Noyabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış neftçi alim, mühəndis, ictimai xadim və şair Nazim Aslanın “Bir sevginin taleyi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək neft mövzusunun Azərbaycan ədəbiyyatında və incəsənətində tutduğu xüsusi yerdən, neftçilərin fədakar əməyinin bədii sözə gətirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, neft Azərbaycan tarixinin, iqtisadiyyatının və ictimai həyatının mühüm amillərindən biri olmaqla yanaşı, milli ədəbiyyatımızda da özünəməxsus mövzuya çevrilib. Bakı və Abşeronun neftlə bağlı tarixi, neftçilərin zəhməti, onların peşə fədakarlığı və qəhrəmanlığı müxtəlif dövrlərdə yazıçı və şairlərin yaradıcılığında əksini tapıb. Bu baxımdan həm neft sənayesində çalışan, həm də poetik yaradıcılıqla məşğul olan insanların fəaliyyəti xüsusi maraq doğurur.
AMEA rəhbəri qeyd edib ki, şeir yalnız hiss və duyğuların ifadəsi deyil, həm də insanın dünyagörüşünü, həyata münasibətini, mənəvi dəyərlərini əks etdirən sənət nümunəsidir. Ədəbiyyatda məzmun dərinliyi ilə yanaşı, yüksək bədii sənətkarlıq da mühüm əhəmiyyət daşıyır. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Nazim Aslanın yaradıcılığında insan, Vətən, sevgi və həyat kimi ümumbəşəri mövzuların özünəməxsus poetik ifadəsi şairin sənət dünyasının zənginliyini müəyyənləşdirir.
Nazim Aslanın şəxsiyyətindən və yaradıcılığından bəhs edən AMEA prezidenti onun həm neftçi-mühəndis, həm də şair kimi formalaşmasının maraqlı vəhdət yaratdığını söyləyib. Bildirib ki, Nazim Aslanın həyat yolu Azərbaycan neft sənayesinin inkişafı ilə sıx bağlıdır. Onun uzun illər ərzində neft sənayesində çalışması, elmi fəaliyyətlə məşğul olması və bu sahədə qazandığı nailiyyətlər peşəkar mühəndis kimi nüfuzunu təsdiqləyir. Bununla yanaşı, həssas poetik düşüncəyə malik olması şairin şəxsiyyətinin digər mühüm tərəfini üzə çıxarır.
Akademik İsa Həbibbəyli çıxışında Nazim Aslanın Azərbaycan neft sənayesinin inkişafına verdiyi töhfələri, beynəlxalq elmi əlaqələri və müxtəlif mükafatlara layiq görülməsini şairin peşəkar fəaliyyətinin əhəmiyyətini göstərən amillər kimi dəyərləndirib. O, müasir dövrdə neft amilinin ölkənin iqtisadi inkişafındakı rolundan da bəhs edərək bildirib ki, neft sənayesi yalnız iqtisadiyyatın deyil, həm də Azərbaycanın elmi-texniki potensialının və milli inkişaf tarixinin mühüm istiqamətlərindən biridir. Bu sahədə çalışan insanların təcrübəsi, zəhməti və yaratdıqları dəyərlər ədəbiyyat üçün də zəngin mövzu mənbəyidir.
Nazim Aslanın poetik yaradıcılığından danışan AMEA rəhbəri onun 2001-ci ildə çap olunmuş “Sənsiz yaşamağa dəyməz” və 2011-ci ildə işıq üzü görmüş “İzin qalacaq” şeir kitablarını xatırladıb. Qeyd edib ki, “Bir sevginin taleyi” kitabı da müəllifin poetik dünyasının davamı kimi sevgi, insan, Vətən və həyat mövzularına müraciəti ilə diqqət çəkir. Kitabın adı və məzmunu insanın mənəvi aləminə, sevginin həyatdakı yerinə və taleyə çevrilən duyğuların bədii ifadəsinə işarə edir.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Nazim Aslana elmi və mühəndislik fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığında da uğurlar arzulayıb, “Bir sevginin taleyi” kitabının oxucular tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.
Sonra Nazim Aslanın “Yeddi qapı” poeması əsasında fonepoetik kompozisiya təqdim olunub.
Daha sonra AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri “Nazim Aslan: ömrün poeziyası və ya poeziyanın ömrü” adlı məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, AYB-nin Poeziya şöbəsinin rəhbəri, Əli Kərim adına Sumqayıt poeziya evinin direktoru, şair İbrahim İlyaslı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, araşdırmaçı Mikayıl Bozal, “Xalq qəzeti”nin əməkdaşı jurnalist Namiq Əhmədov, Azərbaycan Aşıqlar Birliyinin üzvü, fəlsəfə doktoru Eldar Ələsgəroğlu (Tağıyev), eləcə də AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva çıxış ediblər.
Çıxışlarda Nazim Aslanın çoxşaxəli fəaliyyətindən, neft sənayesinin inkişafına verdiyi töhfələrdən və elmi nailiyyətlərindən bəhs olunub. Bildirilib ki, “Bir sevginin taleyi” kitabı müəllifin poetik düşüncələrinin, zəngin mənəvi dünyasının və həyata həssas münasibətinin ifadəsi olmaqla oxucuları duyğular, xatirələr və düşüncələr aləminə aparır.
Sonda şair Nazim Aslan çıxış edərək poeziyanın insanın daxili dünyasının, hiss və düşüncələrinin ifadəsindəki rolundan danışıb, təqdimat mərasiminin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.