F.Əhmədbəyli 1923-cü il fevralın 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmişdir. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.
F.Əhmədbəyli 1954-cü ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1964-cü ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. F.Əhmədbəyli əmək fəaliyyətinə AMEA-nın Geologiya İnstitutunda başlayaraq, böyük laborant, elmi işçi, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri vəzifələrində çalışmış, 2011-ci ildən etibarən həmin institutun Geotektonika və regional geologiya şöbəsinin baş elmi işçisi vəzifəsində çalışmışdır. F.Əhmədbəyli regional geologiya, geotektonika və neotektonika sahələrində tanınmış alimdir. Azərbaycanda ilk dəfə neotektonika üzrə kompleks elmi tədqiqatların başlanması onun adı ilə bağlıdır. O, Azərbaycanın iri struktur elementlərini öyrənmiş, müasir tektonik prosesləri və neotektonik hərəkətlərin neft-qazlılıq və seysmikliklə qarşılıqlı əlaqələri problemlərini tədqiq etmişdir. Onun redaksiyası və işləyib hazırladığı üsul üzrə “Azərbaycanın neotektonik xəritəsi” tərtib edilərək dərc olunmuşdur (1991-ci il). “Xəzər dənizi və onun haşiyəsinin beynəlxalq tektonik xəritəsi”nin, Azərbaycanın seysmik rayonlaşdırma xəritəsinin, bir sıra geoloji təyinatlı xəritə və atlasların tərtibatçılarından biridir. Onun hazırkı elmi fəaliyyətinin əsas istiqamətini Yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşu və geodinamik təkamülünün müasir modellərinin işlənib hazırlanması, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi təşkil edir. Onun iştirakı ilə Azərbaycan Respublikasının yeni geoloji, tektonik və neotektonik xəritələri işlənib hazırlanmış, “Azərbaycan Respublikasının Geoloji Ensiklopediyası”, həmçinin geoloji təyinatlı müxtəlif xəritələr üzərində işlər aparmışdır. F.Əhmədbəyli 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir. Beynəlxalq (STCU, SCOPES, CNRS) qrant layihələrinin iştirakçısı olmuşdur. F.Əhmədbəylinin rəhbərliyi ilə 2 elmlər doktoru və 6 fəlsəfə doktoru yetişdirilmişdir. AMEA-nın Geologiya və Geofizika İnstitutu nəzdində Dissertasiya Şurasının üzvü olmuşdur. F.Əhmədbəyli İkinci Dünya müharibəsində iştirakına görə “Almaniya üzərində qələbə” medalı ilə təltif edilmişdir. Prezident təqaüdçüsü olmuşdür. Fərhad Əhmədbəyli 16 noyabr 2015-ci ildə vəfat etmişdir. |
|
(1923-2015)
|