Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

Şərqşünaslıq İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib
07.05.2021 15:55
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi qeyd edilib.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək Azərbaycan xalqının həyatında ulu öndərin əvəzedilməz rolundan danışıb. O, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrünün dahi liderin adı ilə sıx bağlı olduğunu və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunduğunu qeyd edib.

Ulu öndərin sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi illərdə gördüyü işlərdən söz açan akademik onun müstəqilliyin ilk ağır illərində hakimiyyətə qayıdıb böyük müdrikliyi ilə, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizi bütün çətinliklərdən xilas edərək inkişafının əsasını qoyduğunu, Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət qurduğunu söyləyib. Bundan əlavə, dahi rəhbərin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıb.

G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini vurğulayıb. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan G.Baxşəliyeva onun həmin görüşdə söylədiyi sözləri diqqətə çatdırıb. Akademik  həmin görüşdən sonra ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlərin həyata keçirildiyini, Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusunun verildiyini qeyd edib.

 Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, ulu öndərin ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha uca zirvələrə apardığını söyləyib: “Bu gün sevinc hissi ilə bildiririk ki, keçən ilin payızında ulu öndərin ən böyük arzusu – doğma Qarabağımızın işğaldan azad olunması Ali Baş Komandan İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Biz xoşbəxtik ki, böyük zəfərimizin şahidi olduq və elliklə Qarabağımıza qayıdırıq”.

Sonra institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova və başqaları çıxış edərək müstəqil Azərbaycan dövlətinin əsasını qoymuş ulu öndərin suveren Azərbaycanın inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıblar. Çıxış edənlər Heydər Əliyevin dövlətçiliyimizin memarı, ölkəmizdə sabitliyin təminatçısı olduğunu söyləyərək ümummilli liderin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışıb, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: