Əlizadə Ağasəməd Əbdulhüseyn oğlu 1909-cu il martın 8-də Samaxı şəhərində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktoru (1940), texnika üzrə elmlər doktoru elmi dərəcələrini (1948), 1949-cu ildə professor elmi adını almış, 1968-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir.
A.Əlizadə SSRİ EA-nın Azərbaycan Filialının çöl ekspedisiyasında ildırım boşalmaları cərəyanının əsas parametrlərini tədqiq etmişdir (1938-1940). Bakı şəhəri İcra Hakimiyyəti sədrinin birinci müavini (1941-1944), Azərbaycan SSR Xarici İşlər nazirinin müavini (1944-1948) vəzifələrində işləmişdir. SSRİ EA Energetika İnstitutunda tədqiqatçı (1948-1950), böyük elmi işçi (1950-1954), Azərbaycan Politexnik İnstitutunda kafedra müdiri (1954-1958), Azərbaycan Energetika İnstitutunda (AzET və LAEİ) şöbə müdiri (1959-1962), direktor (1962-1980), İldırım boşalmaları və ildırımdan mühafizə laboratoriyasının müdiri vəzifələrində işləmişdir. A.Əlizadənin əsas elmi istiqaməti təbii şəraitdə ildırım boşalmalarının əsas parametrlərinin və inkişaf mexanizminin kompleks tədqiqinə, dayaqlara və xətt hissələrinə ildırım zərbələri zamanı ildırım cərəyanı amplitudunun və cəbhəsinin dikliyinin ölçülməsinə və ildırımdan mühafizənin tətbiqinə həsr edilmişdir. Texnika sahəsində Azərbaycanın ilk fəlsəfə doktoru və elmlər doktorudur. Respublikanın su və külək enerji ehtiyatlarının tədqiqi ilə də məşğul olmuşdur. SSRİ-də ildırım boşalmalarının inkişafı və ildırım cərəyanı parametrlərinin geniş şəkildə çöl şəraitində öyrənilməsinin ilkin təşəbbüskarlarından biri olmuşdur. Çöl şəraitində tədqiqatları bunun üçün xüsusi yaradılmış laboratoriyalarda, 1960-1968-ci illərdə Şamaxı rayonunda N.Tusi adına Rəsədxananın yaxınlığında,1969-1981-ci illərdə Şuşa şəhərinin yaxnlığında, həmçinin 1964-1976-cı illərdə “Azərenerji”nin 110, 220 və 330 kV EVX-də, Zaqafqaziya ərazisində yerləşən radio-televiziya qüllələrində və bu kimi başqa yerlərdə aparılmışdır. Respublikamızda alternativ enerji mənbələrindən istifadə sahəsində Dövlət proqramında tikintisi nəzərdə tutulan külək elektrik stansiyalarının layihələndirilməsində A.Əlizadənin apardığı tədqiqatların nəticələrinindən istifadə olunmuşdur. A.Əlizadə SSRİ EA Energetika İnstitutunda işlədiyi müddətdə 400 kV-lıq Kuybışev-Moskva hava xəttinin və dövlət əhəmiyyətli bir sıra xüsusi obyektlərin ildırımdan mühafizə işlərinin yerinə yetirilməsində bilavasitə iştirak etmişdir. 220-dən çox elmi əsərin, 6 monoqrafiyanın və 10-dan artıq ixtiranın müəllifidir. Rəhbərliyi altında 20-dən artıq fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. A.Əlizadə 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş, SSRİ-nin Fəxri energetiki adına layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Ağasəməd Əlizadə 1990-cı ildə Bakı şəhərində vəfat etmişdir. |
|
(1909-1990) |