AMEA Folklor İnstitutunda Cənubi Azərbaycan folkloru və Folklorun toplanması və sistemləşdirilməsi şöbələrinin 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələri Elmi şuranın genişləndirilmiş, hibrid formatlı iclasında müzakirə olunub.
Hesabatların təqdimatı zamanı Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev müasir folklorşünaslıq qarşısında duran vəzifələrə, elmi fəaliyyətin nəticəyönümlü təşkilinə, tədqiqatların keyfiyyətinin və elmi məhsuldarlığın artırılmasına diqqət çəkib. O, Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi, qorunması və elmi dövriyyəyə daxil edilməsinin milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb. Direktor, həmçinin, elmi nəticələrin rəqəmsal platformalarda təqdim olunmasının və AMEA-nın elektron elmi informasiya sistemlərində sistemli şəkildə əks etdirilməsinin vacibliyini qeyd edib.
Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova hesabat məruzəsində şöbənin Güney Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri istiqamətindəki fəaliyyətinin əsas nəticələrini təqdim edib. Bildirilib ki, şöbənin mühüm nəşr layihəsi olan “Güney Azərbaycan folkloru” çoxcildliyinin XIX cildi hesabat ilində çap olunub. “Rüstəm və Zöhrab” dastanını əhatə edən nəşr Güney Azərbaycanın epik irsinin sistemli şəkildə elmi dövriyyəyə daxil edilməsinə xidmət edir.
Hesabat dövründə şöbə əməkdaşlarının tədqiqatları aşıq mühitləri, aşura mərasimləri, nağıl poetikası, uşaq folkloru və Məhəmmədəli Fərzanənin yaradıcılığı kimi istiqamətləri əhatə edib. İl ərzində 13 jurnal məqaləsi nəşr olunub, əməkdaşlar beynəlxalq və respublika elmi konfranslarında iştirak ediblər. Şöbə müdiri Mətanət Abbasovanın müəllifi olduğu “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyi də hazırlanıb. Növbəti dövr üçün “Güney Azərbaycan folkloru” çoxcildliyinin “Əsli-Kərəm” dastanına həsr olunacaq növbəti cildi və “Güney Azərbaycan folklor mühitində uşaq nəğmələri və oyunları” kitabının nəşrə hazırlanması planlaşdırılıb.
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadə isə hesabat məruzəsində regional folklor mühitlərinin, tarixi yaddaş nümunələrinin və peşə folklorunun öyrənilməsi istiqamətində əldə olunan nəticələri diqqətə çatdırıb.
Şöbənin mühüm nəşrlərindən biri “Qərbi Azərbaycan folkloru” seriyasının VII cildi olub. Şəmkir və Ağstafa rayonlarında məskunlaşmış Qərbi azərbaycanlılardan toplanmış materiallar əsasında hazırlanan nəşrdə folklor nümunələri, etnoqrafik məlumatlar, söyləyici xatirələri və ənənəvi biliklər sistemləşdirilib. Toplama materiallarında 1918–1919, 1948–1952, 1965 və 1988–1991-ci illərin deportasiyaları ilə bağlı şifahi yaddaş nümunələri qeydə alınıb, qızılbaş inanclarının yayılma coğrafiyasına dair yeni faktlar əldə edilib, Göyçə mahalının Göysu kəndində bişmə qurban ənənəsinin mövcudluğu müəyyənləşdirilib.
Şöbənin digər mühüm nəşri Aynur Cəlilovanın “Ovçu folkloru” kitabıdır. Naxçıvan, Quba, Laçın və Qərbi Azərbaycandan olan professional ovçulardan qeydə alınmış materialları əhatə edən 400 səhifəlik topluda ovçuluqla bağlı bilik və təcrübələr, inanclar, davranış normaları, peşə leksikası, əfsanə və rəvayətlər sistemləşdirilib. Tədqiqat ovçuluğun özünəməxsus sosial-mədəni münasibətlər və folklor ənənələri sistemi kimi öyrənilməsi baxımından əhəmiyyət daşıyır.
Hesabatda şöbə əməkdaşlarının fərdi tədqiqatları da təqdim olunub. Zəfər Fərhadov Azərbaycan əfsanələrində möcüzə motivlərini, Vüsalə Kərimova isə Lənkəran folklorunun etnolinqvistik xüsusiyyətlərini, Azərbaycan-talış folklor əlaqələrini, ənənəvi nəğmələri və ocaq-pirlərlə bağlı rəvayətləri araşdırıb. Ümumilikdə, hesabat ilində şöbə əməkdaşlarının müəllifliyi ilə iki kitab, beynəlxalq resenziyalı jurnallarda beş elmi məqalə və dörd konfrans materialı nəşr olunub.
Hər iki şöbənin hesabatları ətrafında aparılan müzakirələrdən sonra onlar ayrı-ayrılıqda səsverməyə çıxarılıb və Elmi Şura üzvlərinin qərarı ilə məqbul hesab edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.