Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

"Nizami Gəncəvinin əsərlərində iqtisadi motivlər" mövzusunda seminar keçirilib
04.05.2021 11:30
  • A-
  • A
  • A+

"Nizami Gəncəvinin əsərlərində iqtisadi motivlər" mövzusunda seminar keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda "Nizami Gəncəvinin əsərlərində iqtisadi motivlər" mövzusunda elmi seminar təşkil olunub.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, i.e.d., professor Nazim İmanov bildirib ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Bununla bağlı ölkənin müxtəlif qurumları tərəfindən, o cümlədən AMEA-da silsilə tədbirlər keçirilir. İqtisadiyyat İnstitutunda da dahi şairə həsr olunan elmi seminar bu qəbildəndir.

Seminarda müəssisənin İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov “Nizami Gəncəvinin əsərlərində iqtisadi motivlər" mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı bildirib ki, dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi öz dövrünün ictimai-iqtisadi münasibətlərinə, ziddiyyətlərinə biganə qalmayıb, öz əsərlərində iqtisadi baxışlarını da əks etdirib. Şair öz poemalarında “dövlət”, “sərvət”, “pul”, “qızıl” və s. kimi anlayışlar işlədir. Lakin şair, əsil dəyərin maddi deyil, bu fani dünyada mənəvi ünsürlərə aid olması fikrində idi. Belə bir yanaşma Nizaminin tam olaraq tərki dünya olması demək deyildir. Nizaminin əsərlərində torpaq istehsal prosesinin ən qiymətli və təbii vasitəsi kimi səciyyələndirilir. Onun fikrincə “Bütün gövhərlər parıldasalar da, onların hamısından bahalısı torpaqdır”. Buna görə də o, torpağı qorumağı, onu çirkləndirməməyi, məsləhət görürdü. O, insanlara, torpaq sahiblərinə müraciətlə deyir ki: ”Bu torpağın qiymətini yüksək tut, ey naşükür, həmin torpağa görə şükr eylə... Bu torpağın ürəyində çoxlu xəzinə var”. Bu xəzinə insanları yemək, geymək və bütün yaşayış vasitələri ilə təmin edən bir anbardır. O deyirdi: “Torpağa mərhəmət göstərsən gül verər, zülm etsən isə tikan verər”.

S.Səməndərov qeyd edib ki, böyük mütəfəkkirin yaradıcılığında əməyə yüksək qiymət verilib. Nizami xış, kotan, bel və s. alətlərlə torpağı əkib-becərənlərin, maldarların və çobanların, əli, dırnağı və alnının təri ilə məhsul hasil edənlərin əməyini ən yüksək və şərəfli iş hesab edib. Nizami ideyalarında daha bir mühüm məqam kimi elmə verilən yüksək qiymətdir. “Qüvvət elmdədir”, ”Bilikli adamlar uzağı görər” deyən Nizami elmi biliklərin cəmiyyət həyatında yeri haqqında xüsusi dünyagörüşə sahib olan mütəfəkkir kimi dəyərləndirliməlidir. Nizami deyirdi ki, məna yolunda yürü, bilik başın tacıdır. Daha sonra “Leyli və Məcnunda” on iki elmdən və bu elmlərin sirlərindən, hər bir elmin müxtəlif peşəkarlıq səviyyəsindən bəhs edir, oğlu Məhəmmədə faydalı elm axtrmağı tövsiyə edir.

Məruzəçi vurğulayıb ki, Nizami yaradıcılığında ədalətli, xeyirxah hökmdarın taxta çıxması cəmiyyətdə bütün problemlərin (o cümlədən iqtisadi) ədalətli həlli və insanların rifah və əmin-amanlığa qovuşmasının ən düzgün yolu kimi dəyərləndirilib. Şair-mütəfəkkir ədalət və xeyirxahlıqla və bunun əksi olan zülm və zorakılıqla idarəetmənin iqtisadi nəticələri ilə bağlı fikirlər irəli sürüb. Eyni zamanda araşdırmlar belə deməyə əsas verir ki, XII əsrdə qərbi Avropadan daha erkən utopik hesab edilən ideyalar Nizami yaradıcılığında özünə yer alıb. Nizami poemalarında bac, xərac, cizyə və s. kimi vergi növlərindən bəhs edilir, sələmə qarşı kəskin etiraz var idi. Dahi şair insanlara mal-mülk, sərvət düşkünlüyündən uzaq olmağa, qənaətçiliyə çağırırdı. Daha vacib bir məqam onun poemalarında sosial həmrəylikvə harmoniyanın əldə olunması ilə bağlı ideyaların da səslənməsidir. Nizami  dünyagörüşündə insanların cəmiyyət halında yaşaması, hamının bir-birindən asılı olması, birlikdə sərvət yaratması və bir-birlərinə xidmət göstərməsi təbii hesab edilib. Dövlətin və cəmiyyətin ədalət, qayda-qanun və xeyirxahlıqla idarə edilməsi ilə bağlı fikirlər bir qədər fərqli sözlərlə Nizami Gəncəvinin demək olar ki, bütün poemalarında səslənib.

Sonda məruzəçi sualları cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: