Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.09.2026 18:55
  • A-
  • A
  • A+

AMEA-da “Hərb və sülh: Azərbaycan reallığı” mövzusunda elmi konfrans keçirilib

AMEA-da “Hərb və sülh: Azərbaycan reallığı” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Əsas binasında Akademiyanın Humanitar və İctimai Elmlər Bölmələrinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü münasibətilə “Hərb və sülh: Azərbaycan reallığı” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli müstəqilliyin bərpasından sonrakı illərdə Azərbaycan dövlətinin öz iqtisadi qüdrətini artıraraq bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm nailiyyətlər əldə etdiyini bildirib. Azərbaycanın 30 illik ədalətli mübarizəsinin, haqq davasının 44 günlük Vətən müharibəsi ilə – Zəfərlə nəticələndiyini vurğulayan akademik İsa Həbibbəyli ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçılar üzərində tam qələbə qazanmasının ölkəmizin tarixində yeni epoxanın əsasını qoyduğunu deyib.

O, Prezident İlham Əliyevin Azərbaycanın çoxəsrlik tarixinə qalibiyyət yazan lider kimi daxil olduğunu qeyd edərək, dünya tarixində 30 illik müharibənin bu qədər qısa müddətdə zəfərlə başa çatdırılmasının ikinci bir nümunəsinin olmadığını nəzərə çatdırıb. AMEA rəhbəri bu şanlı hadisəni dövlət başçımızın həm Azərbaycan, həm də dünya hərb tarixində açdığı yeni səhifə kimi dəyərləndirib.

Akademik İsa Həbibbəyli bildirib ki, 2023-cü ilin sentyabrında 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri ilə Qarabağ müharibəsi qəti olaraq başa çatıb, ərazimiz separatçılardan və qanunsuz hərbi birləşmələrdən tamamilə təmizlənib. Hazırda Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün suveren ərazisində, o cümlədən işğaldan azad edilmiş bölgələrimizdə - Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər torpaqlarımızda qürurla dalğalanır. Bu tarixi hadisəyə, inamlı qələbəyə görə Azərbaycan xalqı Müzəffər Ali Baş Komandana əbədi olaraq minnətdardır.

Ərazi bütövlüyümüzün təmin olunmasının regionda da yeni dinamika yaratdığını deyən AMEA rəhbəri, hazırda Zəngəzur dəhlizi anlayışının mühüm geosiyasi amilə çevrildiyini söyləyib. O, Çindən Avropaya qədər bir çox ölkəni birləşdirən Zəngəzur dəhlizini Azərbaycan Prezidentinin təhlükəsizliyə, əməkdaşlığa və iqtisadi inkişafa təkan verən uzaqgörən təşəbbüsü kimi dəyərləndirib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli konfransda səslənəcək məruzələrin, aparılacaq müzakirələrin Zəfər tariximizin elmi baxımdan daha dərindən tədqiq olunması və geniş işıqlandırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Elmi konfransda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov “Müzəffər Ali Baş Komandanın qələbə salnaməsi: Hərbdən sülhə”, həmin institutun Qafqaz tarixi şöbəsinin baş elmi işçisi professor Mais Əmrahov “Qırx dörd günə böyük tarixi Zəfər və suverenlik hüququnun təminatı”, institutun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Günel Musayeva “Böyük Zəfərə aparan yolun tarix dərsləri”, həmin şöbənin böyük elmi işçisi Aynur Kərimli “Qırx dörd günlük müharibə Azərbaycan tarixində yeni mərhələdir” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun “Azərbaycan incəsənətində Qarabağ və Böyük Qayıdış mövzusu”, eləcə də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfovanın “Qarabağ Zəfərinin poetik təntənəsi” məruzələri dinlənilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında tarixi əhəmiyyəti, Zəfərə aparan yolun mühüm tarixi-siyasi mərhələləri, Qarabağda yeni reallıqların formalaşması və Böyük Qayıdış prosesinin mahiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, Qarabağ mövzusunun Azərbaycan incəsənəti və ədəbiyyatında əksi, Vətən müharibəsinin milli yaddaşda və bədii yaradıcılıqda yaratdığı yeni məzmun barədə fikirlər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: