Qaşqay Mirəli Seyidəli oğlu

Dünya şöhrətli geoloq Mirəli Seyidəli oğlu Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur.

1912-ci ildə Gəncə gimnaziyasında təhsil almışdır. 1924-cü ildə Azərbaycan Politexnik İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. O, 1930-cu ildə Zəylik alunit yatağının geoloji-kəşfiyyat işlərinə rəhbərlik etmişdir. 1930-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun (Sankt-Peterburq) aspiranturasında təhsil almışdır. Moskva şəhərində SSRİ Elmlər Akademiyası Geologiya Elmləri İnstitutunun ixtisas komissiyasının iclasında "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

M.Qaşqay Azərbaycanın bir çox bölgələrində geniş geoloji tədqiqat işləri aparmış, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyasını və mineralogiyasını hərtərəfli öyrənmişdir. Onun bir çox əsələri, o cümlədən “Dünya alunit yataqlarının tədqiqi”nə dair iki cildlik əsəri ölkə geoloq-mineroloqlarının masaüstü kitabına çevrilmişdir.

Akademik M.Qaşqay filiz əmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir. O, nəinki görkəmli alim, həm də bacarıqlı elm təşkilatçısı idi. M.Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun təsisçilərindən biri olmuşdur. Onun təşəbbüsü və köməyi ilə Azərbaycan Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır. Uzun illər ərzində akademik M.Qaşqay Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və mineralokimyası şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaratmışdır.

M.Qaşqay 1942-ci ildə "Azərbaycanın əsas və ultrahəssas süxurları sahəsində mineraloji-petroqrafik tədqiqatlar" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

1944-cü ildə M.Qaşqay "Qafqazın müdafiəsinə görə", 1946-cı ildə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları və “Qırmızı Əmək Bayrağı" ordeni ilə mükafatlandırılmışdır.

M.Qaşqay 1945-ci ildə Azərbaycan EA həqiqi üzvü və birinci akademik-katib vəzifəsinə seçilmiş və 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin professoru elmi rütbəsi almışdır.

M.Qaşqay Britaniya, İrlandiya və Amerika Mineralogiya cəmiyyətlərinin həqiqi üzvü seçilmişdir. O, 1967-ci ildə sovet nümayəndə heyətinin tərkibində Paquoş Sülh Konfransının işində iştirak etmişdir. Onun "Yeraltı sərvətlərin vəhşicəsinə istismarı haqqında" və "Ərəb şərqi və onun təbii sərvətləri" mövzularında etdiyi çıxışları o dövrün tərəqqipərvər dairələrində böyük marağa səbəb olmuşdur.

M.Qaşqayın Yer elmləri sahəsindəki xidmətləri xaricdə geniş qeyd edilmişdir. Onun elmi əsərləri AFR, İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada və başqa ölkələrdə çap olunmuş, adı görkəmli alim kimi bir çox ölkələrin ensiklopediya və məlumat kitablarına (“Kim kimdir” – Avstriya, “Kim kimdir” – ABŞ, Çikaqo) daxil edilmişdir.

Alim Azərbaycanın hidrokimyəvi rayonlaşdırılmasının əsas prinsiplərini işləyib hazırlamış və respublikanın bütün ərazisi üzrə 5000 m-ə qədər dərinlik istiliyinin yayılma qanunauyğunluqlarını əks etdirən orijinal “Azərbaycanın geotermik xəritəsi”ni tərtib etmişdir.

M.Qaşqayın "Zəylik yatağında alunitləşmə və kaolinləşmə", "Azərbaycanın əsas və ultrahəssas süxurları", "Azərbaycanın mineral qaynaqları", "Tərtər çayının yuxarı axarının geologiyası", "Şuşa rayonunun geoloji-petroqrafik xarakteristikası, mineral qaynaqları və faydalı qazıntıları", "Listve-nitlər, onların genezisi və təsnifatı" və başqa fundamental əsərləri SSRİ-də və bir çox xarici ölkələrdə yaxşı məlum idi. O, yeddicildlik "Azərbaycan geologiyası" nəşrinin tərtibatçılarından biri olmuşdur.

Akademik M.Qaşqayın rəhbərliyi altında geologiya elminin müxtəlif istiqamətləri üzrə 60 nəmizədlik və 10-dan çox doktorluq dissertasiyası müdafiə olunmuşdur.

M.Qaşqay keçmiş Sovet İttifaqında Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri və həqiqi, Lvov Geologiya Cəmiyyətinin, SSRİ EA Yer Elmləri Bölməsinin nəzdindəki Petroqrafiya Komitəsinin üzvü seçilmişdir. O, “Azərbaycan sovet ensiklopediyası” baş redaksiyasının, Terminologiya Komitəsinin, “Sovet geologiyası” və “Azərbaycan SSR EA-nın Xəbərləri” (Yer elmləri seriyası) jurnallarının redaksiya heyətinin üzvü olmuşdur.

Görkəmli alim-geoloq Əməkdar elm xadimi adına layiq görülmüşdür. Tanınmış geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın akademiki, Əməkdar elm və texnika xadimi, Azərbaycan SSR EA akademik-katibi Mirəli Qaşqay 23 aprel 1977-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.