Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə 2-7 sentyabr 2026-cı il tarixlərində Şəki Olimpiya İdman Kompleksində gənc alim və tədqiqatçılar üçün “Kəndə gəl” adlı yay düşərgəsi keçirilir.
Düşərgənin açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, AMEA-nın, AMEA Gənclər Akademiyasının, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Şəki Regional Elmi Mərkəzinin nümayəndələri, eləcə də müxtəlif elm və təhsil müəssisələrini təmsil edən gənc alim və tədqiqatçılar iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin innovativ inkişaf sektorunun müdiri Kənan Kərimov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Şəki Regional Elmi Mərkəzinin direktor müavini Vəfa Atayeva, AMEA Gənclər Akademiyasının sədri dosent Elmir Babayev düşərgənin əhəmiyyətindən, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən, onların müxtəlif elm və təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsində rolundan danışıblar.
Çıxışlarda regionlarda elmi və intellektual mühitin inkişaf etdirilməsi, gənclərin elmə marağının artırılması, onların bilik və bacarıqlarının praktiki layihələrdə tətbiqi, eləcə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən gənc tədqiqatçılar arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib.
Növbəti günlərdə düşərgə iştirakçıları üçün müxtəlif elm sahələrini əhatə edən təqdimat və məruzələr, təlimlər, fikir mübadilələri və praktiki fəaliyyətlər təşkil olunacaq. Proqram çərçivəsində memarlıq, ekologiya, ekoturizm, folklor, süni intellekt, kənd təsərrüfatı və digər aktual istiqamətlər üzrə müzakirələrin aparılması, eləcə də gənc alim və tədqiqatçıların yeni əməkdaşlıq imkanlarının formalaşdırılması gözlənilir.
Düşərgə proqramı çərçivəsində iştirakçıların elmi və yaradıcı potensialının inkişafına, komanda şəklində işləmək bacarıqlarının gücləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş intellektual oyunların, müxtəlif interaktiv fəaliyyətlərin və komanda yarışlarının keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, “Kəndə gəl” yay düşərgəsi gənc alim və tədqiqatçıların elmi bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, onların regionun təbii, tarixi və mədəni potensialı ilə tanışlığının təmin edilməsinə, müxtəlif elm sahələrini təmsil edən gənclər arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə xidmət edir.