Osipov Yuri Sergeyeviç 7 iyul 1936-cı ildə Tobolsk şəhərində anadan olmuşdur. Ural Dövlət Universitetini mexanika ixtisası üzrə bitirmişdir (1959). 1961-1969-cu illərdə aspirant, asisstent və dosent olmuşdur. 1965-ci ildə elmlər namizədi, 1971-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini, 1975-ci ildə professor elmi adını almışdır. SSRİ EA Ural Bölməsinin Riyaziyyat və Mexanika İnstitutunda laboratoriya, şöbə müdiri (1972-1993), direktor (1986-1993) isləmişdir. 1993-cü ilin iyun ayından Rusiya EA V.A.Steklov adına Riyaziyyat İnstitutunun direktoru (1993-2004) olmuşdur. 1989-cu ildən MDU-nun professoru, 1992-ci ildən kafedra müdiridir. 1984-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1987-ci ildə həqiqi üzvü seçilmişdir. Rusiya Elmlər Akademiyasının prezidenti olmuşdur (1991-2013). Tətbiqi riyaziyyat və mexanika sahəsində tanınmış mütəxəssisdir. Elmi fəaliyyətinin əsas istiqamətləri idarəetmə nəzəriyyəsi, diferensial tənliklər nəzəriyyəsi və onların tətbiqlərinə həsr olunmuşdur. Elm və texnika sahəsində Lenin mükafatı (1976) və Rusiya Federasiyasının Dövlət Mükafatı Laureatıdır (1993), bir sıra xarici elm və təhsil mərkəzlərinin fəxri üzvü və doktoru seçilmişdir. Rusiya Elm və Texnika sahəsində Dövlət mükafatı Komissiyasının, Kosmos üzrə Ekspert Komissiyasının sədri olmuşdur. “Elm və bəşəriyyət” illik jurnalının, “Hesablama riyaziyyatı və riyazi fizika” jurnalının baş redaktoru, “Diferensial tənliklər”, “Riyazi oyun nəzəriyyəsi və onun tətbiqləri” jurnallarının redaksiya heyətinin üzvüdür. Gecikən arqumentli diferensial tənliklərlə təsvir olunan stasionar və dövrü dinamik sistemlərin stabilləşdirilməsinin bitkin nəzəriyyəsini yaratmış, onların idarə olunmasının konstruktiv lokal prinsipini müəyyən etmişdir. Gecikən arqumentli dinamik sistemlər üçün diferensial oyun nəzəriyyəsini yaratmışdır. Faza vəziyyətləri sonsuz ölçülü fəzalar olan konfliktli idarə olunun sistemlər üçün antoqonist mövqeli diferensial oyun nəzəriyyəsini yaratmışdır. Y.Osipovun əldə etdiyi nəticələr yeni texnikanın nümunələrinin yaradılmasına həsr olunmuş tətbiqi mövzularda reallaşdırılır. O, xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkətinin rəvanlığı və dayanıqlığına həsr olunmuş silsilə tədqiqatlar aparmışdır. Uçan aparatların yaradılmasına həsr olunmuş geniş əhatəli təcrübə-konstruktor işlərinin rəhbəri olmuşdur. Y.Osipov 2002-ci il mayın 22-də Azərbaycan MEA-nın fəxri (xarici) üzvü seçilmişdir. |
|