Gül Qasım Kazım oğlu

Q.Gül 1909-cu il dekabrın 31-də Şama­xı şə­hərində anadan olmuşdur. 1933-cü ildə Lenin­qrad Dəniz Nəqliyyatı Mühən­disləri İnstitutunu bitirmişdir.

Q.Gül 1947-ci ildə coğrafiya üzrə fəlsəfə dok­toru, 1951-ci ildə coğrafiya üzrə elmlər doktoru elmi dərəcələrini və profes­sor elmi adını almış, 1968-ci ildə Azərbay­can Elm­lər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir.

Q.Gül 24 yaşında Bakı Dəniz Texnikumuna (indiki Azərbaycan Döv­lət Dəniz Akademiyası) ilk azərbaycanlı rəis təyin edilmişdir. O, Azərbay­can Dövlət Univer­sitetində (indiki Bakı Dövlət Universiteti) Fiziki coğrafiya kafedrasının müdiri, 1954-1957-ci illərdə həmin universitetin elmi işlər üzrə prorektoru vəzifələrində işləmişdir. 1957-1962-ci illərdə AEA Coğrafiya İnstitutunun direk­toru, Xəzər prob­lemləri bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. Q.Gül Azərbaycan Dövlət Universitetinin Coğrafiya kafedrasın­da dərs demiş, həm də tədris və elmi hissə üzrə prorektor köməkçisi (1938-1941) vəzifələrində çalışmışdır. Müharibə illərində o, SSRİ Xalq Müdafiə Komitəsinin rabitə kurslarının siyasi rəhbəri olmuş (1941-1942), yerli səna­ye­yə rəhbərlik etmiş, Azərbaycan SSR Balıq Sənayesi Xalq Komi­təsinin flaq-şturmanı təyin edilmişdir.

Q.Gül Azərbaycanda okeanologiya məktəbinin banisi, Azərbaycanda ilk coğ­rafiya elmləri doktoru, coğrafiya sahəsində ilk professor, AEA-nın ilk coğrafi­ya­çı müxbir üzvü, ilk Xəzərşünas-okeanoloq olmuşdur. Xəzər dəni­zinin hidrolo­giyası ilk dəfə professor Q.Gülün doktorluq dissertasiyasında və bir sıra mono­qrafiyalarında dərin təhlil olunmuşdur.

Q.Gül 100-dən artıq elmi əsərin və 5 tədris kitabının müəllifidir. Azər­bay­canda fiziki coğrafiya üzrə ilk orta məktəb dərsliyi onun tərəfindən ha­zır­lan­mışdır. «Xəzər dənizi», “Qızılağac körfəzinin coğrafiyası», «Dənizdə neft mədən­ləri rayonlarının coğrafiyası», «Xəzərin qərb sahillərində dalğa­ların rejimi və dinamikası», «Meteorologiya və iqlimşünaslıq» kimi elmi əsərlərin müəllifidir.

Q.Gülün Azərbaycanda coğrafiya elminin inkişafında, xüsusilə Xəzər dənizi problemlərinin elmi həlli məsələsində dəyərli xidmətləri olmuşdur. 1959-cu ildə Nyu-Yorkda keçirilən okeanoloqların 1-ci Ümumdünya Qu­rultayında və 1960-cı ildə İsveçin Stokholm şəhərində beynəlxalq konfrans­da məruzələrlə çıxış etmişdir.

Q.Gülün Azərbaycanda coğrafiyaşünas alim kadrların hazırlanma­sın­da xid­mətləri böyükdür. O, milli dənizçi kadrlarının hazırlanması üçün Bakı Dəniz Texnikumu (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaratmışdır. Doğma dildə dərs və­saitlərinin olmadığı üçün o, rus dilindən “Naviqasiya”, “Dəniz prak­tikası”, “Dəniz astronomi­yası” və s. kitabları tərcümə edərək əlyazması şək­lində tələ­bələrə çatdırmışdır. 1957-1972-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyası Okeano­qrafiya İnstitutu Aral-Xəzər Bölməsinin və AEA-nın Xəzər Komissi­ya­sı­nın (1953-1972), 1958-1970-ci illərdə isə Azərbaycan SSR Coğrafiya Cəmiyyə­tinin sədri olmuşdur.

Q.Gül "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, bir çox diplom və fəxri adlara layiq görülmüşdür. Onun şərəfinə adlandırılmış “Professor Gül” bərəsi 1986-cı ildən Xəzər dənizində üzür.

AMEA-nın müxbir üzvü Qasım Gül 1972-ci ildə Bakıda vəfat etmişdir.

 (1909-1972)