Əlizadə Ağasəməd Əbdülhüseyn oğlu

Əlizadə Ağasəməd Əbdulhüseyn oğlu 1909-cu il martın 8-də Samaxı şəhə­rində ana­dan olmuşdur. 1931-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energe­tika fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktoru (1940), texnika üzrə elmlər doktoru elmi dərəcələrini (1948), 1949-cu ildə professor elmi adını almış, 1968-ci ildə AEA-nın müx­bir üzvü seçilmişdir.

A.Əlizadə SSRİ EA-nın Azərbaycan Filialının çöl ekspedisiyasında ildırım boşal­maları cərəyanının əsas parametrlərini tədqiq etmişdir (1938-1940). Bakı şəhəri İcra Hakimiyyəti sədrinin birinci müavini (1941-1944), Azərbaycan SSR Xarici İşlər nazirinin müavini (1944-1948) vəzifələrində işləmişdir. SSRİ EA Ener­ge­tika İnstitutunda tədqiqatçı (1948-1950), böyük elmi işçi (1950-1954), Azər­baycan Politexnik İnstitutunda kafedra müdiri (1954-1958), Azər­baycan Ener­getika İnstitutunda (AzET və LAEİ) şöbə müdiri (1959-1962), direktor (1962-1980), İldırım boşalmaları və ildırımdan mühafizə laboratoriyasının mü­diri və­zifələrində işləmişdir.

A.Əlizadənin əsas elmi istiqaməti təbii şəraitdə ildırım boşalmalarının əsas parametrlərinin və inkişaf mexanizminin kompleks tədqiqinə, dayaqlara və xətt hissələrinə ildırım zərbələri zamanı ildırım cərəyanı amplitudunun və cəbhəsinin dikliyinin ölçülməsinə və ildırımdan mühafizənin tətbiqinə həsr edilmişdir. Texnika sahəsində Azərbaycanın ilk fəlsəfə doktoru və elmlər dok­to­rudur. Respublikanın su və külək enerji ehtiyatlarının tədqiqi ilə də məşğul olmuşdur. SSRİ-də ildırım boşalmalarının inkişafı və ildırım cərəyanı para­metrlərinin geniş şəkildə çöl şəraitində öyrənilməsinin ilkin təşəbbüskar­la­rın­dan biri olmuşdur. Çöl şəraitində tədqiqatları bunun üçün xüsusi yara­dıl­mış laboratoriyalarda, 1960-1968-ci illərdə Şamaxı rayonunda N.Tusi adına Rəsəd­xananın yaxınlığında,1969-1981-ci illərdə Şuşa şəhərinin yaxnlığında, həm­çinin 1964-1976-cı illərdə “Azərenerji”nin 110, 220 və 330 kV EVX-də, Zaqaf­qaziya ərazisində yerləşən radio-televiziya qüllələrində və bu kimi başqa yer­lər­də aparılmışdır. Respublikamızda alternativ enerji mənbələrindən istifadə sahəsində Dövlət proqramında tikintisi nəzərdə tutulan külək elektrik stansi­yalarının layihələndirilməsində A.Əlizadənin apardığı tədqiqatların nəticələ­rinindən istifadə olunmuşdur.

A.Əlizadə SSRİ EA Energetika İnstitutunda işlədiyi müddətdə 400 kV-lıq Kuy­bışev-Moskva hava xəttinin və dövlət əhəmiyyətli bir sıra xüsusi obyekt­lərin ildırımdan mühafizə işlərinin yerinə yetirilməsində bilavasitə iştirak etmişdir.

220-dən çox elmi əsərin, 6 monoqrafiyanın və 10-dan artıq ixtiranın müəl­lifidir. Rəhbərliyi altında 20-dən artıq fəlsəfə doktoru və elmlər doktoru hazır­lanmışdır.

A.Əlizadə 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş, SSRİ-nin Fəxri ener­getiki adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Ağasəməd Əlizadə 1990-cı ildə Bakı şəhə­rində vəfat etmişdir.

(1909-1990)