Azərbaycanın dağlıq zonaları qədim dövrlərdən bəri strateji və müdafiə xarakterli memarlıq nümunələri ilə zəngindir. Bu baxımdan, Kiçik Qafqazın mühüm yaylaqlarından olan Daşkəsən rayonunun Xoşbulaq yaylağı təbii-coğrafi mövqeyi ilə yanaşı, həm də qədim istehkamçılıq mədəniyyətinin izlərini qoruyub saxlamışdır. Bölgədə aparılan vizual memarlıq-tədqiqat işləri zamanı Xoşbulaq yaylağının hündür dağ zirvələrindən birinin hamar relyefində yerləşən, elmi ədəbiyyatda və rəsmi qeydiyyatda geniş təhlil olunmamış unikal bir siklopik qala (çoban qalası / qala-məskən) qalığı aşkar edilmişdir. Bu məqalə, həmin abidənin memarlıq-planlaşdırma quruluşunu və onun mühafizə statusu ilə bağlı mövcud problemləri elmi müstəvidə nəzərdən keçirir.
Abidənin həndəsi planı və konstruktiv struktur mürəkkəbliyi
Aparılan ilkin vizual tədqiqatlar göstərir ki, Xoşbulaq yaylağındakı qalanın memarlıq həlli Azərbaycanın digər dağ qalalarında (xüsusilə Qarabağ və Naxçıvan bölgələrindəki qədim istehkamlarda) müşahidə olunan ənənəvi "relyefə tabe olma" prinsipinə əsaslanır.
Plan konfiqurasiyası: Qalanın həndəsi plan biçimi tamamilə dağ zirvəsinin perimetrinin təbii formasına uyğunlaşdırılmışdır. Bu metod qədim memarların təbii müdafiə imkanlarından maksimum dərəcədə istifadə etmək bacarığını sübut edir.
Müdafiə sistemi: Abidə mürəkkəb mühəndislik təfəkkürünün məhsulu olaraq ikiqat müdafiə divarları ilə əhatə olunmuşdur. Qalanın ən hündür və strateji cəhətdən əlçatmaz nöqtəsində isə İçqala (sitadel) yerləşir.
Hörgü texnikası: Divarların tikintisində heç bir birləşdirici məhlul (palçıq, əhəng və s.) istifadə edilməmişdir. İri, qeyri-standart və təbii formalı qayalar "quru hörgü" (siklopik hörgü) texnikası ilə üst-üstə qalanmışdır. Daşların üzərini örtən çoxəsrlik (minillik) mamır təbəqəsi divarların toxunulmazlığını və qədimliyini vizual olaraq təsdiq edir.
Su təminatı məsələsi: Kəhriz fərziyyəsi
Qalanın daxili ərazisində aparılan müşahidələr zamanı heç bir təbii su mənbəyinə (bulaq, quyu) rast gəlinməmişdir. Müdafiə xarakterli dağ qalalarında uzunmüddətli mühasirələrə tab gətirmək üçün su təminatı fundamental şərtdir. Bu kontekstdə, qalaya suyun qədim kəhriz və ya yeraltı su xətləri (suluqlar) sistemi ilə kənardan gətirilməsi ehtimalı olduqca yüksəkdir. Lakin bu mühəndislik infrastrukturunun izinun tapılması və dəqiqləşdirilməsi yalnız gələcək irimiqyaslı arxeoloji qazıntılar nəticəsində mümkün ola bilər.
Abidənin atributasiyası və təsnifatındakı zddiyyətlər
Mədəniyyət Nazirliyi tərəfindən abidənin yaxınlığında yerləşdirilmiş rəsmi məlumat lövhəsində qalanın "Dövlət tərəfindən qorunduğu", "Tunc dövrünə aid olduğu" və "Arxeoloji abidə" statusu daşıdığı qeyd edilmişdir. Lakin abidənin memarlıq-struktur təhlili bu elmi təsnifatda ciddi qüsurların olduğunu ortaya qoyur:
1. Tipoloji Səhv (Arxeoloji yox, Memarlıq Abidəsi): Abidə yerüstü struktura, aydın oxunan divar qalıqlarına, müdafiə planına və daxili memarlıq elementlərinə (İçqala) malikdir. Bu səbəbdən o, yalnız torpaq altında qalan maddi-mədəniyyət qalığı (arxeoloji abidə) kimi deyil, birbaşa Memarlıq Abidəsi kimi qeydiyyata alınmalı və tədqiq edilməlidir.
2. Dövlətləşdirmə və Dövrün Qeyri-Dəqiqliyi: Ərazidə hələ heç bir elmi-arxeoloji qazıntı işləri aparılmadığı halda, qalanın birbaşa Tunc dövrünə aid edilməsi metodoloji baxımdan yalnışdır. Siklopik qalaların xronoloji çərçivəsi E.ə. II minillikdən başlayaraq Erkən Dəmir dövrünə və daha sonrakı dövrlərə qədər uzana bilər. Konkret dövrləşmə yalnız stratiqrafik qazıntılardan və tapılan artefaktların laborator analizindən sonra müəyyən edilməlidir.
Mühafizə problemləri
Abidənin qorunma statusu kağız üzərində qalsa da, faktiki olaraq nəzarətsiz vəziyyətdədir. Qala ərazisində və tarixi divarların içərisində iri və xırdabuynuzlu heyvan sürülərinin (mal-qoyun) otarılması abidənin mədəni qatına zərbə vurur, quru hörgü üsulu ilə ucaldılmış divarların aşınmasını və uçmasını sürətləndirir. Bu xüsusat, abidənin fiziki mühafizəsinin təcili olaraq gücləndirilməsini tələb edir.
Daşkəsənin Xoşbulaq yaylağındakı ikiqat divarlı, içqalalı siklopik tikili Azərbaycanın qədim müdafiə memarlığının mühüm monumentlərindən biridir. Abidənin relyeflə vəhdəti və hörgü xüsusiyyətləri onun yüksək memarlıq dəyərini sübut edir. Abidənin pasportlaşdırılmasında gedən elmi qeyri-dəqiqliklərin aradan qaldırılması, ona "Memarlıq abidəsi" statusunun verilməsi və ərazidə təcili olaraq multidissiplinar (memarlıq və arxeologiya birgə) tədqiqatların və qazıntıların başlanması Azərbaycan tarixinin qədim səhifələrinin işıqlandırılması üçün vacib addımdır.
Rizvan QARABAĞLI, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.