənclərimizin çoxu dil öyrənməyə böyük maraq göstərirlər və uğur qazanırlar. Ancaq diqqət etmək lazımdır ki, əcnəbi dillərə olan maraq doğma dilimizi arxa plana keçirməsin. Unutmaq olmaz ki, hər bir savadlı insan, işinin ustası olan mütəxəssis ilk növbədə öz dilini gözəl bilməli, xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə böyük hörmət və ehtiramla yanaşmalı, onları qorumağı, yaşatmağı, təbliğ etməyi, gələcək nəslə çatdırmağı bacarmalıdır. Hər kəs azərbaycanlı, Azərbaycan vətəndaşı olduğunu heç vaxt unutmamalıdır, Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, mənsub olduğu xalqla qürur duymalıdır.

Gülay Tahirli

“525-ci qəzet”

  • Paylaş: