Osipov Yuriy Serqeeviç

Osipov Yuri Sergeyeviç 7 iyul 1936-cı ildə Tobolsk şəhərində anadan olmuş­dur. Ural Dövlət Universitetini mexanika ixtisası üzrə bitirmişdir (1959). 1961-1969-cu illər­də aspirant, asisstent və dosent olmuşdur. 1965-ci ildə elmlər na­mizədi, 1971-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik də­rə­cəsini, 1975-ci ildə professor elmi adını almışdır.

 SSRİ EA Ural Bölməsinin Riyaziyyat və Mexanika İnstitutunda laboratoriya, şöbə müdiri (1972-1993), direktor (1986-1993) is­lə­mişdir. 1993-cü ilin iyun ayın­dan Rusiya EA V.A.Steklov adına Riyaziyyat İnstitutunun direktoru (1993-2004) olmuşdur. 1989-cu ildən MDU-nun  professoru, 1992-ci ildən kafedra müdiridir. 1984-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1987-ci ildə həqiqi üzvü seçilmişdir. Rusiya Elmlər Akademiyasının prezidenti olmuş­dur (1991-2013).

Tətbiqi riyaziyyat və mexanika sahəsində tanınmış mütəxəssisdir. Elmi fəa­liyyətinin əsas istiqamətləri idarəetmə nəzəriyyəsi, diferensial tənliklər nəzə­riy­yəsi və onların tətbiqlərinə həsr olunmuşdur. Elm və texnika sahəsin­də Lenin mükafatı (1976) və Rusiya Federasiyasının Dövlət Mükafatı Laureatıdır (1993), bir sıra xarici elm və təhsil mərkəzlərinin fəxri üzvü və doktoru se­çil­mişdir. Rusiya Elm və Texnika sahəsində Dövlət mükafatı Komissiyasının, Kosmos üzrə Ekspert Komissiyasının sədri olmuşdur.

“Elm və bəşəriyyət” illik jurnalının, “Hesablama riyaziyyatı və riyazi fizika” jurnalının baş redaktoru, “Diferensial tənliklər”, “Riyazi oyun nəzə­riy­yəsi və onun tətbiqləri” jurnallarının redaksiya heyətinin üzvüdür.

Gecikən arqumentli diferensial tənliklərlə təsvir olunan stasionar və döv­rü dinamik sistemlərin stabilləşdirilməsinin bitkin nəzəriyyəsini yarat­mış, on­ların idarə olunmasının konstruktiv lokal prinsipini müəyyən etmişdir. Gecikən arqu­mentli dinamik sistemlər üçün diferensial oyun nəzəriy­yəsini yaratmışdır. Faza vəziyyətləri sonsuz ölçülü fəzalar olan konfliktli idarə olunun sis­temlər üçün antoqonist mövqeli diferensial oyun nəzəriyyəsini yaratmışdır.

Y.Osipovun əldə etdiyi nəticələr yeni texnikanın nümunələrinin yara­dılma­sına həsr olunmuş tətbiqi mövzularda reallaşdırılır. O, xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkətinin rəvanlığı və dayanıqlığına həsr olunmuş silsilə tədqiqatlar aparmışdır. Uçan aparatların yaradılmasına həsr olunmuş geniş əhatəli təcrübə-konstruktor işlərinin rəhbəri olmuşdur.

Y.Osipov 2002-ci il mayın 22-də Azərbaycan MEA-nın fəxri (xarici) üzvü se­çilmişdir.