Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Babayev Səfərəli Yaqub oğlu

S.Babayev 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Təzəkənd kəndində anadan olmuşdur.

S.Babayev 1940-cı ildə Naxçıvan Pedaqoji Texnikumunu, sonralar Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunu və Azərbaycan KP MK yanında Respublika Partiya Məktəbini fərqlənmə diplomları ilə bitirmişdir. Azərbaycan Respublikasının Əməkdar elm xadimi S.Babayev Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə elmlər doktoru, professor, Naxçıvan MR-in Əməkdar müəllimi, Azərbaycan Coğrafiya Cəmiyyəti Naxçıvan filialının sədri, Naxçıvan şəhər Ağsaqqallar Şurasının sədri olmuşdur.

S.Babayev 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

S.Babayev 1940-1947-ci illərdə Babək rayonu Xıncab kənd 7 illik orta məktəbində müəllim, dərs hissə müdiri, direktor, 1948-ci ildən sonra Azərbaycan Gənclər İttifaqı Naxçıvan vilayət komitəsinin ikinci katibi, Naxçıvan Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan MSSR Nazirlər Soveti Radio Verilişləri və Televiziya Komitəsinin sədri, Nazirlər Soveti sədrinin l-ci müavini, Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının direktoru vəzifələrində işləmişdir. S.Babayev üç çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1972-ci ildən Y.Məmmədəliyev adına Pedaqoji İnstitutunda, sonra Naxçıvan Dövlət Universitetinə çevrilmiş bu ali təhsil müəssisəsində dosent, dekan və kafedra müdiri vəzifələrində çalışmışdır.

S.Babayev Naxçıvan Coğrafiyaçılar Cəmiyyətinin rəhbəri olmuş, muxtar respublikada coğrafiyaçıların bir neçə nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərmişdir.

S.Babayevin elmi əsərləri əsasən Naxçıvan Muxtar Respublikasının fiziki-coğrafi xüsusiyyətlərinin, təbii sərvətlərinin, onlardan istifadə perspektivlərinin, toponimiyasının, coğrafiya tarixinin və s. öyrənilməsinə həsr edilmişdir. Alimin bir çox elmi-praktik təklifləri həyata keçirilmişdir. Onun rəhbərliyi ilə ilk dəfə muxtar respublikanın təbii şəraiti toplum halında öyrənilmiş, landşaftının təsnifatı, səciyyəsi, xəritəsi verilmişdir. “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasında Naxçıvan diyarının qədim Azərbaycan torpağı olduğu inandırıcı dəlillərlə sübut olunmuşdur. Bu əsərə görə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir. Onun 8-i xaricdə çap olunmaqla, ümumilikdə 85 elmi əsəri işıq üzü görmüşdür.

S.Babayev Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin, Nazirlər Kabinetinin Fəxri fərmanları və medallarla təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Səfərəli Babayev 2003-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir.

 

 (1923-2003)