Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dilçi-alim: Rəqəmsal texnologiyalar dəyişsə də, ana dilinin cəmiyyətdə rolu dəyişmir
22.07.2026 20:00
  • A-
  • A
  • A+

Dilçi-alim: Rəqəmsal texnologiyalar dəyişsə də, ana dilinin cəmiyyətdə rolu dəyişmir

Müasir informasiya cəmiyyətində media yalnız xəbərin yayılma sürətini artıran kommunikasiya vasitəsi deyil, həm də dilin inkişafına, ictimai şüurun formalaşmasına və milli-mədəni dəyərlərin qorunmasına təsir edən mühüm amildir. İnternet mediası, sosial şəbəkələr, rəqəmsal platformalar və süni intellekt texnologiyaları Azərbaycan dilinin istifadə dairəsini genişləndirməklə yanaşı, onun qarşısında yeni vəzifələr də müəyyənləşdirir.

Bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlünün təqdim etdiyi “Ana dili və yeni media” sərlövhəli yazısında yer alıb. Məqalədə qeyd edilir ki, Azərbaycanda ana dilinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qloballaşma və rəqəmsallaşma şəraitində Azərbaycan dilinin saflığının, üslubi imkanlarının və ədəbi normalar sisteminin qorunması xüsusi əhəmiyyət daşıyır.

Bu gün informasiya həm də rəqəmsal platformalar vasitəsilə yayılır. Xəbər saytları, sosial media resursları, videoplatformalar və mobil tətbiqlər milyonlarla insanın gündəlik informasiya mənbəyinə çevrilib. Bu mühitdə dilin operativliyi, lakonikliyi və anlaşıqlığı ön plana çıxır. Lakin bu amillər bəzən ədəbi dil normalarının pozulmasına, alınma sözlərin işlədilməsinə, orfoqrafik və üslubi səhvlərin çoxalmasına da səbəb olur.

Bununla yanaşı, yeni media Azərbaycan dilinin inkişafı üçün mühüm imkanlar açır. Rəqəmsal mühit yeni anlayışların yaranmasını sürətləndirir, termin və söz yaradıcılığı prosesinə təkan verir. Son illərdə “ağıllı şəhər”, “ağıllı kənd”, “rəqəmsal hökumət”, “yaşıl enerji”, “media savadlılığı”, “kibertəhlükəsizlik”, “rəqəmsal transformasiya”, “süni intellekt” kimi anlayışların geniş işlənməsi bunun bariz nümunəsidir. Bu terminlər yalnız mütəxəssislərin deyil, gündəlik informasiya məkanının da ayrılmaz hissəsinə çevrilib.

Media yalnız informasiya vermir, həm də cəmiyyət üçün dil nümunəsi formalaşdırır.

Sosial şəbəkələrdə ünsiyyətin genişlənməsi yeni nitq formalarının yaranmasına səbəb olsa da, ana dilinin imkanlarının qorunması əsas məsələlərdən biri olaraq qalır. Təəssüf ki, qısaldılmış yazı formaları, sözlərin bəzən tələffüz edildiyi kimi yazılması ilə qarşılaşmaq olur.

Süni intellekt texnologiyalarının sürətli inkişafı da Azərbaycan dili üçün yeni perspektivlər açır. Maşın tərcüməsi, nitqin tanınması, korpus lüğət bazalarının hazırlanması ana dilinin texnoloji imkanlarını artırır.

Yeni media dövründə Azərbaycan dilinin inkişafı yalnız dilçilərin və jurnalistlərin deyil, bütövlükdə vətəndaşların ortaq məsuliyyətidir. Azərbaycan dilinin rəqəmsal mühitdə zəngin, səlis və ədəbi normalara uyğun işlədilməsi milli kimliyin, mədəni irsin və dövlətçilik ənənələrinin qorunmasına xidmət edir.

Müasir dövr göstərir ki, rəqəmsal texnologiyalar dəyişsə də, ana dilinin cəmiyyətdə rolu dəyişmir. Yeni medianın yaratdığı imkanlardan səmərəli istifadə etməklə Azərbaycan dilinin beynəlxalq informasiya məkanında mövqeyini daha da gücləndirmək, onun elmi, texnoloji və kommunikativ potensialını genişləndirmək mümkündür.

Medianın rolu artdıqca, dilin işləkliyi də artır. Mətbuatda söz, termin yaradıcılığı meylinin çoxalması dilimizin lüğət tərkibinin zənginləşməsinə təkan verir. Mətbuat dilində işlənən sözlər, terminlər ictimai-siyasi durumu, cəmiyyətin inkişaf səviyyəsini göstərir.

AzərTac

  • Paylaş: