Xəlilov Zahid İsmayıl oğlu


Xəlilov Zahid İsmayıl oğlu 14 yanvar 1911-ci ildə Tiflis şəhərində anadan olmuşdur.

1962-67-ci illərdə Az. SSR EA Prezidenti olmuşdur.

O, 1944-60-cı illərdə BDU-da nəzəri mexanika kafedrasının müdiri, 1950-56 və 1967-74-cü illərdə Riyaziyyat və Mexanika institutunun direktoru, 1957-59-cu illərdə Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, EA vitse-prezidenti seçilmişdir. Əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa səhələrinə aiddir. Azərbaycanın ilk riyaziyyatçılarından biri olan alim funksional analiz məktəbinin əsasını qoymuşdur. Poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, dəyişənlərinə ayrılmayan qarışıq məsələlərin həlli üçün Furye üsulunun analoqunu, qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu vermişdir. O, mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaratmış, yeraltı hidromexanikanın neft və qaz yataqlarının işlənməsində tətbiq olunan bir çox məsələnin həllini vermiş, Banax fəzasında öz-özünə qoşma olmayan operatorun spektrini tədqiq etmişdir.

Yüksəkixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var. Xəlilov Zahid İsmayıl oğlu Bakı funksional analiz məktəbinin banisidir. O, Azərbaycan riyaziyyatçılar cəmiyyətinin prezidenti seçilmişdir.

Xəlilov Zahid İsmayıl oğlu 4 fevral 1974-cü ildə Bakı şəhərində vəfat etmişdir.

 
 (1911-1974)