Oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunun açılışı baş tutub.
“Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda keçirilən Akademik Forumun açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri professor Fateh Mansouri, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Ahmet Nuri Yurdusev, UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə mütəxəssisi Bram Van Haver, o cümlədən millət vəkilləri, ictimaiyyət nümayəndələri, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
Forumu giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən, ölkəmizin multikulturalizm təcrübəsindən və qlobal həmrəyliyin təmin olunmasında dialoqun vacibliyindən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan Bakı Prosesinin 2011-ci ildən etibarən beynəlxalq forumlar vasitəsilə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli bu il Mədəniyyətlərarası Dialoq Forumunun 15 illiyinin tamam olduğunu, Azərbaycanın ötən müddət ərzində dünyada mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini söyləyib.
Qeyd edib ki, bu gün VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müasir dövrdə mədəniyyətlərarası dialoqun, eləcə də beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmanın əhəmiyyətini bir daha önə çıxardı: “Cənab Prezidentin nitqində mədəniyyətlərarası dialoqun beynəlxalq miqyasda hər iki tərəflərin bərabərhüquqlu təmsil olunması, ikili standartlara yol verilməməsi, hətta ikili standartların beynəlxalq siyasətdən çıxarılması haqqında çox qiymətli və yeni dünya üçün yeni olan əhəmiyyətli fikirlər irəli sürüldü. Ölkəmiz artıq yeddinci dəfədir ki, Mədəniyyətlərarası Dialoq Forumuna təkcə mükəmməl ev sahibliyi eləməklə öz işini bitmiş hesab eləmir. Eyni zamanda mədəniyyətlərarası dialoqun Azərbaycan modelini və təcrübəsini bu tədbirlər vasitəsilə dünyaya yayır”.
AMEA rəhbəri bildirib ki, Forum həm də dünya təcrübəsinin öyrənilməsi, müxtəlif ölkələrin nümayəndələri, alimlər, mədəniyyət və ədəbiyyat xadimləri arasında fikir mübadiləsinin aparılması baxımından mühüm platformadır. Akademik İsa Həbibbəyli vurğulayıb ki, tədbir çərçivəsində keçirilən müzakirələr müasir dünyanın daha dərindən dərk edilməsinə, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və qlobal həmrəyliyin təşviqinə töhfə verəcək.
“Azərbaycan bu il “Ortaq gələcək naminə dialoq” mövzusunda bütün dünyanı düşündürən problemlə çıxış edir. Bu gün çox təəssüf ki, dünyada müharibələr, qarşıdurmalar, çəkişmələr, qütbləşmələr dərinləşməyə, genişlənməyə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev məhz dünyanı parçalanmaqdan xilas etməyin yolunu qarşılıqlı etimadda, mədəniyyətlərarası, dinlərarası dialoqda görür və doğrudan da Azərbaycan modeli bu baxışın isbatıdır”, - deyə AMEA rəhbəri diqqətə çatdırıb.
Elmin də bu prosesdə mühüm rol oynadığını deyən AMEA rəhbəri vurğulayıb ki, elmi əməkdaşlıq mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, ortaq dəyərlərin müəyyənləşdirilməsinə, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası və alimlərimiz bu missiyanın məsuliyyətini dərk edir və bu sahədə ölkəmizdə aparılan dövlət siyasətinə, dünyada gedən proseslərin elmi şəkildə dəyərləndirilməsinə özünün töhfəsini verəcəkdir.
Tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müasir dünyada etnik və dini münaqişələrin, terrorizmin və zorakılığın mədəniyyətlərarası dialoqun inkişafına ciddi maneələr yaratdığını bildirib. O, belə bir şəraitdə qarşılıqlı anlaşmanın, etimadın, əməkdaşlığın və davamlı sülhün təmin olunmasında elm və təhsilin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Təhsil yalnız bilik ötürmək deyil, həm də müstəqil və tənqidi düşünmək, məlumatları təhlil etmək, fərqli mövqeləri qiymətləndirmək və əməkdaşlıq etmək bacarıqlarını formalaşdırmaq məqsədi daşıyır”, – deyə Firudin Qurbanov qeyd edib. Nazir müavininin sözlərinə görə, məlumatsızlıq, tarixi və dini faktların manipulyasiyası münaqişələrin yaranmasına zəmin yaradan amillərdəndir. Elm və təhsilə əsaslanan mədəniyyətlərarası və dinlərarası dialoq isə qlobal gərginliyin azaldılması və davamlı sülhün qurulması üçün mühüm vasitədir.
Azərbaycanın təhsil siyasətinin prioritetlərindən danışan Firudin Qurbanov insan potensialının inkişafı, müasir bacarıqların formalaşdırılması və təhsil sisteminin rəqəmsal transformasiyasının bu siyasətin əsas istiqamətləri olduğunu söyləyib. Hazırda ölkənin təhsil müəssisələrində 2 milyondan çox təhsilalanın və 150 minə yaxın təhsilverənin olduğunu bildirən nazir müavini bu göstəricilərin təhsilin cəmiyyətin dəyərlərinin və düşüncə tərzinin formalaşmasındakı əhəmiyyətini nümayiş etdirdiyini diqqətə çatdırıb.
O, Azərbaycanın tarixən müxtəlif etnik və dini qrupların dinc yaşadığı məkan olduğunu vurğulayaraq, ölkəmizdə milli azlıqların mədəni irsinin və ana dilinin qorunması üçün müvafiq imkanların yaradıldığını bildirib. Həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinin ölkəmizin təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsinə və müxtəlif multikulturalizm modellərinin müqayisəli təhlilinə şərait yaratdığını qeyd edib.
Firudin Qurbanov çıxışında rəqəmsal texnologiyaların və süni intellektin mədəniyyətlərarası dialoqa təsirinə də toxunub. Bildirib ki, sosial şəbəkələr, mesajlaşma platformaları və süni intellekt qlobal ünsiyyətin xarakterini dəyişdirərək müxtəlif mədəniyyətlərin təmsilçiləri arasında əlaqələr üçün yeni imkanlar yaradır. Bu proseslərin öyrənilməsi mədəni, sosial və texnoloji yanaşmaların əlaqəli şəkildə araşdırılmasını tələb edir.
Dünyada müharibələrin və geosiyasi qarşıdurmaların davam etdiyi bir dövrdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan Firudin Qurbanov gələcək nəsillər naminə sülhə, dialoqa, milli və bəşəri həmrəyliyə çağırışların xüsusi aktuallığa malik olduğunu bildirib. O, dini ayrı-seçkilik və qarşıdurma əvəzinə qarşılıqlı hörmət, humanizm və sevgi prinsiplərinin təşviqinin vacibliyini qeyd edib.
Sonra çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova hazırda dünyada qütbləşmə, münaqişələr və qarşılıqlı etimad böhranının artdığı bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, dialoqun inkişafı üçün siyasi və diplomatik təşəbbüslərlə yanaşı, elmi tədqiqatlara da xüsusi önəm verilməlidir. O, humanitar və sosial elmlərin cəmiyyətlərarası münasibətlərin öyrənilməsinə, stereotiplərin aradan qaldırılmasına və sosial etimadın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Səadət Yusifova Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərinə toxunaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi”nin (Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu) müxtəlif ölkələri, beynəlxalq təşkilatları və elmi ictimaiyyəti qarşılıqlı anlaşma və əməkdaşlıq ətrafında birləşdirən mühüm platforma olduğunu söyləyib. O, “Bakı Prosesi”nin təcrübəsinin akademik müstəvidə daha sistemli şəkildə araşdırılması, nəticələrinin elmi əsaslarla qiymətləndirilməsi və beynəlxalq tədqiqatlarda geniş işıqlandırılmasının vacibliyinə diqqət çəkib.
Çıxışında rəqəmsal transformasiya proseslərinin mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar və çağırışları da qeyd edən Səadət Yusifova bildirib ki, texnologiyalar mədəni irsin qorunmasına və biliklərin yayılmasına xidmət etməli, eyni zamanda az təmsil olunan dillərin və mədəniyyətlərin rəqəmsal mühitdə görünürlüyünün artırılmasına dəstək verməlidir. O, bu istiqamətdə universitetlərin, tədqiqatçıların və dövlət qurumlarının əməkdaşlığının vacibliyini qeyd edib.
Azərbaycanın UNESCO ilə tərəfdaşlığına toxunan nazir müavini UNESCO-UNITWIN Şəbəkəsinin beynəlxalq elmi əməkdaşlığın, bilik mübadiləsinin və birgə tədqiqatların genişləndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, mədəniyyətlərarası və dinlərarası dialoq, mədəni müxtəlifliyin qorunması və dialoq siyasətinin səmərəliliyinin qiymətləndirilməsi istiqamətində yeni elmi əməkdaşlıq modellərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Səadət Yusifova çıxışının sonunda Forumun nəticələrinin konkret təşəbbüslərə, birgə tədqiqatlara və yeni tərəfdaşlıqlara çevriləcəyinə, elmi müzakirələrin dövlət siyasətində və təhsil proqramlarında əksini taparaq cəmiyyətin davamlı inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.
Sonra çıxış edən Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri professor Fateh Mansouri qeyd edib ki, parçalanmış dünyada ortaq gələcəyin qurulması üçün mədəniyyətlərarası dialoqun rolu böyükdür və bu mənada Azərbaycanın təşkil etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusi əhəmiyyət daşıyır. Professor Fateh Mansouri Azərbaycana beşinci səfərindən məmnunluğunu ifadə edərək ölkəmizin qonaqpərvərliyini və forumun yüksək səviyyədə təşkilini xüsusi vurğulayıb.
Fateh Mansourinin sözlərinə görə, xarici münaqişələr cəmiyyətlər daxilində münasibətlərə təsir göstərir, miqrasiya, din və kimliklə bağlı müzakirələr isə insanların digər cəmiyyətlərə münasibətini formalaşdırır. Bu baxımdan, mədəniyyətlərarası dialoq yalnız fikir mübadiləsi deyil, həm də cəmiyyətləri parçalayan səbəblərin tənqidi təhlili üçün mühüm platformadır. Professor vurğulayıb ki, effektiv mədəniyyətlərarası yanaşma mədəni müxtəlifliyə hörməti bərabər hüquqlar və cəmiyyətin həyatında mənalı iştirakla birləşdirməlidir.
Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev çıxışında mədəniyyətlərarası dialoqun qurulması və davamlılığının təmin edilməsinin əsas şərtlərinə toxunub. Vurğulayıb ki, dialoqun uğurlu olması ilk növbədə mədəniyyətlər və cəmiyyətlərin bir-birini tanımasından, bərabərhüquqlu olduqlarını qəbul etməsindən asılıdır. Professor Əhməd Nuri Yurdusev qarşılıqlı anlaşmanın təməlində bərabərliyin tanınmasının dayandığını bildirib.
Alim qeyd edib ki, qarşılıqlı tanıma ilə yanaşı, mədəniyyətlərə və cəmiyyətlərə hörmətlə yanaşılması da mühüm əhəmiyyət daşıyır. “Həm cəmiyyətlərin daxilində, həm də onlar arasında zorakılığın minimuma endirilməsi dialoqun qorunması və inkişafı üçün vacib şərtlərdəndir”, – deyə Assosiasiya prezidenti vurğulayıb. Zorakılığın qarşılıqlı anlaşma və dialoq mühitinə xələl gətirdiyini vurğulayan professor Əhməd Nuri Yurdusev mədəniyyətlərarası dialoqun davamlılığının qarşılıqlı tanıma, bərabərliyə əsaslanan münasibət, hörmət və zorakılığın minimuma endirilməsi prinsiplərindən asılı olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə mütəxəssisi Bram Van Haver qeyd edib ki, müasir dövrdə mədəniyyətlərarası dialoq miqrasiya, ictimai qütbləşmə və rəqəmsal platformalarda yayılan dezinformasiya kimi çağırışlar fonunda cəmiyyətləri bir arada saxlamaq və institutlara etimadı bərpa etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Bram Van Haver akademik forumun elmi araşdırmalarla praktiki siyasət arasında əlaqənin gücləndirilməsinə töhfə verdiyini bildirib. Onun sözlərinə görə, fəlsəfə, din, tarix və dilçilik kimi sahələrdə aparılan tədqiqatlar təhsil siyasəti, rəqəmsal transformasiya və dini müxtəlifliyin idarə olunması məsələlərinin daha dərindən öyrənilməsi üçün vacibdir. O, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bu baxımdan alimləri, dövlət nümayəndələrini və beynəlxalq təşkilatları bir araya gətirən əhəmiyyətli platforma olduğunu qeyd edib.
Açılış mərasimindən sonra Forum öz işini “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda panel iclası ilə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.