Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elmir Babayev: Elm bəşəriyyətin ortaq inkişaf dilidir və gələcəyin formalaşmasında mühüm rol oynayır
10.11.2026 19:25
  • A-
  • A
  • A+

Elmir Babayev: Elm bəşəriyyətin ortaq inkişaf dilidir və gələcəyin formalaşmasında mühüm rol oynayır

Bütün dünya ölkələrinin maraqlarını birləşdirən əlamətdar günlərdən biri də 10 noyabr – Dünya Elm Günüdür. Bu gün elmin cəmiyyətin inkişafında, qlobal problemlərin həllində və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsində oynadığı mühüm rolu bir daha diqqətə çatdırır.

Bu fikirləri açıqlamasında AMEA Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev söyləyib.

Elmir Babayev qeyd edib ki, müasir dövrdə elmi inkişafı yalnız ayrı-ayrı ölkələrin nailiyyətləri ilə məhdudlaşdırmaq mümkün deyil. İqlim dəyişiklikləri, ekoloji tarazlığın qorunması, enerji təhlükəsizliyi, ərzaq təminatı, səhiyyə və digər qlobal məsələlər beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsini zəruri edir. Bu problemlərin həlli üçün müxtəlif ölkələrin alimləri arasında bilik və təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması, elmi nəticələrin paylaşılması xüsusi əhəmiyyət daşıyır.

AMEA Gənclər Akademiyasının sədri vurğulayıb ki, hazırda süni intellekt, rəqəmsal texnologiyalar, biotexnologiya, nanotexnologiya və yeni materiallar elmin inkişafında əsas istiqamətlərdən hesab olunur. Bu sahələrdə əldə edilən nailiyyətlər sənayenin, təhsilin, tibbin, kənd təsərrüfatının və digər sektorların inkişafına yeni imkanlar açır. Lakin texnoloji yeniliklərlə yanaşı, onların etik prinsiplərə, insan maraqlarına və cəmiyyətin təhlükəsizliyinə uyğun tətbiqi də diqqətdə saxlanılmalıdır.

Elmir Babayev bildirib ki, elmi potensialın gücləndirilməsi üçün alimlərin tədqiqat imkanlarının genişləndirilməsi, müasir laboratoriya infrastrukturunun yaradılması, beynəlxalq elmi bazalara çıxışın təmin edilməsi və elmi nəticələrin praktik tətbiqinə şərait yaradılması vacibdir. Elmin real inkişafı yalnız elmi məqalələrin və tədqiqatların sayı ilə deyil, onların ölkənin iqtisadiyyatına, sənayesinə, sosial həyatına və texnoloji müstəqilliyinə verdiyi töhfə ilə də ölçülməlidir.

O, xüsusilə gənc alimlərin elmi fəaliyyətə cəlb edilməsinin vacibliyini qeyd edərək deyib ki, gənclər elmin yenilənən düşüncə və ideya mənbəyidir. Onların yaradıcılıq potensialının üzə çıxarılması, müstəqil tədqiqat aparmaq imkanlarının artırılması, elmi layihələrdə iştirakının təşviqi və beynəlxalq əməkdaşlığa inteqrasiyası gələcəyin güclü elmi mühitinin formalaşmasına xidmət edir.

Akademiya sədri əlavə edib ki, gənc tədqiqatçılar üçün yalnız nəzəri biliklərin əldə edilməsi deyil, həm də praktiki bacarıqların inkişaf etdirilməsi, multidissiplinar araşdırmalarda iştirak və elmi nəticələrin təqdimatı mühüm əhəmiyyət daşıyır. Gənc alimlərin təcrübəli tədqiqatçılarla əməkdaşlığı, elmi məktəblərin davamlılığının təmin edilməsi və yeni nəsil alimlərin yetişdirilməsi elmi inkişafın əsas şərtlərindəndir.

Onun sözlərinə görə, elm yalnız alimlərin fəaliyyəti deyil, bütövlükdə cəmiyyətin gələcəyinə yönəlmiş strateji sərvətdir: “Elmi düşüncənin inkişaf etdiyi, yeniliyə və araşdırmaya dəyər verilən cəmiyyətlər qarşılaşdıqları çətinlikləri daha səmərəli şəkildə həll etmək imkanına malik olurlar. Dünya Elm Günü bizə bir daha xatırladır ki, elmin sərhədləri yoxdur və elmi əməkdaşlıq bəşəriyyətin ortaq maraqlarına xidmət edir. Əminəm ki, Azərbaycan alimləri, xüsusilə də gənc tədqiqatçılar yeni elmi ideyaları, araşdırmaları və innovativ təşəbbüsləri ilə ölkəmizin elmi potensialının gücləndirilməsinə, beynəlxalq elmi məkanında mövqeyinin möhkəmləndirilməsinə bundan sonra da mühüm töhfələr verəcəklər”.

AzərTac

  • Paylaş: