Abdullayev Əsgər Ələkbər oğlu 1927-ci il yanvarın 1-də Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuşdur.
1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsini bitirmişdir. Texnika elmləri üzrə fəlsəfə doktoru (1953), elmlər doktoru (1969) alimlik dərəcəsini, professor elmi adını (1970) almış, AEA-nın muxbir üzvü seçilmişdir (1969). Azərbaycan Neft Maşınqayırma İnstitutunda laboratoriya müdiri (1954), Neftkimyaavtomat ETLİ-də direktor müavini (1957), 1959-cu ildən direktor, Neftkimyaavtomat EİB-in baş direktoru (1985-ci ildən), Baş elmi məsləhətçisi (1994-cü ildən) olmuşdur. Ə.Ə.Abdullayevin elmi fəaliyyətinin əsas istiqamətləri neft, qaz, neft-kimya, neft emalı obyektləri üçün avtomat idarəetmə sistemlərinin (AİS) yaradılması olmuşdur. İlk dəfə olaraq neft sənayesinin avtomatlaşdırılmasının vahid texniki, informasiya və təşkilati təminatlı çoxsəviyyəli və çoxkonturlu sistem prinsipini təklif etmişdir. Rəhbərliyi ilə keçmiş SSRİ-də ilk dəfə olaraq neftçıxarma müəssisəsinin kompleks avtomatlaşdırılma layihəsi işlənmiş, texnoloji proseslərin ilk AİS sistemi - “Krekinq” sənaye istismarına verilmiş, bu sistemlərdə ilk dəfə olaraq adaptiv idarəetmə prinsipi reallaşdırılmışdır. Neft sənayesində ilk dəfə olaraq BaşTümenNeftQaz, Xəzərdənizneftqaz, Manqışlaqneft, Uzenneft İB-də qazlift üsulu ilə neftçıxarma proseslərinin bilavasitə rəqəmli AİS yaradılmışdır. Radio və kabelli rabitə kanallarının istifadəsi ilə mikro-EHM və inteqral mikrosxemlər əsasında unifikasiya olunmuş element bazasına malik idarəedici-hesablayıcı telekomplekslər, mikro “Vikinq” quyu terminalı, neft və qaz çıxarma üçün TM-Qaz (Urenqoy qazkondensant yatağı üçün), vertikal drenaj üçün TM-Drenaj, dəniz neft mədənləri və qazma obyektləri üçün TM-Şelf və “Neptun” kompleksləri yaradılmışdır. İlk dəfə olaraq çoxsəviyyəli neftçıxarma obyektlərinin idarəetmə sistemlərinin (Bakı sistemi) müxtəlif üsullarla yaradılmasında optimal idarəetmə məsələləri kompleks şəkildə həll edilmişdir. Kəskin iqlim şəraitinə malik rayonlar üçün (Qərbi Sibir rayonları, Urenqoy və s.) – 50° C temperatura dözümlü mikroprosessorlu terminallar (Araz terminalı) işlənib hazırlanmışdır. Kontinental şelfin obyektlərinin istifadəsi əsasında neft hasilatının artırılması üçün dərin sularda dəniz kəşfiyyat quyularının qazılması proseslərinin lokal idarəetmə sistemləri yaradılmış, kontinental şelfdə 200 metr dərinlikdə 6000 m-lik kəşfiyyat quyularının qazılması üçün yarıbatırılmış üzən qazma qurğuları yaradılmış və seriya ilə istehsal edilmişdir. Neft sənayesinin AİS sahəsində yaratdığı elmi məktəb yaxın və uzaq xaricdə tanınır. 19 kitab və vəsait, 200-dən artıq məqalə və 70-dən çox ixtiranın müəllifi olmuşdur. Rəhbərliyi ilə 50-dən çox namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. “Oktyabr inqilabı” (1976), “Qırmızı Əmək Bayrağı” (1971), “Şərəf nişanı” (1966) ordenləri, “Əməkdə igidliyə görə” yubiley medalı (1970) ilə təltif edilmişdir. Azərbaycanda texnika sahəsində ilk dəfə SSRİ Dövlət Mükafatı laureatı (1969), SSRİ Nazirlər Soveti mükafatı laureatı olmuş (1988), Əməkdar mühəndis adına layiq görlmüşdür. AMEA-nın müxbir üzvü Əsgər Abdullayev 1998-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1927-1998) |