“Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin doğma diyarı Naxçıvanda qeyd olunması ölkəmizdə mədəniyyətə və tarixi şəxsiyyətlərə dövlət səviyyəsində göstərilən böyük ehtiramın bariz nümunəsidir”.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Naxçıvan Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfrans Əcəmi sənətinin XXI əsrdə müasir şəraitdə davam etdirilməsi bu sahədə yeni nəslin yetişdirilməsi imkanlarını da diqqətə çatdırır.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Əcəmi sənəti qədim Naxçıvan torpağının intibah mədəniyyətinin mühüm nişanəsi kimi yaşayır. Yubiley ərəfəsində Naxçıvanda memar Əcəminin heykəlinin ucaldılması və Möminə xatun türbəsinin bərpa olunması da dövlətin tarixi-mədəni irsə göstərdiyi diqqətin ifadəsidir.
AMEA-nın prezidenti sonda onu da vurğulayıb ki, bu beynəlxalq konfrans yalnız tarixi şəxsiyyətlərə ehtiramın nümayişi deyil, həm də yeni Əcəmi sənətkarlarının yetişməsinə, memarlıq ənənələrinin gələcək nəsillərə ötürülməsinə istiqamət verən mühüm elmi platformadır.