Abdullayev Əsgər Ələkbər oğlu

Abdullayev Əsgər Ələkbər oğlu 1927-ci il yanvarın 1-də Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuşdur.

1949-cu ildə Azərbaycan Sənaye İns­ti­tutunun Energetika fakültəsini bitir­mişdir. Texnika elmləri üzrə fəlsəfə doktoru (1953), elmlər doktoru (1969) alimlik dərəcəsini, professor elmi adını (1970) almış, AEA-nın mux­bir üzvü seçilmişdir (1969).

 Azərbaycan Neft Maşınqayırma İns­ti­tutunda laboratoriya müdiri (1954), Neftkimyaavtomat ETLİ-də direktor müa­vini (1957), 1959-cu ildən direktor, Neftkimyaavtomat EİB-in baş direktoru (1985-ci ildən), Baş elmi məsləhətçisi (1994-cü ildən) olmuşdur.

Ə.Ə.Abdullayevin elmi fəaliyyətinin əsas istiqamətləri neft, qaz, neft-kimya, neft emalı obyektləri üçün avtomat idarəetmə sistemlərinin (AİS) yaradılması ol­muşdur. İlk dəfə olaraq neft sənayesinin avtomatlaşdırıl­ma­sı­nın vahid texni­ki, informasiya və təşkilati təminatlı çoxsəviyyəli və çox­konturlu sistem prin­sipini təklif etmişdir. Rəhbərliyi ilə keçmiş SSRİ-də ilk dəfə olaraq neftçıxarma müəs­sisəsinin kompleks avtomatlaşdırılma layihəsi işlənmiş, texnoloji proses­lə­­rin ilk AİS sistemi - “Krekinq” sənaye istismarına verilmiş, bu sistemlərdə ilk dəfə olaraq adaptiv idarəetmə prinsipi reallaşdı­rıl­mışdır. Neft sənayesində ilk dəfə olaraq BaşTümenNeftQaz, Xəzərdəniz­neftqaz, Manqışlaqneft, Uzenneft İB-də qazlift üsulu ilə neftçıxarma pro­ses­lərinin bilavasitə rəqəmli AİS yaradılmış­dır. Radio və kabelli rabitə kanal­larının istifadəsi ilə mikro-EHM və inteqral mikrosxemlər əsa­sında unifika­siya olun­muş element bazasına malik idarəedi­ci-hesablayıcı tele­komplekslər, mikro “Vikinq” quyu terminalı, neft və qaz çı­xar­­ma üçün TM-Qaz (Urenqoy qazkon­densant yatağı üçün), vertikal drenaj üçün TM-Drenaj, dəniz neft mə­dənləri və qazma obyektləri üçün TM-Şelf və “Neptun” kompleksləri yara­dıl­mışdır. İlk dəfə olaraq çoxsəviyyəli neftçıxarma obyektlərinin idarəetmə sis­tem­lərinin (Bakı sistemi) müxtəlif üsullarla yaradıl­masında optimal idarə­etmə məsələləri kompleks şəkildə həll edilmişdir. Kəskin iqlim şəraitinə ma­lik rayon­lar üçün (Qərbi Sibir rayonları, Urenqoy və s.) –  50° C temperatura dözümlü mik­roprosessorlu terminallar (Araz terminalı) işlənib hazır­lan­mış­dır. Kontinental şelfin obyektlərinin istifadəsi əsasında neft hasila­tının artırıl­ması üçün dərin su­larda dəniz kəşfiyyat quyularının qazılması pro­ses­lərinin lokal idarəetmə sis­temləri yaradılmış, kontinental şelfdə 200 metr dərinlikdə 6000 m-lik kəşfiyyat quyularının qazılması üçün yarıbatırılmış üzən qazma qurğuları yaradılmış və seriya ilə istehsal edilmişdir. Neft sənayesinin AİS sahəsində yaratdığı elmi məktəb yaxın və uzaq xaricdə tanınır. 19 kitab və vəsait, 200-dən artıq məqalə və 70-dən çox ixtiranın müəllifi olmuşdur. Rəh­bərliyi ilə 50-dən çox namizədlik və doktorluq dissertasiyaları müdafiə edil­mişdir. “Oktyabr inqilabı” (1976), “Qır­mızı Əmək Bayrağı” (1971), “Şərəf nişa­nı” (1966) ordenləri, “Əməkdə igidliyə görə” yubiley medalı (1970) ilə təltif edilmişdir.

Azərbaycanda texnika sahəsində ilk dəfə SSRİ Dövlət Mükafatı laurea­tı (1969), SSRİ Nazirlər Soveti mükafatı laureatı olmuş (1988), Əməkdar mü­hən­dis adına layiq görlmüşdür.

AMEA-nın müxbir üzvü Əsgər Abdullayev 1998-ci ildə Bakıda vəfat etmişdir.

(1927-1998)