Əhmədbəyli Fərhad Soltan oğlu

F.Əhmədbəyli 1923-cü il fevralın 12-də Bakı şəhərin­də ziyalı ailəsində anadan olmuşdur. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmişdir. 1950-ci ildə Azərbaycan Sə­naye İnstitutunun (indiki Azərbaycan Döv­lət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültə­sini bitirmişdir.

F.Əhmədbəyli 1954-cü ildə geologi­ya-mineralogiya üzrə fəlsəfə doktoru, 1964-cü ildə geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, 1972-ci ildə isə pro­fessor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçil­mişdir.

F.Əhmədbəyli əmək fəaliyyətinə AMEA-nın Geologiya İnstitutunda başla­ya­raq, böyük laborant, elmi işçi, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri vəzi­fələrində çalışmış, 2011-ci ildən etibarən həmin institutun Geotektonika və regional geologiya şöbəsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.

F.Əhmədbəyli regional geologiya, geotektonika və neotektonika sahə­lərində tanınmış alimdir. Azərbaycanda ilk dəfə neotektonika üzrə komp­leks elmi tədqi­qatların başlanması onun adı ilə bağlıdır. O, Azərbay­ca­nın iri struktur ele­ment­lərini öyrənmiş, müasir tektonik prosesləri və neotek­tonik hərəkətlərin neft-qazlılıq və seysmikliklə qarşılıqlı əlaqələri problem­lərini tədqiq etmişdir. Onun redaksiyası və işləyib hazırladığı üsul üzrə “Azərbaycanın neotektonik xəritəsi” tərtib edilərək dərc olunmuşdur (1991-ci il). “Xəzər dənizi və onun ha­şiyəsinin beynəlxalq tektonik xəritəsi”nin, Azərbay­canın seysmik rayonlaşdırma xəritəsi­nin, bir sıra geoloji təyinatlı xəritə və atlasların tərtibatçılarından biridir. Onun hazırkı elmi fəaliyyətinin əsas isti­qamətini Yer qabığının yerüstü və dərin­lik geoloji-tektonik quruluşu və geo­dinamik təkamülünün müasir modellərinin işlə­nib hazırlanması, müasir tek­tono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıq­ların müəyyən edilməsi təşkil edir. Onun iştirakı ilə Azərbaycan Respubli­kasının yeni geoloji, tektonik və neotektonik xəritələri işlə­nib hazırlanmış, “Azərbaycan Respublikasının Geoloji Ensiklopediyası”, həmçinin geoloji təyinatlı müxtəlif xəritələr üzərində işlər aparmışdır.  

F.Əhmədbəyli 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 mo­noqra­fiyanın müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə isti­nad olunur. Çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir. Beynəlxalq (STCU, SCOPES, CNRS) qrant layi­hələrinin iştirakçısı olmuşdur.

F.Əhmədbəylinin rəhbərliyi ilə 2 elmlər doktoru və 6 fəlsəfə dok­toru yetiş­dirilmişdir. AMEA-nın Geologiya və Geofizika İnstitutu nəzdində Dissertasiya Şurasının üzvü olmuşdur.

F.Əhmədbəyli İkinci Dünya müharibəsində iştirakına görə “Alma­niya üzə­rin­də qələbə” medalı ilə təltif edilmişdir. Prezident təqaüdçüsü olmuşdür.

Fərhad Əhmədbəyli 16 noyabr 2015-ci ildə vəfat etmişdir.

(1923-2015)