Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş jurnalların xüsusi buraxılışları işıq üzü görüb
07.05.2021 20:25
  • A-
  • A
  • A+

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş jurnalların xüsusi buraxılışları işıq üzü görüb

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən akademik Fikrət Əliyev bildirib ki, Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın və Təhsil Nazirliyinin birgə Tədbirlər planına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilən “Applied and Computational Mathematics” jurnalının “Fuzzy logic and its application to modelling epidemies: Coronavirus and beyond” mövzusunda, eləcə də “TWMS Journal of Pure and Applied  Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future” mövzusunda xüsusi buraxılışları nəşr olunub.

Alim bildirib ki, baş redaktorları akademiklər Əli Abbasov, Fikrət Əliyev və ukraynalı professor Vladimir Larin olan “Applied and Computational Mathematics” jurnalının xüsusi buraxılışı Lütfi Zadə nəzəriyyəsinin COVID-19-a tətbiqi ilə bağlı məqalələri özündə cəmləşdirib. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub.

Qeyd edək ki, buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə dünyaca tanınmış məşhur alim Tijuana Texnologiya İnstitutunun (Meksika) professoru Oskar Kastillo, digər dəvətli redaktorlar isə Zakia Hammouç (Harran Universiteti, Türkiyə), Abdon Atanqana (Azad Dövlət Universiteti, Cənubi Afrika), Kruz Varqas De Len (Guerrero Muxtar Universiteti, Meksika), Karam Allalidir (Kasablanka II Həsən Universiteti, Mərakeş).

Fikrət Əliyev vurğulayıb ki, “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının bu dəfəki xüsusi buraxılışında dərc olunan məqalələr Lütfi Zadə nəzəriyyəsi ilə bağlıdır.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə tanınmış alim İrina Perfiliyeva (Ostrava Universiteti, Çex Respublikası), digər dəvətli redaktorlar isə Didier Dubois (Paul Sabatier Universiteti, Toulouse, Franca), Etienne E.Kerre (Ghent Universiteti, Belçika), Uitold Perdiç (Faculty of Engineering – Electrical & Computer Engineering Dept, Kanada), Əli Abbasovdur (AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan).

Onun sözlərinə görə, adıçəkilən hər iki jurnalın xüsusi buraxılışlarının coğrafi arealı Fransa, Kanada, Polşa, ABŞ, Çex Respublikası, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Latviya, Belçika, Azərbaycan, Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran kimi ölkələri özündə birləşdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: