Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunun (PMİ) Heterotsiklik monomerlər və innovativ makromolekulyar birləşmələr laboratoriyasının müdiri vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova METAK MMC-nin bir qrup əməkdaşı ilə görüşüb.
Görüş zamanı Məhruzə Şatirova müəssisənin istehsalat fəaliyyəti, texnoloji imkanları və aktual ehtiyacları ilə yaxından tanış olub. Tərəflər arasında elmi-tədqiqat nəticələrinin istehsalatda tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə metal məmulatların korroziyadan mühafizəsi, qoruyucu örtüklərin hazırlanması və xassələrinin yaxşılaşdırılması, polimer əsaslı materialların, funksional kimyəvi əlavələrin tətbiqi, eləcə də materialların istismar davamlılığının artırılması üzrə birgə tədqiqat istiqamətləri nəzərdən keçirilib. Görüş çərçivəsində laboratoriyanın elmi potensialı, cihaz və avadanlıqların iş prinsipləri və tədqiqat imkanları barədə məlumat verilib. Görüş elm və sənaye arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, elmi nəticələrin istehsalatın real ehtiyaclarına uyğunlaşdırılması və gələcək elmi-texniki əməkdaşlıq üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Görüşün gələcəkdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə və innovativ elmi nəticələrin sənayedə tətbiqinə xidmət edəcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.